Məhkəmə qərarları › İş №2(059)-339/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-339/2021

08.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-339/2021 08.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ələskər qızının, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ələskər qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya verilməklə cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi, yaşayış otaqlarının boşaldılması və onların evdən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ələskər qızına, Cavabdeh3 və Cavabdeh4 qarşı “kompensasiya verilməklə cavabdehlərin evdən istifadə hüququna xitam verilməsi, yaşayış otaqlarının boşaldılması və onların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən cavabdehlərə 3500 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ələskər qızının, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsinə və üzərindəki 169,3 kv.m sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin ünvandakı həyətyanı torpaq sahəsinin onların istifadəsində olan hissəsindən, eləcə də yaşayış otaqlarından şəxsi əşyalarını götürərək fərdi yaşayış evində istifadə etdikləri yaşayış otaqlarından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən cavabdehlərə 7000 manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ələskər qızının, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsinə və üzərindəki 169,3 kv.m sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin ünvandakı həyətyanı torpaq sahəsinin onların istifadəsində olan hissəsindən, eləcə də yaşayış otaqlarından şəxsi əşyalarını götürərək fərdi yaşayış evində istifadə etdikləri yaşayış otaqlarından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi tələb olunan ünvan 2 ünvanında yerləşən, 0,11 ha. ölçüdə həyətyanı torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 169,3 kv.m olan fərdi yaşayış evi 15 oktyabr 2016-cı il tarixdən onun xüsusi mülkiyyətindədir. Bu evdə onunla birlikdə ailə üzvləri olan arvadı Gülarə, oğulları Kamran və Qərib də yaşayırlar. Bundan əlavə, evdə istifadə hüququ ilə qardaşı cavabdeh Zakir, sonuncunun keçmiş arvadı İlhamə və qızı Aynur yaşayırlar. X4 isə evdə formal qeydiyyatda qalmaqla, evləndikdən sonra onlardan ayrılaraq başqa yerdə yaşamağa başlamışdır. Artıq onun da övladlarının evlənərək, müstəqil yaşamaq vaxtlarıdır. Lakin, o, bir valideyn kimi övladlarına bu şəraiti yaratmaqda cavabdehlərin əmlaklarına edilən əsassız maneələri səbəbindən çətinlik çəkir. Belə ki, cavabdehlər onları əmlaklarından, o cümlədən mülkiyyətlərində olan həyətyanı torpaq sahəsindən, habelə torpaq sahəsi üzərindəki evdən istədikləri kimi istifadəni məhdudlaşdırırlar. Hətta, Cavabdeh3 ona məxsus həyətyanı torpaq sahəsində ev tikmək istəmiş, lakin onun etirazına görə hələlik tikintini müvəqqəti dayandırmışdır. Bundan əlavə, cavabdehlərin digər maneəçilikləri (əraziyə müxtəlif əşyaların qalaqlanması) səbəbindən həyətyanı torpaq sahəsinin cavabdehlərin qanunsuz zəbt etdiyi hissəsinə ümumiyyətlə keçə və həmin hissədən istifadə edə bilmir. Habelə evdəkilərin və birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları, eləcə də qanunla qorunan mənafeləri cavabdehlər tərəfindən müntəzəm olaraq pozulur. Bununla da o, cavabdehlərin mülkiyyətinə qanunsuz müdaxilələri nəticəsində həyətyanı torpaq sahəsindən və evindən öz istədiyi kimi sərbəst şəkildə istifadə edə bilmir. Eyni zamanda, tərəfindən məhkəməyə qədər cavabdehlərə dəfələrlə kompensasiya verilməklə evdən çıxmaları təklif olunsa da, sonuncular, nəinki evdən çıxmaq istəmiş, hətta ona məxsus torpaqda ev inşa edəcəklərini də bildirmişlər. Ona görə hesab edir ki, hüquqlarının və qanuni mənafelərinin pozulması, başqa sözlə mülkiyyətinə edilən qəsdə səbəb olan halların aradan qaldırılması üçün cavabdehlərin kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilməli, sonuncular yaşayış otaqlarını şəxsi əşyalarını götürməklə boşaltmalı və evdən məhkəmə qaydasında çıxarılmalıdırlar. Hazırda cavabdehlərə 7000 manat kompensasiya təklif edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, doğulduğu vaxtdan, yəni 1968-ci ildən fasiləsiz olaraq, ata yurdu olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaqdadır. O, 01 noyabr 1991ci il tarixdə hazırkı iş üzrə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmaqla evlənmiş bu nikahdan 26 sentyabr 1992-ci il tarixdə Elnur, 02 fevral 1994-cü il tarixdə isə Aynur adlı iki övladları doğulmuşdur. Cavabdeh2 ilə aralarında olan nikah 20 aprel 2017-ci il tarixdə məhkəmə qaydasında pozulsa da, o, keçmiş arvadı və iki övladı hazırda da mübahisəli evdə qalırlar. Onların istifadəsində 1 dəhliz, 1 bağlı eyvan və 1 yaşayış otağı olsa da, yaşayış otağı sonradan tərəflərindən iki hissəyə ayrılmaqla istifadə olunur. İddiaçının təklif etdiyi kompensasiyanın məbləğindən asılı olmayaraq, o, ata yurdu olan evdən çıxmaq istəmir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Ələskər qızı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 01 noyabr 1991-ci il tarixdə digər Cavabdeh1la rəsmi nikaha daxil olaraq evlənməklə, mübahisə predmeti olan evə gəlin köçmüşdür. Cavabdeh1la birgə nikahdan olan Elnur və Aynur adlı iki övladı da bu evdə doğulmuş, boya-başa çatmışlar və hazırda da bu evdə yaşayırlar. Cavabdeh1la aralarında olan nikah 20 aprel 2017-ci il tarixdə məhkəmə qaydasında pozulsa da, o, keçmiş əri və iki övladı hazırda da bu evdə qalır. Onların istifadəsində 1 dəhliz, 1 bağlı eyvan və 1 yaşayış otağı olsa da, yaşayış otağı iki hissəyə bölünməklə tərəflərindən istifadə olunmaqdadır. Qızı Aynur subay olsa da, oğlu Cavabdeh3 evli olmaqla, bir övladı vardır. İddiaçı tərəfindən hazırda təklif olunan kompensasiyanın məbləği ilə razı deyildir. Əgər onlara ümumilikdə 15 000 manat kompensasiya verilərsə, evdən istifadə hüquqlarına xitam verilməsinə razı olar. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 anaları, digər Cavabdeh2 izahatına uyğun, eyni məzmunlu ifadə verməklə, sonuncu ilə həmfikir olduqlarını bildirdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Siyəzən Rayon Dövlət Notariat Kontoru tərəfindən 27 sentyabr 2016-cı il tarixdə başlanmaqla, reyestrdə 3M-33 nömrə ilə, eləcə də 28 sentyabr 2016-cı il tarixdə başlanaraq, reyestrdə 2V-69-70 nömrə ilə qeydə alınmış notariat işlərinin, o cümlədən işlərə əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin keçmiş mülkiyyətçisi, 18 avqust 2015-ci il tarixdə ölmüş X1 vəsiyyət, eləcə də qanun üzrə vərəsələrinin, müvafiq olaraq İddiaçı və Cavabdeh1 analarından miras qalmış bu əmlakdan pay almaları müəyyən edilmiş, həmçinin sonuncu 27 sentyabr 2016-cı il tarixdə fərdi yaşayış evindəki və torpaq sahəsindəki paylarını İddiaçı bağışlamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 15 oktyabr 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında, 0,11 ha torpaq sahəsində yerləşən 169,3 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ ilə 15 oktyabr 2016-cı il tarixdə qeydə alınmışdır. İşdə olan "X3" MMC tərəfindən 07 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş, 495 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda göstərilən 7,8 və 9 nömrəli yaşayış sahələrinin 1 aylıq kirayə haqqının hazırkı orta bazar qiymətinin 65 manat təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan 05 may 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Həmin Qərarda, həmçinin qeyd olunmuşdur ki, adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Lakin o da qeyd olunmalıdır ki, mənzil hüququnu əks etdirən Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi onu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin keçmiş mülkiyyətçisi, 18 avqust 2015-ci il tarixdə ölmüş X1 vəsiyyət, eləcə də qanun üzrə vərəsələrinin, müvafiq olaraq İddiaçı və Cavabdeh1 analarından miras qalmış bu əmlakdan pay almaları müəyyən edilmiş, həmçinin sonuncu 27 sentyabr 2016-cı il tarixdə fərdi yaşayış evindəki və torpaq sahəsindəki paylarını İddiaçı bağışlamış, nəticədə mübahisəli ünvan 15 oktyabr 2016-cı il tarixdə iddiaçının adına qeydə alınmışdır. Cavabdehlər qeydiyyatda olduqları ünvan 1 ünvanının əvvəlki sahibi mərhum X2 və hazırkı sahibi İddiaçı ilə bərabər həmin ünvanda yaşamış, oradan istifadə etmiş və onlar heç vaxt bu hüquqlarını itirməmişlər. Beləliklə, cavabdehlərin mübahisəli ünvana istifadə hüquqları mövcud olmuş, o cümlədən qeyd edilən hal iddiaçı tərəfindən mübahisələndirilmədiyindən kompensasiya verilməklə mübahisəli ünvana istifadə hüququna xitam verilməsi və oradan çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, müvafiq sahədə ixtisaslaşmış mütəxəssisin verdiyi rəydən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunda göstərilən cavabdehlərin yaşadığı 7,8 və 9 nömrəli yaşayış sahələrinin 1 aylıq kirayə haqqının hazırkı orta bazar qiyməti 65 manat təşkil edir. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqedən də göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsini və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Əks yanaşma özündə Konstitusiya ilə, qanunla və beynəlxalq hüquqla təminat verilən mülkiyyət hüququna əsassız müdaxiləni əks etdirmiş olardı. Ümumi (birgə) mülkiyyətin bölünməsi institutundan fərqli olaraq mənzildən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi institutunun məqsədi və təyinatı ondan ibarətdir ki, mənzildən istifadə hüquqlarına xitam verilən, başqa sözlə mənzildən çıxarılan istifadəçi bununla dərhal ağır şəraitə düşməsin, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olsun. Həm də belə imkan mülkiyyətçi üçün istifadəçini daimi və ya qeyri-müəyyən müddət ərzində yaşayış sahəsi ilə təmin etmək yükünə çevrilməməli, faktiki olaraq onun öz mülkiyyətindən və ya onun əhəmiyyətli hissəsindən məhrum olması ilə nəticələnməməlidir. Bu baxımdan təklif olunan kompensasiyanın məbləği ilə mülkiyyətçiyə məxsus əmlakın ümumi dəyəri arasında hər hansı paralel aparılması da qanuna uyğun deyildir. Qeyd olunanlarla yanaşı, mülkiyyətçinin Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edərək cavabdehin mənzilə istifadə hüququna müvafiq kompensasiya verməklə məhkəmə qaydasında xitam verilməsini tələb etməsi özündə heç bir halda Konstitusiyanın 43-cü maddəsinin İ hissəsində nəzərdə tutulan evdən qanunsuz məhrum etməni əks etdirmir. Əksinə, həmin tələb birbaşa Mülki Məcəllənin 228.2-ci maddəsinə əsaslanır. Digər tərəfdən isə Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsi başqa şəxslərin mənzil hüquqlarının təmin edilməsini xüsusi mülkiyyət subyektlərinin üzərinə qoymur, məhz dövlətin bu istiqamətdəki pozitiv öhdəliyini müəyyən edir. Həmin öhdəliyin xüsusi mülkiyyət subyektlərinin üzərinə qoyulması isə Konstitusiyanın mülkiyyətin toxunulmazlığını və dövlət tərəfindən müdafiə olunduğunu, mülkiyyətin heç bir növünə üstünlük verilmədiyini və xüsusi mülkiyyət hüququnun qanunla qorunduğunu təsbit edən 13 və 29-cu maddələrinə ziddir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehlərin təxminən doqquz ilə yaxın müddət ərzində başqa yerdə mübahisəli evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən 7000 manat kompensasiya verilməklə cavabdehlərin ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsinə və üzərindəki 169,3 kv.m sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməli və cavabdehlər həmin ünvandakı həyətyanı torpaq sahəsinin onların istifadəsində olan hissəsindən, eləcə də yaşayış otaqlarından şəxsi əşyalarını götürərək fərdi yaşayış evində istifadə etdikləri yaşayış otaqlarından çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı tərəfindən 7000 (yeddi min) manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Ələskər qızının, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 0,11 ha torpaq sahəsinə və üzərindəki 169,3 kv.m sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin və cavabdehlər həmin ünvandakı həyətyanı torpaq sahəsinin onların istifadəsində olan hissəsindən, eləcə də yaşayış otaqlarından şəxsi əşyalarını götürərək fərdi yaşayış evində istifadə etdikləri yaşayış otaqlarından çıxarılsınlar. İddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar