Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-321/2024 20.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 may 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(059)-317/2019 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, eləcə də mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat məhkəmə xərcinin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə 18 may 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Övladı artıq böyüdüyü üçün müəyyən edilmiş aliment məbləği uşağın saxlanılması və maddi vəsaitlə həll olunan sosial təminatı üçün kifayət etmir. Belə ki, övladı artıq 2-ci sinif şagirdi olduğu üçün sonuncun təhsil xərcləri artmışdır. Bundan əlavə, ölkə üzrə uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Həmçinin, cavabdeh Bakı şəhərində yüksək mərtəbəli binaların tikintisində iş icraçı kimi işlədiyindən sonuncunun əmək haqqı məbləğində nəzərə çarpacaq dərəcədə artımlar baş vermişdir. Beləliklə, hazırda ödənilən aliment məbləği uşağın saxlanılması üçün yetərli deyildir. Buna görə də, tutulan alimentin məbləği yaşayış minimumu həddinə, yəni 235 manata çatdırılmalıdır. Bundan əlavə, o, aliment məbləğinin artırılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, sonuncu buna könüllü şəkildə əməl etmək istəməmişdir. Eyni zamanda, cavabdeh övladına yardım etmək üçün kifayət qədər maddi imkana malikdir. Bundan əlavə, o, mediasiya qurumuna müraciət edib, ilkin mediasiya sessiyasında iştirak etsə də, mübahisə həll olunmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, övladı Ülvinin artan tələbatını qarşılaya bilmir. Belə ki, övladının yaşı artdıqca geyim, qida və digər xərcləri də artmışdır. Bundan əlavə, oğlu Ülvin Siyəzən rayonunun Məşrif kəndində yerləşən məktəbdə oxumaqla yanaşı, Siyəzən şəhərində Azərbaycan dili və riyaziyyat fənləri üzrə repetitor yanında hazırlaşır və o, hər fənn üçün aylıq 35 manat olmaqla, cəmi 70 manat ödəniş edir. Bundan başqa, uşağı şəhər daxilində repetitor yanına getdiyi üçün aylıq təxminən 60 manatadək əlavə yol xərci də ödəyir. Eyni zamanda, o, Siyəzən şəhərinin Babək küçəsində yerləşən gözəllik salonunda saç ustası işləməklə, aylıq 300 manatadək gəlir əldə edir. Buna baxmayaraq, aylıq əldə etdiyi gəlir və ödənilən aliment məbləği ilə hazırda yüksək olan geyim, qida, təhsil və digər zəruri xərcləri qarşılamaqda çətinlik çəkir. Bu səbəblə də, alimentin artırılmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, dövlət tərəfindən verilmiş torpaq sahəsində taxılçılıqla məşğul olaraq, ildə bir dəfə gəlir əldə edir. Bu gəliri aylara böldükdə təxminən aylıq 400 manat edir. Bundan əlavə, daimi iş yeri yoxdur. Ali təhsili də olmadığı üçün bəzi vaxtlarda usta yanında fəhlə işləyərək, gündəlik 20-25 manatadək gəlir əldə edir. Bakı şəhərində gündəlik dəyəri adambaşına 2 manat olan evdə kirayə yaşayır. Bundan əlavə, məhkəməyə atasına məxsus etibarnamə ilə idarə etdiyi 2004-cü il buraxılışlı, Ford markalı avtomaşınla gəlmişdir. Beləliklə, o, 18 may 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay 200 manat sabit pul məbləğində alimenti ödəməyə razıdır. Bundan əlavə ödəniş etmək imkanı yoxdur. Eyni zamanda, o, 5 ay olar aliment ödənişi edə bilmir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Siyəzən rayon İHB-nin Məşrif kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 08 iyun 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 625582 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası Babayeva (Kərimova) Ülviyyə Ceyhun qızı olan X2 18 may 2016-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 2(059)-54/2018 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Şəki şəhər İHB-nin Cəyirli kənd İƏD üzrə nümayəndəliyində 06 may 2016-cı il tarixdə, 05 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, həmçinin 18 may 2016-cı il təvəllüdlü X1 anası İddiaçı himayəsində və yanında saxlanılması qət edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(059)-317/2019 saylı qətnaməsindən görünür ki, 18 may 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan 15 mart 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 06 may 2016-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu nikahdan 18 may 2016-cı il tarixdə Ülvin adlı övladları doğulmuşdur. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə 18 may 2016-cı il təvəllüdlü Ülvinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 18 may 2016-cı il təvəllüdlü Ülvinin artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 18 may 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən, qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlara münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilmişdir. Belə olan halda, cavabdehin işləməklə, gündəlik 25 manatadək gəlir əldə etməsi, habelə mülkiyyətində daşınmaz (iki torpaq sahəsi) əmlakların olması və həmin əmlaklardan səmərəli şəkildə istifadə edərək, hər aya 400 manatadək gəlir əldə etməsi, həmçinin hazırda tutulan aliment üzrə nəzərə çarpacaq dərəcədə borcunun olmaması sonuncunun uşağın yaşayış minimumu həddində saxlanılması üçün iddia tələbində göstərilən həcmdə alimenti ödəmək iqtidarında olmasına dəlalət edir. Habelə, məhkəmə araşdırması zamanı cavabdehin maddi vəziyyətinin iddia ərizəsində tələb olunan alimenti ödəməyə imkan verməməsi hallarını təsdiq edəcək dəlillər təqdim edilməmişdir. Bundan əlavə, alimentin həcminin müəyyən edilməsi zamanı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatlarının səviyyəsi, habelə uşağın maraqları nəzərə alınmalıdır. Beləliklə, Cavabdeh bir ata, valideyn kimi yetkinlik yaşına çatmayan övladının saxlanması üçün İddiaçı maddi cəhətdən köməklik göstərməli, uşağın qayğısına qalmalıdır. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 18 may 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(059)-317/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sözügedən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 48,20 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 18 may 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(059)-317/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altmış) manat xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddiaçı ödəməkdən azad edildiyi 48,20 (qırx səkkiz manat 20 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-321/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-321/2024
20.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver