Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-331/2021 01.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu İddiaçı Cəmaləddin oğlunun cavabdeh “xxxx” ASC-nin Siyəzən şöbəsinə qarşı "artıq ödənilən vəsaitin cavabdehdən tutularaq ona qaytarılması" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cəmaləddin oğlu cavabdeh “xxxx” ASC-nin Siyəzən şöbəsinə qarşı "artıq ödənilən vəsaitin cavabdehdən tutularaq ona qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53-cü maddəsinin İİ və İİİ hissələrinə əsasən hüquqi şəxsin şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Beləliklə, göründüyü kimi “xxxx” ASC-nin Siyəzən şöbəsi əsasnamə əsasında nümayəndəlik funksiyalarını həyata keçirir və hüquqi şəxs deyildir. Buna görə də mülki və mülki prosessual qanunvericiliyə əsasən nümayəndəlik funksiyasını həyata keçirdiyindən bu qurumun mülki hüquq münasibətlərində subyekt kimi, o cümlədən cavabdeh kimi iştirakı istisna edilir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin MPM-nn 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, “xxxx” ASC-nin Siyəzən şöbəsi mülki hüquq münasibətlərinin subyekti, o cümlədən cavabdeh sayılmadığına, nəticədə, iddia ərizəsinin forma və məzmununa əməl edilmədiyinə görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən çatışmazlıqları aradan qaldırdıqdan sonra ümumi əsaslarla aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı Cəmaləddin oğlunun cavabdeh “xxxx” ASC-nin Siyəzən şöbəsinə qarşı "artıq ödənilən vəsaitin cavabdehdən tutularaq ona qaytarılması" tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-331/2021
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-331/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver