Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-391/2022 01.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi olaraq 364,80 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 394,80 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı iddia ərizəsində göstərilən tələbini onunla əsaslandırmışdır ki, Siyəzən rayon Məşrif kənd sakini Cavabdeh məxsus qoyun sürüsü 24 aprel və 01 may 2022-ci il tarixlərində mülkiyyətində olan Siyəzən rayon Qozağacı kənd ərazisində yerləşən 1,7 ha arpa əkilmiş pay torpaq sahəsinə girərək əkinə xeyli miqdarda maddi ziyan vurduğuna görə qoyun sürüsünün sahibinə ziyanın ödənilməsi barədə müraciət edilsə də, sonuncu ziyanı ödəməyəcəyini bildirmişdir. Odur ki, o, ziyanın ödənilməsi ilə əlaqədar ilk öncə yerli İcra Hakimiyyətinə və bələdiyyə sədrinə, habelə digər aidiyyəti təşkilatlara müraciət etmişdir. Müraciəti əsasında aidiyyəti təşkilatlar Siyəzən rayon Məşrif kənd sakini Cavabdeh məxsus qoyun sürüsü tərəfindən arpa sahəsinə ziyanın vurulması faktını və həcmini təsdiq edən akt, habelə vurulan maddi ziyanın məbləği haqqında mütəxəssis rəyi tərtib etmişdir. Belə ki, 05 may 2022-ci il tarixdə Siyəzən rayon Məşrif bələdiyyəsi sədrinin və yerli İcra Hakimiyyəti başçısının Məşrif kənd İƏD üzrə nümayəndəsinin birgə iştirakı ilə cavabdeh tərəfindən adıgedən əkin sahəsinə ciddi ziyanın vurulması haqqında akt tərtib edilmişdir. Habelə, X13 İnkişaf Mərkəzinin məsul əməkdaşları tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsində becərilən 1,7 ha arpa sahəsinin 0,40 hektarında xırdabuynuzlu heyvanlar əkini otlamış, dırnaqları ilə əkini əzmiş və qismən yararsız hala salmışdır və bu faktı tərəflərindən 10 may 2022-ci il tarixdə tərtib etdikləri aktla təsdiq etmişlər. Habelə, X13 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun mütəxəssisi 10 may 2022-ci il tarixli rəyi ilə iddiaçıya məxsus torpaq sahəsində becərdiyi 1,70 ha arpa sahəsinin 0,40 hektarına vurulan maddi ziyanın məbləğini hesablayaraq 364,80 manat olmasını müəyyən etmişdir. Göründüyü kimi yerli İcra Hakimiyyəti, bələdiyyə və X13 İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən Siyəzən rayon Məşrif kənd sakini Cavabdeh məxsus qoyun sürüsü tərəfindən iddiaçıya ziyan vurulması faktını və həcmini təsdiq edən akt, habelə maddi ziyanın məbləği haqqında mütəxəssis rəyi tərtib edilsə də, hesablanmış maddi ziyanın alınıb verilməsi onların səlahiyyətinə aid olmadığına görə o, məhkəməyə müraciət edərək, hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini, habelə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ona məxsus olan qoyun sürüsü iddiaçıya aid əkin sahəsinə girməmişdir. Belə ki, o, qoyunlarını Məşrif kəndindəki neft mədənləri olan əraziyə yerləşdirmişdir. Onun təsərrüfatında olan 500 baş qoyun əgər 1 ha əraziyə daxil olarsa, orada əkindən əlamət qala bilməzdi. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddia ərizəsini nəzərə alıb, cavabdehin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Şahid1 ifadəsində göstərdi ki, cavabdeh arvadının əmisidir, iddiaçını isə kənd sakini kimi tanıyır. 24 aprel və 01 may 2022-ci il tarixlərdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulunda iştirak edən iddiaçının şikayəti ilə əraziyə gedib akt tərtib etmişlər. Aktı bələdiyyə sədri Şahid2 tərtib etmiş, o, isə imzalamışdır. Eyni zamanda, iddiaçının müraciəti əsasında əraziyə baxış keçirilmiş, bu zaman əkin sahəsinin əzilmiş olduğunu görsələr də, cavabdehin heyvanlarını həmin vaxt orada görməmişlər. Bundan əlavə, ərazidə qoyun və mal izləri olsa da, akt iddiaçının sözlərinə istinadən yazılmışdır. Şahid2 ifadəsində göstərdi ki, o, hər iki tərəflə uzaqdan qohum olmaqla, onlarla normal münasibətdədir. İlk dəfə İddiaçı, daha sonra isə Atabala Zülfüqarovun ona zəng edib bildirməsindən sonra sözügedən əkin sahəsinə gedib yerində baxış keçirsə də, orada heç bir heyvan görməmişdir. İlk dəfə hadisə baş verən gün oraya gedib baxış keçirərkən, İddiaçı orada olmuş, daha sonra Cavabdeh da oraya gəlib, hadisənin çobanın səhlənkarlığından olduğunu etiraf edərək, sürüləri əkin sahəsinə nə səbəbə buraxdığına görə çobanı danlamışdır. Hadisə ikinci dəfə baş verdikdən sonra oraya getdiyində isə əraziyə heyvan sürüsünün girməsi faktı məlum olsa da, orada heç bir qoyun sürüsünə rast gəlməmiş, habelə həmin vaxt Cavabdeh da həmin ərazidə olmamışdır. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 05 may 2022-ci il tarixdə Məşrif kənd sakinləri ilə keçirdiyi səyyar qəbul zamanı Atabala Zülfüqarov çıxışında hadisə ilə əlaqədar heç bir aktın tərtib edilmədiyini səsləndirdiyi üçün o, həmin günə qədər tərəflərin barışmasını düşünüb aktı tərtib etməsə də, Atabalanın təkidi ilə 05 may 2022-ci il tarixdə İddiaçı məxsus arpa sahəsinə qoyun sürüsünün girərək əkinə ziyan vurmasına dair aktı tərtib etmişdir. İddiaçı əkin sahəsinə Cavabdeh məxsus qoyun sürülərinin girdiyini israrla bildirməsinə baxmayaraq, o, hər iki halda özü orada cavabdehin heyvan sürüsünü görməmişdir. Lakin, İddiaçı və Atabala Zülfüqarovun təkidi ilə sonuncuların söylədiyinə istinadən sözügedən əkin sahəsinə daxil olmuş sürülərin Cavabdeh məxsus olmasını aktda qeyd etmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN seriyalı 0002 nömrəli, 30506038 kodlu dövlət aktının surətindən görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 35-11 nömrəli qərarı ilə 6,66 ha torpaq sahəsi, Siyəzən rayon Qozağacı kənd sakinləri X2, X1, X3, X4 və İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan 05 may 2022-ci il tarixdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid1, Məşrif bələdiyyəsinin sədri Şahid2, Qozağacı kənd sakini Atabala Zülfüqarovun və İddiaçı tərtib etdikləri aktdan görünür ki, 24 aprel 2022-ci il və 01 may 2022-ci il tarixlərdə Siyəzən rayon Məşrif kənd sakini Cavabdeh məxsus qoyun sürüsü həmi rayonun Qozağacı kəndi ərazisində İddiaçı məxsus 1,70 ha arpa əkilmiş pay torpaq sahəsinə girərək əkinə ciddi ziyan vurmuşdur. İşdə olan 10 may 2022-ci il tarixdə X13 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi X5, həmin sektorun böyük məsləhətçisi X6 və İddiaçı tərtib etdikləri aktdan görünür ki, həmin tarixdə X13 İnkişaf Mərkəzinin nümayəndələri tərəfindən Qozağacı kənd sakini İddiaçı becərdiyi 1,70 ha arpa sahəsinə baxış keçirilmiş, baxış zamanı sonuncuya məxsus torpaq sahəsinin 0,40 ha hissəsini xırdabuynuzlu heyvanların sünbülləmə fəzasında olduğu müddətdə əkini otlaması, dırnaqları ilə əzməsi və qismən yararsız hala salması müəyyən edilmişdir. İşdə olan X13 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi Seymur Müxtəsənov tərəfindən 10 may 2022-ci il tarixdə tərtib edilmiş rəydən görünür ki, 2021-ci ilin əkin dövründə Siyəzən rayonu üzrə arpa sahəsinin hər hektarına düşən orta məhsuldarlıq 22,80 sentner olduğu üçün 0,40 ha arpa sahəsindən 912 kq arpa məhsulunun gözlənildiyini müəyyən etmiş, mövcud bazar qiyməti ilə 1 kq arpa 0,40 manat olduğundan İddiaçı dəymiş ziyan 364,80 manat məbləğində hesablanmışdır. İşdə olan 17 may 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 30 (otuz) manat rüsum ödəmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinin İ və İİ hissəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yenə bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yenə bu Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbləri, eləcə də tədqiq edilmiş sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, heyvanın nəzarət altında olmasından, itməsindən və ya qaçmasından asılı olmayaraq heyvanın başqalarına vurduğu zərərin əvəzini ödəməyə məhz həmin heyvanın sahibi borcludur. Hazırda, iddiaçı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə xırda buynuzlu heyvanların daxil olması ilə əlaqədar əkininə ziyan dəydiyinə görə ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir ki, bu da mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, tərəflərin izahatı, şahidlərin ifadələri, toplanmış, habelə tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, 24 aprel 2022-ci il və 01 may 2022-ci il tarixlərdə xırdabuynuzlu heyvanların İddiaçı ümumi birgə mülkiyyətdə olan 1,70 ha torpaq sahəsinə daxil olmaqla, sonuncunun əkininin bir qismini, yəni 0,40 ha hissədə olan əkinini yararsız hala salması müəyyən edilsə də, ora zərər vuran heyvanların məhz Cavabdeh məxsus olması işin faktiki halları və təqdim edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Hətta, tələbin əsası kimi istinad edilməklə, 05 may 2022-ci il tarixdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid1, Məşrif bələdiyyəsinin sədri Şahid2, Qozağacı kənd sakini Atabala Zülfüqarov və iddiaçı tərəfindən tərtib edilmiş aktda heyvanların Cavabdeh məxsus olması göstərilsə belə, bu hal həmin aktı tərtib edən Şahid1, eləcə də Şahid2 şahid ifadələri ilə təkzib edilmişdir. Bilərəkdən yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıdıqları izah edilmiş, habelə bununla əlaqədar iltizamları alınmış şahidlər, o cümlədən Şahid1 məlum aktı iddiaçının şikayəti ilə əlaqədar əraziyə gedib tərtib etdiklərini bildirsə də, Şahid2 bu aktın İddiaçı və Atabala Zülfüqarovun təkidi ilə sonuncuların söylədikləri əsasında yazıldığını qeyd etmişdir. Göründüyü kimi 05 may 2022-ci il tarixli akt heyvanları iddiaçının ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində birbaşa görməyən, habelə onların həqiqətən də cavabdehə məxsus olmasını müəyyən etməyən şəxslər tərəfindən tərtib edilmişdir ki, bu da aktın əslində iddiaçı tərəfin təkidi ilə tərtib edilməsinə dəlalət edir. Beləliklə, şahidlər ifadələrində işin faktiki halları ilə bağlı baş verənləri təfərrüatlı şəkildə izah etmiş, habelə bu zaman fikirlərini səlis şəkildə ifadə etməklə, işin həqiqi hallarını dəqiqliklə aydınlaşdırmışlar. Bu səbəbdən də, şahidlər Şahid1 və Şahid2 ifadələri obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalı, 05 may 2022-ci il tarixli akt isə cavabdehə məxsus məqam şahid ifadələri ilə təkzib edildiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Bununla da, iddiaçının ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindəki əkinə zərər vurması qeyd edilən heyvanların cavabdehə məxsus olması faktı müəyyən edilmədiyindən, habelə İddiaçı Cavabdeh tərəfindən hər hansı bir formada ziyan vurulması faktı iş materiallarında olan mövcud mötəbər sübutlarla öz təsdiqini tapmadığından məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən tələb üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-391/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-391/2022
01.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver