Məhkəmə qərarları › İş №2(059)-346/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-346/2023

09.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-346/2023 09.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən elektron nəzarət vasitəsinin dəyərini təşkil edən 2277,40 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 1(067)-12/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 256.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il 05 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş icra olunması üçün 24 iyun 2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, 04 iyul 2022-ci il tarixdə cavabdeh şöbədə qeydiyyata alınmaqla, həmin tarixdə sonuncuya elektron nəzarət vasitəsi tətbiq olunmuşdur. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh sözügedən qurğunu yararsız vəziyyətə salaraq, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırmışdır. Belə ki, 04 noyabr 2022-ci il tarixdə Siyəzən rayon Polis şöbəsindən Siyəzən şəhərində yerləşən “Siyəzən Palace” şadlıq sarayının yanında yararsız vəziyyətdə mobil nəzarət qurğusunun tapılması barədə məlumat daxil olmuş, araşdırma zamanı mobil nəzarət qurğusunun seriya nömrəsindən qurğunun Cavabdeh məxsus olması müəyyən edilmişdir. Bununla bağlı, sonuncu həmin gün şöbəyə dəvət olunaraq, ondan izahat alınmış, habelə o izahatında 31 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Siyəzən şəhərində yerləşən “Siyəzən Palace” şadlıq sarayında iştirak etdiyi qohumunun toy mərasimindən çıxan zaman mobil nəzarət qurğusunun əlindən düşərək, oradakı pilləkənlərə dəyib sınmasını, həmin gün sərxoş halda olduğundan qurğunu tapa bilməməsini, növbəti gün səhər saatlarında yenidən həmin yerə gedərək qurğunu axtarsa da, bir daha tapa bilməməsini, qurğunu itirdiyinə görə həbs olunacağını düşündüyündən ayağında olan elektron qolbağı bərk dartıb açaraq cibində gəzdirməsini bildirmişdir. Daha sonra, cavabdehin iştirakı ilə Siyəzən RPŞ-dən təhvil alınmış mobil nəzarət qurğusuna keçirilmiş baxış zamanı qurğunun yararsız hala düşərək, korpusunun açıq vəziyyətdə olması, qurğunun üstündəki işıqların yanmasına baxmayaraq ekranın açılmaması müşahidə edilmişdir. Qeyd olunan mobil nəzarət vasitəsinin yararsız hala düşüb-düşmədiyini araşdırmaq məqsədi ilə 14 noyabr 2022-ci il tarixdə Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq sorğu göndərilmiş, habelə 05 aprel 2023-cü il tarixdə daxil olmuş "xxxx" QSC-nin texniki rəyində Cavabdeh tətbiq edilmiş “Attenti” markalı, 35628422 nömrəli mobil nəzarət qurğusunun istifadəyə tam yararsız olmaqla, təmirinin mümkün olmaması göstərilmişdir. Beləliklə, cavabdeh qərəzli olaraq mobil nəzarət qurğusunu yararsız vəziyyətə salmış və bununla da dövlətə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təqdim etdiyi maliyyə arayışına görə elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinin tələblərinə görə mobil nəzarət qurğusunun dəyəri cavabdehdən tutulmalıdır. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehin həmin bildirişi 08 may 2023-cü il tarixdə poçt xəbərnaməsinə digər qaydada imza edilməklə qəbul etməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi 26 may 2022-ci il tarixdə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Cavabdeh 1 ədəd “Attenti” markalı, 35628422 nömrəli elektron nəzarət vasitəsi tətbiq olunmuş, habelə həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət və istifadə qaydaları, həmçinin zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulması izah edilmişdir. Lakin, cavabdeh azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydalarına və şərtlərinə əməl etməyərək, sözügedən cihazı yararsız hala salmaqla, məhkəmə hökmü ilə üzərinə qoyulmuş elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlamaq vəzifəsini pozmuşdur. Bu cihaz üzərində aparılmış texniki baxış zamanı cihazın təmirinin mümkün olmaması, istifadəyə tam yararsız olması müəyyən edilmişdir. Beləliklə, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslər üçün nəzərdə tutulmuş elektron nəzarət vasitəsi yararsız vəziyyətə düşmüş, bununla da, dövlətə 2277,40 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən dövlətə vurulmuş zərər ödənilmədiyi üçün iddiaçının cavabdehə qarşı iddia irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284- 5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2277,40 manat məbləğində pul tutularaq X1 hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə qeyd edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 42,77 (qırx iki manat 77 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat məbləğində pul tutularaq X1 hesabına köçürülsün. İddiaçı azad edildiyi 42,77 (qırx iki manat 77 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar