Məhkəmə qərarları › İş №2(059)-38/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-38/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-38/2021 28.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "sərf edilmiş elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "sərf edilmiş elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə sərf edilmiş elektrik enerjisinə görə yaranmış 3620,50 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlər onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş arayışdan və abunə haqqında məluatdan göründüyü kimi abonent kodu **********00034 olan Cavabdeh iddiaçı "xxxx" ASC-yə elektrik enerjisinin istehlakına görə 3620,50 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, **********00034 abunə kodu olan Cavabdeh adına tərtib edilmiş abunəçi haqqında geniş bildiriş vərəqəsindən, 16 dekabr 2016-cı il tarixli, 050754 nömrəli, 10 noyabr 2017-ci il tarixli, 081419 nömrəli, 19 may 2017-ci il tarixli, 063754 nömrəli aktların surətlərindən, eləcə də 13 iyul 2020-ci il tarixli, SD 114 nömrəli borc barədə arayışdan görünür ki, Siyəzən rayonu, Gilgilçay qəsəbəsində enerji sərfiyyatına görə yaranmış borc 3620,50 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, 9/2121 saylı ekspert rəyindən görünür ki, Siyəzən rayonu, Gilgilçay qəsəbəsində yerləşən fərdi yaşayış sahəsində yaşayan (abonent kodu- **********00034) Cavabdeh borcu mövcud olan avadanlıqlar nəzərə alınmaqla, sualda qeyd olunan aktlar əsasında 3620,50 manat təşkil edir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş elektrik enerjisinin miqdarı müəyyən edilməklə, Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla, borc qalığı hesablanır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli, 9/2121 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan 28 avqust 2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, Cavabdeh “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Bu Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Yenə bu Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Beləliklə, qeyd edilməlidir ki, cavabdehin sahibliyində və istifadəsində olan Siyəzən rayonu, Gilgilçay qəsəbəsində yerləşən evin enerji sərfiyyatına və müvafiq aktlara görə yaranmış borcu mövcuddur və realdır, o cümlədən sayğacın göstəriciləri əsasında hesablanmışdır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, **********00034 abunə kodu olan Cavabdeh adına tərtib edilmiş abunəçi haqqında geniş bildiriş vərəqəsinə əsasən Siyəzən rayonu, Gilgilçay qəsəbəsində yerləşən evdə enerji sərfiyyatına və müvafiq aktlara görə yaranmış borc 3620,50 manat təşkil edir. Belə ki, Cavabdeh “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləni bağlamaqla üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, həmçinin, sözügedən müqavilə üzrə yaranmış borcunu ödəməməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh sərf edilmiş elektrik enerjisinə görə 3620,50 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3650,50 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3620,50 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 3650,50 (üç min altı yüz əlli manat 50 qəpik) manat tutulsun. Aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar