Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-352/2021 14.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "İddiaçı" ASC Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18 sentyabr 2019-cu il tarixli, GTZK1479306A155 saylı kredit müqaviləsi üzrə 3151,15 manat əsas, 737,47 manat faiz olmaqla, cəmi 3888,62 manat, eləcə də, 29 noyabr 2019-cu il tarixli, BRED1661471A155 saylı kredit xətti müqaviləsi üzrə 215 manat əsas, 34,79 manat faiz olmaqla, cəmi 249,79 manat borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 25% dərəcəsi ilə 3900 manat kredit verilmiş, həmçinin 29 noyabr 2019-cu tarixli kredit xətti müqaviləsiyə əsasən 09 sentyabr 2022-ci il tarixədək illik 25% dərəcəsi ilə 250 manat məbləğində artırıla bilən kredit xətti açılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və onlara hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, müqavilələrin bu şərtlərini pozaraq kreditlərin və kredit faizlərinin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, 18 sentyabr 2019-cu il tarixli kredit və 29 noyabr 2019-cu il tarixli kredit xətti müqavilələri üzrə cavabdehin iddiaçı Banka ümumilikdə 4138,41 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "İddiaçı" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 18 sentyabr 2019-cu il tarixli, GTZK1479306A155 saylı kredit müqaviləsindən müəyyən edilir ki, "İddiaçı" ASC Cavabdeh gündəlik tələbat məqsədi ilə 36 ay müddətinə, illik 25% ödəmək şərti ilə 3900 manat məbləğində kredit vermişdir. İşdə olan 29 noyabr 2019-cu il tarixli, BRED1661471A155 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı bank cavabdehə 09 sentyabr 2022-ci il tarixədək illik 25% dərəcəsi ilə 250 manat məbləğində kredit xətti açmış və kredit xəttinin məbləğinin 15000 manatadək artırıla biləcəyi müəyyən edilmişdir. İşdə olan 18 sentyabr 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "İddiaçı" ASC Cavabdeh oğluna 3900 manat ödəmişdir. İşdə olan "İddiaçı" ASC-nin 27 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20 aprel 2020-ci il tarixli, GTZK1479306A155 saylı kredit müqaviləsinə əsasən 19 may 2021-ci il tarixə “İddiaçı" ASC-yə 3151,15 manat əsas, 737,47 manat faiz olmaqla, cəmi 3888,62 manat, 29 noyabr 2019-cu il tarixli, BRED1661471A155 saylı kredit xətti müqaviləsi üzrə isə 215 manat əsas, 34,79 manat faiz olmaqla, cəmi 249,79 manat borcu var. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2020-ci il tarixli axırıncı bildiriş məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar "İddiaçı" ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 26 may 2021-ci il tarixli qəbzdən görünür ki, "İddiaçı" ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh oğlu öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit və kredit xətti müqavilələrinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 18 sentyabr 2019cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 25% dərəcəsi ilə 36 ay müddətinə 3900 manat kredit verilmiş, habelə İddiaçı ASC həmin məbləğdə pulu Cavabdeh oğluna verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, Cavabdeh banka əsas borc üzrə 3151,15 manat, faiz borcu üzrə isə 737,47 manat olmaqla, cəmi 3888,62 manat borcu yaranmışdır. Bundan başqa, 29 noyabr 2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı "İddiaçı" ASC tərəfindən Cavabdeh 09 sentyabr 2022-ci il tarixədək illik 25% dərəcəsi ilə 250 manat məbləğində kredit xətti açılmışdır. "İddiaçı" ASC həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi də, yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə də öhdəliyi icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, Cavabdeh banka əsas borc üzrə 215 manat, faiz borcu üzrə 34,79 manat olmaqla, cəmi 249,79 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 18 sentyabr 2019-cu il tarixli, GTZK1479306A155 saylı kredit müqaviləsi üzrə 3151,15 manat əsas, 737,47 manat faiz olmaqla, cəmi 3888,62 manat, eləcə də, 29 noyabr 2019cu il tarixli, BRED1661471A155 saylı kredit xətti müqaviləsi üzrə 215 manat əsas, 34,79 manat faiz olmaqla, cəmi 249,79 manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutularaq ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 18 sentyabr 2019-cu il tarixli, GTZK1479306A155 saylı kredit müqaviləsi üzrə 3151,15 manat əsas, 737,47 manat faiz olmaqla, cəmi 3888,62 (üç min səkkiz yüz səksən səkkiz manat 62 qəpik) manat, 29 noyabr 2019-cu il tarixli, BRED1661471A155 saylı kredit xətti müqaviləsi üzrə isə 215 manat əsas, 34,79 manat faiz olmaqla, cəmi 249,79 (iki yüz qırx doqquz manat 79 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh oğlundan iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutularaq ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-352/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-352/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver