Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-338/2025 12.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Salman qızının Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Birinci dərəcə əlilliyi olan şəxs İddiaçı Salman qızı Cavabdeh 1700 manat məbləğində pulun müqabilində protez satın almış, lakin keyfiyyəti bəyənilmədiyi üçün protez geri qaytarılmışdır. İddiaçı iddia edir ki, cavabdehə protez üçün ödədiyi 1700 manat məbləğində pulu hazırki vaxta kimi geri almamışdır. Nəticədə ona 1700 manat məbləğində ödədiyi pulla yanaşı, 80 manat hüquqşünas xərcləri, 20 manat kuryer xərci, 10 manat çap və poçt xərcləri və 2000 manat mənəvi zərər dəymişdir. İddia tələbi İddiaçı Salman qızı Cavabdeh Dərbənqulu oğluna qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1700 manat əsas borcun, 80 manat hüquqşünas xərclərinin, 20 manat kuryer xərcinin, 10 manat çap və poçt xərclərinin və 2000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, İ qrup əlildir, həmçinin hər iki əli və ayaqları öz fəaliyyətlərini itirmiş, habelə yatağa məhkum olunmuşdur. Bundan başqa, X3 və Bərpa Mərkəzində dəfələrlə müalicə almış, habelə Cavabdeh həmin mərkəzdə protezçi vəzifəsində işləmişdir. 2023-cü ilin avqust ayında mərkəzdə müalicə alarkən Səlimlə rastlaşmış, habelə sonuncu ona əllərinin və ayaqlarının açılması üçün cihaz tapdığını bildirmişdir. Beləliklə, Səlimdən cihazın qiymətin soruşmuş və əl üçün olanın 1800 manat, ayaq üçün olanın isə 1200 manat olduğunu öyrənmiş, habelə birinci ilə əl üçün olan protezi 1700 manata razılaşmışlar. Həmçinin Səlimin, bu cihaz vasitəsi ilə saçını darayacağını, yemək yeyəcəyini, öz ehtiyaclarını təmin edə biləcəyini bildirməsi onu sevindirmişdir. Habelə protezin pulunu hissə-hissə ödəməyə razılaşmaqla bərabər bir ay ərzində dörd dəfə olmaqla, 1700 manatı pulu tam ödəmişdir. Həmçinin, 2023-cü ilin oktyabr ayında cihaz gəlsə də, qətiyyən Səlimin bildirdiyi kimi bir alət olmamaqla yanaşı, oyuncaq kimi bir alət olmuş və əlini heç cür hərəkət etdirmək iqtidarında olmamışdır. Eyni zamanda Səlimlə, cihazdan razı qalmadığı təqdirdə onu 10 gün müddətində qaytara biləcəyi razılığına gəlmiş və beləliklə 3 gün sonra cihazı birinciyə qaytarmışdır. Lakin, Səlim hazırki vaxta kimi müxtəlif bəhanələr gətirməklə, pulu qaytarmaqdan imtina etmiş və birinci bu hərəkətlərinə görə Sosial Xidmətlər Agentliyindən işdən uzaqlaşdırılmışdır. Bu barədə polisə müraciət etsə də, işin mülki xarakterli olduğu əsas gətirilərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin qeyd edir ki, bu hadisələr oğlu və qəyyumu olan Nümayəndə şahidliyi və iştirakı ilə olmuşdur. Ona görə də, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, anası olan iddiaçı 2010-cu ildən yataq xəstəsidir. Həmçinin, anası 2023-cü il tarixdə X3 və Bərpa Mərkəzində müalicə almış və həmin vaxt mərkəzdə protezçi işləyən Səlim adlı şəxsi tanımışdır. Belə ki, Səlim onlara protez “əl“ almalarını təklif etməklə yanaşı, anasının həmin əlin sayəsində əlini hərəkət etdirə biləcəyini bildirmişdir. Beləliklə, Səlimlə razılaşmaqla bərabər sonuncuya hissə-hissə 1700 manat məbləğində pul vermişlər. Həmçinin Səlimlə, protezdən razı qalmadıqları təqdirdə onu 10 gün müddətində qaytarmaqları barədə razılığa gəlmişlər. Habelə, protezi istifadə edərkən funksionallığı yararsız və keyfiyyətsiz oldu üçün geri qaytarmaq qərarına gəlmişlər. Beləliklə, Səlim protezi “təndir xana“ deyilən yerə aparmalarını istəmiş və pulunu qaytaracağını söyləmişdir. Bir müddət sonra Səlim, protezi Ramiz adlı şəxsə satdığını bildirərək, pulu həmin şəxsdən tələb etmələrini istəsə də, sonuncu protezin pulunu birinciyə verdiyini bildirmişdir. 2024-cü il yanvar ayına kimi Səlimdən heç bir xəbər olmamış, habelə sonuncunun iş yerinə gedilsə də, onun işdən çıxarıldığı bildirilmişdir. Bundan sonra, Səlim barəsində həmin mərəzə şikayət etmişlər, həmçinin sonuncu izahatında 1700 manat pulunu aldığını bildirsə də, hazırki vaxta kimi onlara heç bir ödəniş etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə, iş materiallarını iddiaçının nümayəndəsinin izahatı ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan məhkəmənin sorğusu əsasında əldə edilmiş Cavabdeh barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış araşdırma materiallarından görünür ki, cavabdeh İskəndərov X1 izahat verərək göstərmişdir ki, X5 və onun birinci qrup əlil anası İddiaçı onun işlədiyi müəssisəyə gəlib ondan əli hərəkət etdirə biləcək vasitə istəmiş, o, bu işlə məşğul olan tanışı vasitəsi ilə həmin cihazı 1700 manat məbləğində pulun müqabilində verə biləcəyini bildirmişdir. Beləliklə, razışlaşdıqdan sonra, qeyd olunan məbləğdə pulu alsa da, satdığı cihaz bəyənilmədiyi üçün cihazı geri almış, lakin 1700 manat məbləğdə pulu geri qaytarmamışdır. Qısa müddətdə pulu qaytaracaqdır. İşdə olan qəbzlərdən görünür ki, 23 avqust 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixə kimi Cavabdeh Dərbənqulu oğluna məxsus olmaqla 524375****6742 nömrəli Unibank kartına 800, 200, 135 və 565 manat olmaqla, cəmi 1700 manat məbləğində pul köçürülmüşdür. İddia tələbindən görünür ki, tələb 3 hissədən ibarətdir. 1) alqı-satqı müqaviləsinə əsasən 1700 manat məbləğində qaytarılmalı məbləğ 2) 128 manat məbləğində çəkilmiş məhkəmə xərci 3) 2000 manat mənəvi zərər Məhkəmə iddia tələbinin 1700 manat pulun qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən lazimi keyfiyyətdə olmayan əşyanın alıcıya verilməsinin nəticəsində alıcının hüquqi müdafiə vasitələrindən biri də alqı-satqı müqaviləsini ləğv edərək əşyanı qaytarmaq və ödədiyi pulun geri qaytarılmasını tələb etməkdir. Həmçinin əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Məhkəmə iclasında sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında əlil şəxslərin əlini hərəkətə gətirəcək cihazın alqı-satqısına dair şifahi müqavilə bağlanmış, müqavilə əsasında Cavabdeh 1700 manat pul köçürülmüş, əli hərəkətə gətirən cihaz İddiaçı təqdim edilmişdir. Lakin həmin cihaz razılaşdırılan keyfiyyətdə olmadığı üçün Səlim İsgəndərova qaytarılmış, lakin əvəzində ödənilən 1700 manat məbləğində pul geri qaytarılmamışdır. Qeyd olunan bu fakt iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında, cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılmış araşdırma zamanı verdikləri izahatlarla, həmçinin ödəniş qəbzləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə hazırlıq və baxış iclasları bir neçə dəfə təxirə salınaraq Cavabdeh məhkəmə iclasına dəvət edilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və 1700 manat məbləğində pulu alıcıya qaytardığına dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə iş materialları ilə tam təsdiqini tapdığı üçün təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddia tələbinin 128 manat məhkəmə xərclərinin tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 80 manat hüquqşünas, 20 manat kuryer, 10 manat çap və poçt xərclərinin çəkildiyi iddia edilsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”. Məhkəmə yuxarıda qeyd olunan mövqedən çıxış edərək göstərir ki, iddiaçı birinci dərəcə əlilliyi olan şəxs olmaqla, yataq xəstəsidir. O, əllərini və ayaqlarını hərəkət etdirə bilmir. Hazırki mübahisənin predmeti də məhz onun əlinin hərəkət etdirilməsi üçün vasitənin alqı-satqısıdır. Göründüyü kimi, cavabdeh tərəfindən əllərini hərəkət etdirə bilməyən şəxsə əllərini hərəkət etdirəcəyinə dair vəd verərək ona cihaz satılmış, bunun nəticəsində iddiaçı ümidlənmiş, lakin cavabdeh onu aldadaraq ona vəd etdiyi cihazı verməmiş, nəticədə o, dərin stress, əsəb və mənəvi sarsıntı keçirmişdir. Bununla belə məhkəmə hesab edir ki, 2000 manat mənəvi zərər həddən artıq çoxdur, odur ki, iddia bu hissədə qismən təmin edilərək 500 manat məbləğində mənəvi zərərin əvəzi tutulub iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda-alınan məbləğ ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Bu mənada, məhkəmə hesab edir ki, iddia tələbi 3828 manatdan ibarət olduğu üçün ödənilməli olan dövlət rüsumunun məbləği 58,28 manat müəyyən edilməlidir. Hazırki halda iddia qismən təmin edildiyi üçün ödənilməli olan 58,28 manat məhkəmə xərcinin tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı azad edildiyi 33,49 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 1700 manat məbləğində alqı-satqı müqaviləsinə əsasən qaytarılmalı məbləğ və 500 manat mənəvi zərər olmaqla, cəmi 2200 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, həmçinin iddiaçının azad edildiyi 58,28 manat dövlət rüsumunun tələbin təmin olunmuş hissəsinə münasib olaraq 33,49 manatı cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə
q ə t e t d i:
İddia qismən təmin edilsin. Cavabdeh 1700 manat məbləğində alqı-satqı müqaviləsinə əsasən qaytarılmalı məbləğ və 500 manat mənəvi zərər olmaqla, cəmi 2200 (iki min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 33,49 (otuz üç manat qırx doqquz qəpik) manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə