Məhkəmə qərarları › İş №2(059)-351/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-351/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-351/2020 05.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, X1nun, Cavabdeh iştirakları ilə X1nun Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1400 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 1430 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 222 kv.m, yaşayış sahəsi 114,1 kv.m, yardımçı sahəsi 107,9 kv.m olan, iki mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh ailəsi ilə birlikdə xx xxxx 2016-cı il tarixdən etibarən kirayə müqaviləsi əsasında bu evin 1 otağında yaşamağa başlamış, kirayənin müddəti xx xxxx 2026-cı il tarixədək müəyyən edilmiş, habelə xx xxxxxx 2020-ci il tarixdə bu müqaviləyə dəyişiklik edilməklə, müəyyən edilmiş müddət xx xxxxxx 2022-ci il tarixədək azaldılmışdır. Bundan əlavə, cavabdeh kirayə qaldığı müddətdə əvvəlcə aylıq 34 manat, daha sonra 200 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü bu öhdəliyi lazımınca icra etməmiş, o cümlədən onun evində yaşadığı ötən müddət ərzində ödənişləri tam şəkildə yerinə yetirməmiş, nəticədə kirayə haqqı üzrə 1400 manat borcu yaranmışdır. Cavabdeh yaranmış borcunu verməkdən imtina etməsə də, hər dəfə sonuncudan bu pulu istəyərkən o, ödəyəcəyi ilə bağlı vəd verməsinə baxmayaraq, ona da əməl etmir. Hətta, Cavabdeh ona kirayə müqaviləsi üzrə yaranmış 1400 manat borcunu xx xxxxx 2020-ci il tarixədək ödəyəcəyinə dair qəbz belə vermişdir. Lakin, həmin müddət də bitdiyindən artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, 2014-cü il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N nömrəli hərbi hissəsində xidmətə başlamışdır. Xidməti evlə təmin olunmadığı üçün xx xxxx 2016-cı il tarixdən etibarən kirayə müqaviləsi əsasında iddiaçıya məxsus Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən evin 1 otağında əvvəl tək, sonra isə ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Bundan əlavə, hər ay iddiaçıya 200 manat kirayə haqqı ödəməyi öhdəsinə götürsə də, maddi çətinliklər səbəbindən ödənişlərində gecikmələr yaranmış, nəticədə hazırkı vaxtadək iddiaçıya 1400 manat kirayə borcu qalmışdır. O, bu borcu etiraf edir və imkan daxilində bir il ərzində pulunu ödəyəcəyinə söz verir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə almaqla, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 222 kv.m, yaşayış sahəsi 114,1 kv.m, yardımçı sahəsi 107,9 kv.m olan, iki mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan tərəflərin arasında xx xxxx 2016-cı il tarixdə bağlanmış mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsinə) əsasən iddiaçı X6 şəhəri, 32/33-cü məhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 222 kv.m, yaşayış sahəsi 114,1 kv.m, yardımçı sahəsi 107,9 kv.m olan, iki mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin 20 kvadrat metrdən ibarət olan 1 otağını aylıq 34 manat ödənilməsi şərti ilə, xx xxxx 2026-cı il tarixədək Cavabdeh kirayəyə vermiş, habelə tərəflərin imzaladıqları xx xxxxxx 2020-ci il tarixli kirayə müqaviləsində dəyişiklik edilməsinə dair müqavilə ilə kirayə müddəti xx xxxxxx 2022-ci il tarixədək azaldılmaqla, kirayə haqqı aylıq 200 manat məbləğində müəyyən edilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixdə Cavabdeh tərəfindən tərtib edilmiş qəbzdən, həmçinin sonuncunun xx xxxxxx 2020-ci il tarixdə tərtib etdiyi ərizədən görünür ki, o, iddiaçıya 1400 manat borcunun olduğunu etiraf etmişdir. İşdə olan dövlət rüsumunun ödənilməsi dair qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən müvafiq məbləğdə dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin arasında xx xxxx 2016-cı il tarixdə bağlanmış mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsinə) əsasən iddiaçı X6 şəhəri, 32/33-cü məhəllədə yerləşən fərdi yaşayış evinin 20 kvadrat metrdən ibarət olan 1 otağını aylıq 34 manat ödənilməsi şərti ilə, xx xxxx 2026-cı il tarixədək Cavabdeh kirayəyə vermiş, habelə tərəflərin imzaladıqları xx xxxxxx 2020-ci il tarixli kirayə müqaviləsində dəyişiklik edilməsinə dair müqavilə ilə kirayə müddəti xx xxxxxx 2022-ci il tarixədək azaldılmaqla, kirayə haqqı aylıq 200 manat məbləğində müəyyən edilmişdir. Lakin, cavabdeh üzərinə götürdüyü bu öhdəliyi lazımınca icra etməmiş, o cümlədən iddiaçının evində yaşadığı ötən müddət ərzində ödənişləri tam şəkildə yerinə yetirməmiş, nəticədə kirayə haqqı üzrə 1400 manat borcu yaranmışdır. Qeyd olunan bu borc məbləği Cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş qəbz, həmçinin xx xxxxxx 2020-ci il tarixdə tərtib etdiyi ərizələrlə etiraf edilmişdir. Bundan əlavə, kirayə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciətlər (xəbərdarlıqlar) edilsə də, bunun nəticəsi olmamışdır. Hazırda cavabdehin iddiaçıya 1400 manat məbləğində kirayə borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Bu Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə kirayə müqaviləsi bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh X1nun xeyrinə 1400 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1430 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1nun xeyrinə 1400 manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1430 (bir min dörd yüz otuz) manat pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar