Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-337/2020 17.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ iddiaçı X1 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı X2 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1400 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1430 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, 32/33-cü məhəllədə, 4 sot torpaq sahəsi üzərində mülkiyyət hüququ ilə ona məxsus 2 mərtəbəli, ümumi sahəsi 222.0 kv.metr, yaşayış sahəsi 114.1 kv.metr, yardımçı sahəsi isə 107.9 kv.metr olmaqla, 5 otaqlı fərdi yaşayış evi vardır. Həmin evdə Cavabdeh ailəsi ilə birlikdə 2018-2019-cu illərdə kirayə qalaraq, aylıq 200 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kirayə haqqı kimi qeyd etdiyi aylıq iki yüz manat ödəməli olduğu halda, demək olar ki, həmin pulu tam ödəyə bilməmişdir. Belə ki, hazırkı vaxta cavabdehin ona 1400 borcu qalmışdır. Cavabdeh hər dəfə həmin pulu tezliklə ödəyəcəyinə vəd versə də, borcunu bu günə kimi ödəyə bilməmişdir. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq etməsinə baxmayaraq, sonuncu tezliklə borcunu ödəyəcəyini vəd etsə də, maddi imkansızlıqdan borcunu tam ödəyə bilmir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin İİ və İİİ hissələrinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdehin adları, onların poçt ünvanları; iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər; əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. Beləliklə, mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olsa da, hazırkı iddia üzrə işə sadələşdirilmiş qaydada baxılması istisna edilir. Çünki, iddiaçı Babaəli Səfiquliyev tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlər araşdırılarkən təqdim olunmuş sənədlərdə tələbin təsdiq olunmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı tələbində onunla cavabdeh arasında fərdi yaşayış evinə münasibətdə kirayə münasibətləri olduğunu, sonuncunun kirayə haqqını lazımınca ödəməməsi səbəbindən ona borcunun olduğunu qeyd etsə də, iş materiallarına bunu təsdiq edəcək hər hansı bir mötəbər sübut və ya sənədi (kirayə müqaviləsi, borcun etirafı barədə müqavilə və s.) əlavə etməmiş, nəticədə, tələb etmə hüququ barədə mübahisəli vəziyyət yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-4-cü maddəsinin İ hissəsinin İİİ və İV bəndlərinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Beləliklə iddiaçı hazırkı tələbini təsdiq edəcək sənədləri təqdim etmədiyi və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduğu halda, Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir ki, bu da qeyd olunan səbəblərə görə işə baxılmasının sadələşdirilmiş qaydasını yolverilməz edir. Qeyd olunan Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yenə bu Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmçinin, iddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla məhkəməyə iddia icraatı qaydasında iddia ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-3, 284-4-cü maddələrini rəhbər tutaraq, qərara aldım: iddiaçı X1 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə imtina edilsin və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-337/2020
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-337/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver