Məhkəmə qərarları › İş №2(059)-299/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-299/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-299/2023 19.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 oktyabr 2021-ci il tarixdə bağlanmış Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə 01 saylı əlavəyə əsasən cavabdehdən 15989,80 manat məbləğində borcun və ödənilmiş 137,97 manat məbləğində dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən 26 oktyabr 2021-ci il tarixdə cavabdehlə bank hesabının açılması və hesabın idarə edilməsi üçün plastik kartın verilməsi razılaşdırılmış və həmin tarixdə sonuncuya plastik kart təqdim edilmişdir. Cavabdeh 01 noyabr 2021-ci il tarixdə hesabında olan vəsaitdən 15989,80 manat artıq məbləğdə vəsaiti məxaric etməklə, texniki overdrafta yol vermişdir. Müqavilənin şərtlərinə əsasən texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən kart hesabına artıq gəlmiş, mədaxil olunmuş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə Bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri geri qaytarmaq və ya hesabdan silinməsinə etiraz etməmək, eyni zamanda səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar etdikdə dərhal bankı məlumatlandırmaq müştərinin vəzifəsi kimi göstərilmişdir. Beləliklə, cavabdeh ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə, bu günədək geri qaytarmamışdır. 02 fevral 2023-cü il tarixdə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq sonuncu borcu ödəməkdən boyun qaçırmış, nəticədə cavabdehin iddiaçı banka 15989,80 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 26 oktyabr 2021-ci il tarixdə tərələr arasında bağlanmış razılaşmaya (02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər) əsasən İddiaçı ASC Cavabdeh bank hesabı açmaqla 12 ay müddətinə istifadə etməsi üçün ödəniş kartı təqdim etmiş və kart hesabının balansına müvafiq məbləğdə kredit vəsaitini köçürməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən 10 fevral 2023-cü il tarixə İddiaçı ASC-yə 15989,80 manat borcu vardır. İşdə olan 02 fevral 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcla əlaqədar İddiaçı ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 14 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ASC məhkəməyə müracət edərkən 137,97 (bir yüz otuz yeddi manat 97 qəpik) manat xərc (138,37 manat dövlət rüsumu və 0,40 qəpik bank əməliyyatlarının aparılması üçün xidmət haqqı) çəkmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 956.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Həmin Məcəllənin 960.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliyə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinin 10-cu paraqrafının 4-cü hissəsinin 32-ci bəndində texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən kart hesabına artıq gəlmiş, mədaxil olunmuş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə Bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri geri qaytarmaq və ya hesabdan silinməsinə etiraz etməmək, eyni zamanda səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar etdikdə dərhal bankı məlumatlandırmaq müştərinin vəzifəsi kimi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bankla Cavabdeh arasında 26 oktyabr 2021-ci il tarixdə bağlanmış razılaşmaya əsasən İddiaçı ASC Cavabdeh bank hesabı açmaqla, 12 ay müddətinə istifadə etməsi üçün ödəniş kartı təqdim etmiş və kart hesabının balansına müvafiq məbləğdə kredit vəsaitini köçürməyi öhdəsinə götürmüş, həmçinin sonuncu 01 noyabr 2021-ci il tarixdə hesabında olan vəsaitdən 15989,80 manat artıq məbləğdə vəsaiti məxaric etməklə, texniki overdrafta yol vermiş, habelə o, müxtəlif səbəblərdən kart hesabına texniki xəta nəticəsində artıq köçürülmüş vəsait barədə iddiaçı bankı məlumatlandırmamaqla, yanaşı həmin vəsaitdən istifadə etmişdir. Eyni zamanda, cavabdeh sözügedən müqavilə üzrə yaranmış borcu qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilənin şərtlərini pozaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Beləliklə, sözügedən müqavilə üzrə cavabdehin banka 15989,80 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15989,80 manat məbləğində borc və çəkilmiş 137,97 manat məbləğində məhkəmə xərci tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15989,80 (on beş min doqquz yüz səksən doqquz manat 80 qəpik) manat məbləğində borc və çəkilmiş 137,97 (bir yüz otuz yeddi manat 97 qəpik) manat məbləğində məhkəmə xərci tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar