Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-35/2022 18.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsində çıxarma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Siyəzən şəhəri, T.İsmayılov küçəsi 16 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26.9 kv.m yaşayış, 14.4 kv.m yardımçı, ümumi 41.3 kv.m sahədən ibarət olan 3 saylı mənzilə tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, 22 noyabr 2010-cu il tarixli, **********10 saylı kredit müqaviləsi üzrə cavabdeh X2 iddiaçı "xxxx" ASC qarşısında vaxtı keçmiş əsas borc məbləğinə 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixədək illik 5% dərəcəsi ilə, 30 iyun 2019-cu il tarixdən 25 fevral 2021-ci il tarixədək isə 20% dərəcəsi ilə hesablanmış cəmi 8103,50 manat məbləğində zərərin (əldən çıxmış faydanın), 25 fevral 2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 15864,99 manat məbləğində penya olmaqla, cəmi 23968,49 manat pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın, sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 8 manat məbləğində çəkilmiş əlavə xərclərin ipoteka predmetinin dəyərindən, 30 manat dövlət rüsumu isə cavabdehlərdən birgə qaydada tutulmaqla, iddiaçı banka ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, onların ailə üzvləri və digər şəxslər 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı bankla üçüncü şəxs Əliağa Bağırov arasında bağlanmış 22 noyabr 2010-cu il tarixli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı bank tərəfindən borcalana 48 ay müddətinə, illik 25 % faiz olmaqla, 30000 manat məbləğində kredit verilmiş, həmçinin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı bankla Cavabdeh1 arasında sonuncunun mülkiyyətində olan Siyəzən şəhəri, T.İsmayılov küçəsi 16 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26.9 kv.m yaşayış, 14.4 kv.m yardımçı, ümumi 41.3 kv.m sahədən ibarət olan 3 saylı mənzilin ipotekaya qoyulması barədə 22 noyabr 2010-cu il tarixdə müqavilə bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə və onun 1 nömrəli əlavəsi olan ödəniş cədvəlinə əsasən borcalan Əliağa Bağırov hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla, əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürsə də, bu öhdəlikləri kobud şəkildə pozmuş və kreditləşmə müddətinin bitdiyi tarixə, yəni 22 noyabr 2014-cü il tarixinə kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış, həmçinin əsas borc məbləğinə hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Beləliklə, həmin tarixə borcalanın iddiaçı bank qarşısında gecikdirilmiş ümumi borcu 21574,04 manat məbləğində olmuşdur ki, bunun da 15241 manatını vaxtı keçmiş əsas borc, 6333,04 manatını isə əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Bundan sonra, kredit müqaviləsi üzrə 18 noyabr 2020-ci il, 30 noyabr 2020-ci il və 25 fevral 2021-ci il tarixlərdə olmaqla, ümumilikdə 21772 manat (bir qismi borcalana məxsus olmuş ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi və bank tərəfindən balansa götürülməsi hesabına olmaqla) məbləğində ödəniş həyata keçirilmiş, vaxtı keçmiş əsas borc və adi faizlər üzrə borc tam şəkildə icra olunmuşdur. Bundan əlavə, borcalan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar banka kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % faiz dərəcəsi ilə penya da ödəməlidir ki, 25 fevral 2021-ci il tarixinə (vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixə) qədər bu məbləğ 15864,99 manat təşkil edir. Kredit müqaviləsi üzrə borcalan Əliağa Bağırov tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini “İpoteka haqqında” Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı Bank tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeh1 ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 13 may 2013-cü il tarixli bildiriş verilmiş və yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmetinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə 14 may 2013-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş, həmin bildiriş qeyd olunan tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaq üçün qəbul edilməklə, ərizədə bu barədə müvafiq qeyd aparılmışdır. İddiaçı tərəfindən Cavabdeh1 ipoteka predmetinin satılması və bankın tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Hazırkı iddia ərizəsinə, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki dövrlər ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunmuşdur. Belə ki, təqdim edilmiş bu arayışdan göründüyü kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək, istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin 30 iyun 2019-cu il tarixdən 25 fevral 2021-ci il tarixədək illik faiz dərəcəsi 22 % təşkil edir. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında isə digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyinə görə Bank Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək, illik 5 % dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçı bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 22 noyabr 2014-cü il tarixdən 25 fevral 2021-ci il tarixə (vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixə) kimi əldən çıxmış faydanın hesablanmasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz dərəcəsini (illik 5 %) və müvafiq arayışlarda göstərilmiş orta faiz dərəcəsini (illik 20 %) əldə rəhbər tutmağı (müvafiq faiz dərəcələri yuxarıda qeyd edilmiş dövrlər üzrə nəzərə alınmaqla) əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (22 noyabr 2014-cü il) vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək (25 fevral 2021-ci il) olan dövr üçün bu məbləğ 8103,50 manat təşkil edir. Ona görə də iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı "xxxx" ASC 22 noyabr 2010-cu il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan onun mülkiyyətindəki Siyəzən şəhəri, T.İsmayılov küçəsi 16 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26.9 kv.m yaşayış, 14.4 kv.m yardımçı, ümumi 41.3 kv.m sahədən ibarət olan 3 saylı mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və borcalan X2 iddiaçı "xxxx" ASC qarşısında vaxtı keçmiş əsas borc məbləğinə 22 noyabr 2014-cü il tarixdən 25 fevral 2021-ci il tarixə qədər isə illik 20% dərəcəsi ilə hesablanmış cəmi 8103,50 manat məbləğində zərərin, 25 fevral 2021-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 15864,99 manat məbləğində penya, cəmi 23968,49 manat pul vəsaitinin, 38 manat rüsumların iddiaçının xeyrinə tutulması xahiş edilmiş, həmçinin mənzil satıldıqdan sonra orada yaşayan cavabdehlərin, onların ailə üzvlərinin və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları tələb edilmişdir. Əliağa Bağırova məxsus Siyəzən şəhəri, T.İsmayılov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 2 mərtəbəli binanın 27,7 kv.m ümumi, 27,7 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı, 12 nömrəli mənzili də ipoteka predmeti kimi ipotekaya yönəldilmiş, borclu Əliağa borcunun müəyyən hissəsini ödədikdən sonra şəxsi təsərrüfatında ona məxsus heyvanların tələf olması səbəbindən ödəmələri dayandırmışdır. Sonradan Əliağa borcunun çox hissəsini ödəsə də, qalan 15241 manat məbləğində əsas borc məbləği, gecikdirmə, cərimə və faiz məbləğləri ilə birgə cəmi 27413,67 manat məbləğin ondan iddiaçının xeyrinə tutulması barədə Siyəzən Rayon Məhkəməsinin 07 sentyabr 2015-ci il tarixli qətnaməsi qəbul edilmiş, tutma cavabdehə məxsus Siyəzən şəhəri, T.İsmayılov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 2 mərtəbəli binanın 27,7 kv.m ümumi, 27,7 kv.m yaşayış sahəsindən ibarət iki otaqlı, 12 nömrəli mənzilinə yönəldilmişdir. Məhkəmənin həmin qətnaməsində qeyd edilən 15241 manat əsas borc məbləğindən borclu 18 və 30 noyabr 2020-ci il tarixlərdə 4000 manat ödəniş etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Xammal və X7 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi borclu Əliağa Bağırova məxsus sözügedən mənzili ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 17850 manat olmaqla, ipoteka saxlayana təklif etmişdir. Buradan da göründüyü kimi əsas borc məbləği artıqlaması ilə ödənilmişdir. Bundan başqa, o, özünə məxsus mənzilin çıxarışın əslini bankdan almışdır. Bu yaxınlarda kredit götürmək, habelə mənzilini ipoteka predmeti kimi girov qoymaq istəyərkən "xxxx" ASC-dən ona mənzilinin ipoteka ilə yüklü olduğunu bildirmişlər. Bir daha bildirir ki, Siyəzən Rayon Məhkəməsinin 07 sentyabr 2015-ci il tarixli qətnaməsində də göstərildiyi kimi ona məxsus Siyəzən şəhəri, T.İsmayılov küçəsi 16 saylı evin 3 saylı mənzilinin ipoteka yüklülüyü barədə heç bir söhbət getmir. Ona bu barədə heç vaxt xəbərdarlıq edilməmişdir. Həmçinin, uzun illər ərzində ona faiz və penya borcları əvəzində evinin ipoteka yüklülüyü barədə heç bir rəsmi xəbərdarlıq edilməmişdir. Hazırda sözügedən evdə 7 nəfər ailə üzvü ilə birgə yaşayır və başqa yaşayış yerləri yoxdur. Belə çətin vəziyyətdə Əliağa Bağırovun imkanı ola-ola, özünün bundan imtina etmədiyi halda, həmin zərər və penya borclarının ipoteka predmeti kimi onların evinə yönəldilməsi ədalətsizlikdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 digər Cavabdeh1 izahatında qeyd edilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı tərəf məhkəməyə müraciət edərək, 22 noyabr 2010-cu il tarixli, 122001/0150/10/09 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Siyəzən şəhəri, T.İsmayılov küçəsi 16 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26.9 kv.m yaşayış, 14.4 kv.m yardımçı, ümumi 41.3 kv.m sahədən ibarət olan 3 saylı mənzilə tutmanın yönəldilməsini, ipoteka predmetinin açıq hərracda satılmasını və vaxtı keçmiş əsas borc məbləğinə 22 noyabr 2014-cü il tarixdən 25 fevral 2021-ci il tarixə qədər isə illik 20% dərəcəsi ilə hesablanmış cəmi 8103,50 manat məbləğində zərərin, 25 fevral 2021-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 15864,99 manat məbləğində penyanın, cəmi 23968,49 manat pul vəsaitinin, 38 manat rüsumların xeyrinə tutulmasını xahiş etmişdir. 2021-ci ilin fevral ayında müqavilə üzrə bütün borcu tamamilə ödəmişdir. Odur ki, hazırkı iddia tələbini əsassız hesab edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 22 noyabr 2010-cu il tarixli, **********10 nömrəli kredit müqaviləsinin surətindən müəyyən edilir ki, "xxxx" ASC-nin Şabran filialı X3 48 ay müddətinə, illik 25% ödəmək şərti ilə, 30000 manat məbləğində kredit vermişdir. Eyni tarixli, 122001/0150/10/09 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, 22 noyabr 2010-cu il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətindəki Siyəzən şəhəri, T.İsmayılov küçəsi 16 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26.9 kv.m yaşayış, 14.4 kv.m yardımçı, ümumi 41.3 kv.m sahədən ibarət olan 3 saylı mənzil ipotekaya qoyulmuşdur. İpoteka predmetinin qiyməti 25 000 manat məbləğində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən 27 noyabr 2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ipoteka predmetini təşkil edən Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 16 saylı binada yerləşən 3 nömrəli mənzil mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan iddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Əliağa Bağırovun iddiaçı Bank qarşısında icra edilməmiş öhdəliyi əldən çıxmış fayda üzrə kreditin müddətinin bitməsi tarixindən, yəni 24 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixinədək illik 5 %, 30 iyun 2019-cu il tarixdən vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarılması tarixinədək, yəni 25 fevral 2021-ci il tarixədək illik 22 % dərəcəsi ilə faizlər şəklində hesablanmaqla, 8103,50 manat, cərimə faizləri üzrə 15864,99 manat təşkil edir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 26 dekabr 2018-ci il tarixli, 2(105)-31/2018 saylı qətnaməsinin surətindən görünür ki, 22 noyabr 2010-cu il tarixli, **********10 nömrəli kredit müqaviləsi üzrə X1 "xxxx" ASC-nin xeyrinə 15241 manat əsas, 6333,04 manat faiz, 200 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 32 manat, sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 16 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun əvəzi olaraq, cəmi 21852,04 manat pulun tutulması, tələbin Əliağa Bağırova məxsus ipoteka predmeti olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 10 saylı evin 12-ci mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 28000 manat olmaqla, açıq hərracdan satılması, satışdan əldə edilmiş pulun cavabdehin banka olan 21852,04 manat borcuna tutulması qət edilmişdir. İşdə olan “X4” MMC tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli, 458 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 16 saylı evin 3-cü mənzilinin ilkin satış (likvid) qiyməti 24300 manat müəyyən edilmişdir. İşdə olan “X4” MMC-nin 14 sentyabr 2021-ci il tarixli, 458 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 sentyabr 2021-ci il tarixli, 9/5740 nömrəli və 24 may 2022-ci il tarixli, 9/1182 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri cəmi 290 manat təşkil edir. İşdə olan sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş qeydiyyat orqanı tərəfindən müvafiq qaydada qeydiyyata alınmışdır. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, "xxxx" ASC iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmiş, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 8 manat məbləğində xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, üçüncü şəxs X5 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, üçüncü şəxs Əliağa Bağırov yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik 5 (beş) faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Bu mənada məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin Şabran filialı ilə X5 arasında 22 noyabr 2010-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən sonuncu bankdan 48 ay müddətinə, illik 25% ödəmək şərti ilə, 30000 manat məbləğində kredit almış, lakin, öhdəliyini lazımınca icra etmədiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 26 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən sözügedən kredit müqaviləsi üzrə Əliağa Bağırovdan "xxxx" ASC-nin xeyrinə 15241 manat əsas, 6333,04 manat faiz, 200 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 32 manat, sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 16 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun əvəzi olaraq, cəmi 21852,04 manat pulun tutulması, tələbin Əliağa Bağırova məxsus ipoteka predmeti olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 10 saylı evin 12ci mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 28000 manat olmaqla, açıq hərracdan satılması, satışdan əldə edilmiş pulun cavabdehin banka olan 21852,04 manat borcuna yönəldilməsi qət edilmişdir. Eyni zamanda, işin faktiki hallarından, o cümlədən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlardan da göründüyü kimi üçüncü şəxs Əliağa Bağırovun 22 noyabr 2014cü il tarixə vaxtı keçmiş əsas məbləğ üzrə borcu 15241 manat təşkil etmiş, bu məbləğ öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməklə, yanaşı, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da ödənilməmişdir. Belə olan halda, iddiaçı bankın müqavilə müddəti bitdikdən sonrakı dövr üçün, yəni 22 noyabr 2014cü il tarixdən 30 iyun 2019-cu il tarixədək gecikdirilmiş vaxta görə illik 5 (beş) faiz dərəcəsi ilə zərər (əldən çıxmış fayda) tələb etməkdə haqlıdır. Deməli tələb bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Lakin, aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatlarında Əliağa Bağırovun "xxxx" ASC-yə ödənilməli əsas və faiz borcunun qalmadığı müəyyən edilməklə, yanaşı 22 noyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin, penyanın və əldən çıxmış faydanın hesablanması göstərilmədiyindən Əliağa Bağırovun cərimə borcu hesablanmamışdır. Bu səbəbdən də, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün, yəni 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixədək gecikdirilmiş vaxta görə illik 5 (beş) faiz dərəcəsi ilə zərərin (əldən çıxmış faydanın) məhkəmənin özü tərəfindən hesablanması daha məqsədəmüvafiqdir. Buna baxmayaraq, məhkəmə, iddianın "vaxtı keçmiş əsas borc məbləğinə 30 iyun 2019-cu il tarixdən 25 fevral 2021-ci il tarixədək müddət üçün 20% dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzinin tutulması" münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bu Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinin "ondan faydalanmağa görə" müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Həmin qərarda eyni zamanda göstərilir ki, MM-in 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan "istifadə hüququna" həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in "öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti" nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada "faydalanma" və "(qanunsuz) istifadə" sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Hazırkı vəziyyətdə isə üçüncü şəxsin, habelə cavabdeh tərəfin kredit müqaviləsi üzrə iddiaçıya çatası pul vəsaitini qanunsuz saxlaması, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanması (müəyyən gəlir, artım, bəhər və s. əldə etməsi) təqdim edilmiş sübutlarla öz təsdiqini tapmır. Deməli, iddia tələbinin qeyd edilən hissəsinin təmin edilməsi məqsədəmüvafiq deyildir, o cümlədən istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Kredit müqaviləsinin 2.3-cü bəndinə görə borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduqda borcalan banka vaxtı ötmüş borc məbləğinə gecikdirmənin hər günü üçün illik 40 % faiz dərəcəsi ilə hesablanmış cərimə faizləri ödəyir. Beləliklə, məhkəmə, Mülki Məcəllənin qeyd edilən maddələrinə əsaslanaraq hesab edir ki, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış penyanın ödənilməsi vəzifəsi kredit müqaviləsində müəyyənləşdirilmədiyindən, həmçinin cavabdeh bu barədə hər hansı bir öhdəlik götürmədiyindən iddia tələbinin penyanın tutulmasına aid hissəsi təmin edilməməlidir. Bundan əlavə, kredit müqaviləsinin yuxarıda qeyd olunan bəndinə əsasən borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduqda borcalan banka vaxtı ötmüş borc məbləğinə gecikdirmənin hər günü üçün illik 40 % faiz dərəcəsi ilə hesablanmış cərimə faizləri ödəyir. İddiaçının tələbinin qanuni əsası kimi istinad etdiyi bu halın özü də tələb üzrə penyanın ödənilməsi üçün kifayət deyildir. Çünki, iddiaçı ərizəsində bu bəndin məzmununu “...hesablanmış penyanın ödənilməsi” kimi göstərməklə, hüquqi nəticə yaratmağa çalışsa da, müqavilənin hərfi məzmunundan da göründüyü kimi həmin bənddə cərimənin ödənilməsindən söhbət gedir. Eyni zamanda, cərimənin ödənilməsi məsələsi Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə öz həllini tapmışdır ki, bu da həll olunmuş məsələyə yenidən hüquqi qiymət verilməsini istisna edir. Deməli, bu halda da iddia tələbi üzrə penyanın tutulması üçün əsaslar yaranmamışdır. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edildi ki, 22 noyabr 2010-cu il tarixli kredit müqaviləsinin təminatı kimi eyni tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətindəki Siyəzən şəhəri, T.İsmayılov küçəsi 16 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26.9 kv.m yaşayış, 14.4 kv.m yardımçı, ümumi 41.3 kv.m sahədən ibarət olan 3 saylı mənzili iddiaçı bank qarşısında ipoteka ilə yüklü etmişdir. "xxxx" ASC 30000 manat məbləğində pulu Əliağa Bağırova verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə üçüncü bu müqavilə üzrə öhdəliyi lazımınca, o cümlədən vaxtında icra etməməklə, müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, Əliağa Bağırov iddiaçı banka 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixədək müddət ərzində 15241 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla, 3509,66 manat zərər vurmuşdur. Eyni zamanda, “X4” MMC tərəfindən 14 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə rəyinə əsasən ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 24300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyasının 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyasının 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyasının 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Bu Qanunun 30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyasında 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranır. Bu Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Bu Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, ipoteka predmeti olmaqla, Cavabdeh1 mülkiyyətindəki Siyəzən şəhəri, T.İsmayılov küçəsi 16 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26.9 kv.m yaşayış, 14.4 kv.m yardımçı, ümumi 41.3 kv.m sahədən ibarət olan 3 saylı mənzilə tutma yönəldilməklə, həmin əmlak açıq hərracda satılmalı və 22 noyabr 2010-cu il tarixli, **********10 saylı kredit müqaviləsi üzrə üçüncü şəxs X2 iddiaçı "xxxx" ASC qarşısında vaxtı keçmiş əsas borc məbləğinə 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 3509,66 manat məbləğində zərər (əldən çıxmış fayda), ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın 15%-i, yəni 4,50 manatı, sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 8 manat məbləğində çəkilmiş əlavə xərclərin 15 %-i, yəni 1,20 manatı ipoteka predmetinin dəyərindən tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməli, borc və xərclər ödənildikdən sonra qalan pul vəsaiti Cavabdeh1 qaytarılmalı, həmçinin iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15%-i, yəni 4,50 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 birgə qaydada tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Həmçinin, ipoteka haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq, eləcə də tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetini təşkil edən mənzilin ilkin satış (likvid) qiyməti 24 300 manat məbləğində müəyyən edilməli və bu mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oradan çıxarılmalıdırlar. Eyni zamanda, məhkəmə hesab edir ki, "mənzil satıldıqdan sonra cavabdehlərin ailə üzvlərinin və digər şəxslərin 1 ay ərzində oranı tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması" barədə iddiaçının tələbi, qeyd edilən ünvanda yaşayan ailə üzvlərinin, eləcə də digər şəxslərin adları konkret göstərilmədiyindən və həmin şəxslərin dairəsi qeyri-müəyyən olduğundan təmin edilməməlidir. İş materiallarından göründüyü kimi ipoteka predmetinin dəyəri müvafiq olaraq 24300 manat məbləğində qiymətləndirilmişdir. Üçüncü şəxsin iddiaçıya kredit müqaviləsi üzrə borcu isə cəmi 3509,66 manat dəyərində müəyyən edilmişdir. Göründüyü kimi ipoteka predmetinin dəyəri, ilkin satış qiyməti (likvid) faktiki mövcud olan borcun tamamilə ödənilməsini təmin etmək qabiliyyətindədir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən cəmi 290 manatın 85%-i, yəni 246,50 manatı iddiaçı "xxxx" ASC-dən, 15%-i, yəni 43,50 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməli, aparılmış məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 manatın 85 %-i, yəni 255 manatı iddiaçı bankdan, qalan 15 %-i, yəni 45 manatı isə cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialındakı hesablaşma hesabına keçirilməlidir. Şərh olunanlara əsasən vəAzərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. İpoteka predmeti olmaqla, Cavabdeh1 mülkiyyətindəki Siyəzən şəhəri, T.İsmayılov küçəsi 16 saylı evin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, 26.9 kv.m yaşayış, 14.4 kv.m yardımçı, ümumi 41.3 kv.m sahədən ibarət olan 3 saylı mənzilə tutma yönəldilməklə, həmin əmlak açıq hərracda satılsın və 22 noyabr 2010-cu il tarixli, **********10 saylı kredit müqaviləsi üzrə üçüncü şəxs X2 iddiaçı "xxxx" ASC qarşısında vaxtı keçmiş əsas borc məbləğinə 22 noyabr 2014-cü il tarixdən 30 iyun 2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 3509,66 (üç min beş yüz doqquz manat 66 qəpik) manat məbləğində zərər (əldən çıxmış fayda), ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın 15%-i, yəni 4,50 (dörd manat 50 qəpik) manatı, sənədlərin notariat qaydada təsdiq edilməsinə görə 8 manat məbləğində çəkilmiş əlavə xərclərin 15 %-i, yəni 1,20 (bir manat 20 qəpik) manatı ipoteka predmetinin dəyərindən tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. Borc və xərclər ödənildikdən sonra qalan pul vəsaiti Cavabdeh1 qaytarılsın. İpoteka predmetini təşkil edən mənzilin ilkin satış (likvid) qiyməti 24 300 (iyirmi dörd min üç yüz) manat məbləğində müəyyən edilsin və bu mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oradan çıxarılsınlar. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15%-i, yəni 4,50 (dörd manat 50 qəpik) manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 birgə qaydada tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən cəmi 290 manatın 85%-i, yəni 246,50 (iki yüz qırx altı manat 50 qəpik) manatı iddiaçı "xxxx" ASCdən, 15%-i, yəni 43,50 (qırx üç manat 50 qəpik) manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Aparılmış məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manatın 85 %-i, yəni 255 (iki yüz əlli beş) manatı iddiaçı "xxxx" ASC-dən, qalan 15 %-i, yəni 45 (qırx beş) manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialındakı (kod-201218, VÖEN(bank) **********, m/hAZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ64AİİB400900C**********208) hesablaşma hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-35/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-35/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver