Məhkəmə qərarları › İş №2(059)-333/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-333/2021

23.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-333/2021 23.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən başlayaraq, 14 dekabr 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, hər ay 175 manat sabit pul məbləğində tutulmaqla, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 avqust 2014-cü il tarixli qətnaməsi ilə 14 dekabr 2005-ci il təvəllüdlü Davudun yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində alimentin və 100 manat əlavə xərcin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi qət edilsə də, bu məhkəmənin qanuni qüvvəsini almış 24 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən əvvəlki qətnamə ilə tutulan əlavə xərc dayandırılsa da, oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi davam etdirilmişdir. Hal-hazırda qeyd edilən məbləğlə bir uşağın tələbatlarını ödəmək yetərli olmasa da, həmin vaxt bununla razılaşmışdır. Oğlu Davud Bakı şəhərində orta məktəbdə təhsil alır, yaşı artdıqca övladının qidalanma, geyim, istirahət və digər xərcləri ilə bərabər təhsil xərcləri də artmaqdadır. O, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində kargüzar-operator vəzifəsində işləyərək, 460 manat əmək haqqı alır və bu vəsaitlə həm özünün, həm də övladının hər gün artan tələbatlarını çətinliklə də olsa, ödəməyə çalışır. Həmçinin, övladında olan meningit xəstəliyi ilə əlaqədar sonuncunun müayinə və müalicəsi üçün də vaxtaşırı müəyyən vəsait tələb olunur. Cavabdeh isə övladı ilə ümumiyyətlə, maraqlanmamaqla, yanaşı məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti də vaxtında ödəmir. Bu səbəbdən də, hazırda cavabdehin 500 manat aliment borcu yaranmışdır. Odur ki, qeyd etdikləri nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, hazırkı dövrdə Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 avqust 2014-cü il tarixli qətnaməsi əsasında övladı Davud Məmmədovun yetkinlik yaşına çatanadək saxlanması üçün saxlanılması iddiaçının xeyrinə hər ay 100 manat aliment və yaranmış aliment borcuna görə 50 manat vəsait ödəyir. Bundan əlavə, o, ikinci evliliyindən doğulmuş övladı Əli üçün də hər ay 150 manat miqdarında aliment ödəyir. O, “X3 Kompani” MMC-də texniki nəzarətçi vəzifəsində işləməklə, hər ay tutulmalardan (vergilər) sonra 412 manat əmək haqqı alır. Hər iki övladı üçün aliment ödənildikdən sonra isə ona çox cüzi məbləğdə pul qalır. Bundan əlavə, “X3 Kompani” MMC-də iş rejimi növbəli (1 gün işdə, 2 gün evdə olmaqla) olsa da, xəstəliyi ilə bağlı əlavə işlərdə işləyə bilmədiyi üçün, başqa gəlir və qazancı yoxdur. İddiaçı isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində işləməklə, aylıq 600 manat əmək haqqı alır. Beləliklə, alimentin məbləğinin artırılması onsuz da ağır olan vəziyyətinin daha da pisləşməsinə, aliment borcunun artmasına, nəticədə inzibati, eləcə də cinayət məsuliyyətinə cəlb olunmasına şərait yaradacaqdır. Odur ki, real vəziyyətin nəzərə alınmasını, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən RPŞ tərəfindən 07 fevral 2016-cı il tarixdə verilmiş AZE seriyalı, 10832823 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X2 14 dekabr 2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli, 2(059)-177/2014 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında 19 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində bağlanmış, 1491 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra 14 dekabr 2005-ci il təvəllüdlü Davud anası İddiaçı yanında saxlanılmış, həmçinin 07 may 2014-cü il tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində alimentin, 27 avqust 2014-cü il tarixdən başlayaraq isə 100 manat miqdarında əlavə xərcin tutulması qət edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 03 fevral 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 224335 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah 19 avqust 2015-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 38 nömrəli qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişi və arvad öz soyadlarında qalmışlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli, 2(059)-1087/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 14 dekabr 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün bu Məhkəmənin 27 avqust 2014-cü il tarixli qətnaməsi ilə hər ay əlavə xərc kimi İddiaçı xeyrinə tutulan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi qətnamə elan edildiyi gündən, yəni 24 noyabr 2016-cı il tarixdən dayandırılmışdır. İşdə olan “X3 Kompani” MMC tərəfindən 16 iyun 2021-ci il tarixdə tərtib edilmiş 134/21 saylı arayışdan görünür ki, Cavabdeh 13 fevral 2020-ci il tarixdən hazırkı vaxta kimi MMC-də nəzarət bölməsində nəzarətçi vəzifəsində işləməklə, aylıq 450 manat əmək haqqı alır. İşdə olan qanuni qüvvəsini almış Xaçmaz Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(067)-731/2017 saylı qətnaməsinin surətindən görünür ki, Elnarə Məmmədova ilə Cavabdeh arasında 22 sentyabr 2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 07 iyun 2016-cı il təvəllüdlü Əli anası Elnarə Məmmədovanın himayəsində saxlanılmış, həmçinin 19 yanvar 2017-ci il tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Elnarə Məmmədovanın xeyrinə hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşağının artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında 29 dekabr 2020-ci il tarixli Qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 175 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 14 dekabr 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 175 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, cavabdehin başqa bir qadınla yenidən evlənməklə, hazırda həmin qadından daha bir uşağının olması, habelə bu uşağın da saxlanması üçün hər ay sabit pul məbləğində aliment ödəməsi, bundan əlavə, Siyəzən və Xaçmaz Rayon Məhkəmələrinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə təyin olunmuş aliment məbləğlərini qeyd-şərtsiz icra etməsi, eyni zamanda iddiaçının özünün də işləməklə, aylıq qazanca malik olması nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onun valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 14 dekabr 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli, 2(059)-177/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı qızının xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin “artırılmış aliment məbləğinin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən başlayaraq cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 14 dekabr 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 27 avqust 2014-cü il tarixli, 2(059)-177/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı qızının xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar