Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-392/2022 01.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi olaraq 319,20 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 349,20 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Məşrif kənd sakini Cavabdeh məxsus qoyun sürüsü 24 aprel və 01 may 2022-ci il tarixlərində mülkiyyətində olan Siyəzən rayon Qozağacı kənd ərazisində yerləşən 1,32 ha arpa əkilmiş pay torpaq sahəsinə girərək əkinə xeyli miqdarda maddi ziyan vurduğuna görə qoyun sürüsünün sahibinə ziyanın ödənilməsi barədə müraciət edilsə də, sonuncu ziyanı ödəməyəcəyini bildirmişdir. Odur ki, o, ziyanın ödənilməsi ilə əlaqədar ilk öncə yerli İcra Hakimiyyətinə və bələdiyyə sədrinə, habelə digər aidiyyəti təşkilatlara müraciət etmişdir. Müraciəti əsasında aidiyyəti təşkilatlar Siyəzən rayon Məşrif kənd sakini Cavabdeh məxsus qoyun sürüsü tərəfindən arpa sahəsinə ziyanın vurulması faktını və həcmini təsdiq edən akt, habelə vurulan maddi ziyanın məbləği haqqında mütəxəssis rəyi tərtib etmişdir. Belə ki, 05 may 2022-ci il tarixdə Siyəzən rayon Məşrif bələdiyyəsi sədrinin və yerli İcra Hakimiyyəti Başçısının Məşrif kənd İƏD üzrə nümayəndəsinin birgə iştirakı ilə cavabdeh tərəfindən adıgedən əkin sahəsinə ciddi ziyanın vurulması haqqında akt tərtib edilmişdir. Habelə, X5 İnkişaf Mərkəzinin məsul əməkdaşları tərəfindən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsində becərilən 1,32 ha arpa sahəsinin 0,35 hektarında xırdabuynuzlu heyvanlar əkini otlamış, dırnaqları ilə əkini əzmiş və qismən yararsız hala salmışdır və bu faktı tərəflərindən 10 may 2022-ci il tarixdə tərtib etdikləri aktla təsdiq etmişlər. Habelə, X5 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun mütəxəssisi 10 may 2022-ci il tarixli rəyi ilə iddiaçıya məxsus torpaq sahəsində becərdiyi 1,32 ha arpa sahəsinin 0,35 hektarına vurulan maddi ziyanın məbləğini hesablayaraq 319,20 manat olmasını müəyyən etmişdir. Göründüyü kimi yerli İcra Hakimyyəti, bələdiyyə və X5 İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən Siyəzən rayon Məşrif kənd sakini Cavabdeh məxsus qoyun sürüsü tərəfindən iddiaçıya ziyan vurulması faktını və həcmini təsdiq edən akt, habelə maddi ziyanın məbləği haqqında mütəxəssis rəyi tərtib edilsə də, hesablanmış maddi ziyanın alınıb verilməsi onların səlahiyyətinə aid olmadığına görə o, məhkəməyə müraciət edərək, hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini, habelə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 05 may 2022-ci il tarixdə Siyəzən Rayon İcra Hakimiyyətinə gedərək, şikayət etməklə, sözügedən qoyunların Cavabdeh məxsus olmasını Bələdiyyə sədri Şahid2 bildirmişdir. Eyni zamanda, 24 aprel 2022-ci il tarixdə ona aid arpa sahəsində gördüyü qoyun sürüsü Cavabdeh məxsus olmuşdur. Bundan əlavə, orada üç çoban olmuş, o, əməliyyat keçirdiyi üçün qaçaraq qoyun sürüsünə çata bilməmiş, habelə çobanlar da qaçıb uzaqlaşmışlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, ona məxsus olan qoyunlar iddiaçının ərazisinə girməmişdir. Belə ki, 24 apreldə 2022-ci il tarixdə, saat 08:00 radələrində ona zəng gəlmiş, o, əraziyə saat 08:30-da çatmış və bu vaxt qoyunları orada olmamışdır. Həmçinin, Bələdiyyə sədri Şahid2 da onunla birgə əraziyə çatmış və bu zaman qoyunlar öz ərazisində otlamışdır. O, bunu qoyunlarını otaran çobanları Hətəm və Lətif Qafarovlardan telefon vasitəsilə əlaqə saxlayıb öyrənmişdir. Bir daha qeyd edir ki, əkinləri fırlanıb gəlmiş, qoyunları orada görməmişdir. Eyni zamanda, həmin vaxt İddiaçı ərazidə mal peyinləri olmasını bildirdiyində sonuncu məhkəmədə görüşəcəklərini bildirmişdir. Bundan əlavə, ona məxsus 500 baş qoyunun bir qisminin üzərinə fərqlənmələri üçün rəng vurulmuşdur. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Şahid1 ifadəsində göstərdi ki, hər iki tərəfi kənd sakini kimi tanıyır. Belə ki, 05 may 2022-ci il tarixdə sözügedən əraziyə baxış keçirilərkən, orada qoyun sürüsü deyil, sadəcə tapdalanmış, qoyun və mal ayağının izləri olan boş əkin sahəsi görmüşlər. Habelə, 24 aprel və 01 may 2022-ci il tarixlərində o, iddiaçıya aid əkin sahəsində olmamış və istər həmin vaxt, istərsə də qeyri zamanda orada hər hansı heyvan sürüsü görməmişdir. Bundan əlavə, 05 may 2022-ci il tarixli akt Bələdiyyə sədri Şahid2 tərəfindən tərtib edilmiş və o, aktı tam oxumadan imzalamışdır. Şahid2 ifadəsində göstərdi ki, 24 aprel 2022-ci il tarixdə İddiaçı zəng vuraraq, onu əkin sahəsinə baxış keçirilməsi üçün çağırmış, baxış zamanı sahənin heyvan sürüləri tərəfindən əzilməsini, ziyan dəyməsini görsə də, həmin sahədə heyvanların olmasını görməmişdir. İlk dəfə hadisə baş verən gün oraya gedib baxış keçirəndə orada Vadim Hüseynov, ikinci dəfə hadisə baş verəndə isə İddiaçı olmuşdur. Eyni zamanda, ikinci dəfə də hadisə yerinə baxışa getdiyində əkin sahəsində heç bir heyvan görməmişdir. Akt İddiaçı təkidinə əsasən tərtib olunmuşdur. Belə ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı 05 may 2022-ci il tarixdə rayonun Məşrif kənd sakinləri ilə keçirdiyi səyyar qəbul zamanı İddiaçı şikayətində sözügedən hadisə və ona dəymiş ziyan barədə fikirlər səsləndirərək, şikayətinin heç bir nəticəsinin olmadığını bildirmişdir. Qəbul başa çatdıqdan sonra, həmin gün Vadim Hüseynovun və İddiaçı təkidi ilə sonuncuların söylədiklərinə əsasən akt tərtib olunmuşdur. Belə ki, onlar hadisə baş verən günə kimi ərazilərinə heç bir heyvan sürüsünün girmədiyini, əkinlərinə ziyan vuran sürünün isə Cavabdeh heyvanları olduğunu bildirmişlər. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsinin 26 avqust 2015-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının surətindən görünür ki, müvafiq olaraq, Siyəzən rayonu, Qozağacı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0942 və 0,6061 ha torpaq sahələri İddiaçı və onun ailə üzvlərinin adına hər birinə 1/4 hissədə olmaqla, dövlət qeydiyyatına alınmışdır. İşdə olan 05 may 2022-ci il tarixdə Siyəzən Rayonu İcra Hakimiyyəti başçısının Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid1, Məşrif bələdiyyəsinin sədri Şahid2, Qozağacı kənd sakini Vadim Hüseynovun və İddiaçı tərtib etdikləri aktdan görünür ki, 24 aprel 2022-ci il və 01 may 2022-ci il tarixlərdə Siyəzən rayon Məşrif kənd sakini Cavabdeh məxsus qoyun sürüsü həmin rayonun Qozağacı kəndi ərazisində İddiaçı məxsus 1,32 ha arpa əkilmiş pay torpaq sahəsinə girərək əkinə ciddi ziyan vurmuşdur. İşdə olan 10 may 2022-ci il tarixdə X5 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi X1, həmin sektorun böyük məsləhətçisi X2 və İddiaçı tərtib etdikləri aktdan görünür ki, həmin tarixdə X5 İnkişaf Mərkəzinin nümayəndələri tərəfindən Qozağacı kənd sakini İddiaçı becərdiyi 1,32 ha arpa sahəsinə baxış keçirilmiş, baxış zamanı sonuncuya məxsus torpaq sahəsinin 0,35 ha hissəsini xırdabuynuzlu heyvanların sünbülləmə fəzasında olduğu müddətdə əkini otlaması, dırnaqları ilə əzməsi və qismən yararsız hala salması müəyyən edilmişdir. İşdə olan X5 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi Seymur Müxtəsənov tərəfindən 10 may 2022-ci il tarixdə tərtib edilmiş rəydən görünür ki, 2021-ci ilin əkin dövründə Siyəzən rayonu üzrə arpa sahəsinin hər hektarına düşən orta məhsuldarlıq 22,80 sentner olduğu üçün 0,35 ha arpa sahəsindən 798 kq arpa məhsulunun gözlənildiyini müəyyən etmiş, mövcud bazar qiyməti ilə 1 kq arpa 0,40 manat olduğundan İddiaçı dəymiş ziyan 319,20 manat məbləğində hesablanmışdır. İşdə olan 17 may 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 30 (otuz) manat rüsum ödəmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinin İ və İİ hissəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yenə bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yenə bu Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbləri, eləcə də tədqiq edilmiş sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, heyvanın nəzarət altında olmasından, itməsindən və ya qaçmasından asılı olmayaraq heyvanın başqalarına vurduğu zərərin əvəzini ödəməyə məhz həmin heyvanın sahibi borcludur. Hazırda, iddiaçı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinə xırda buynuzlu heyvanların daxil olması ilə əlaqədar əkininə ziyan dəydiyinə görə ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir ki, bu da mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, tərəflərin izahatı, şahidlərin ifadələri, toplanmış, habelə tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, 24 aprel 2022-ci il və 01 may 2022-ci il tarixlərdə xırdabuynuzlu heyvanların İddiaçı paylı mülkiyyətdə olan 1,32 ha torpaq sahəsinə daxil olmaqla, sonuncunun əkininin bir qismini, yəni 0,35 ha hissədə olan əkinini yararsız hala salması müəyyən edilsə də, ora zərər vuran heyvanların məhz Cavabdeh məxsus olması işin faktiki halları və təqdim edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Hətta, tələbin əsası kimi istinad edilməklə, 05 may 2022-ci il tarixdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid1, Məşrif bələdiyyəsinin sədri Şahid2, Qozağacı kənd sakini Vadim Hüseynov və iddiaçı tərəfindən tərtib edilmiş aktda heyvanların Cavabdeh məxsus olması göstərilsə belə, bu hal həmin aktı tərtib edən Şahid1, eləcə də Şahid2 şahid ifadələri ilə təkzib edilmişdir. Bilərəkdən yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıdıqları izah edilmiş, habelə bununla əlaqədar iltizamları alınmış şahidlər, o cümlədən Şahid1 məlum aktı iddiaçının şikayəti ilə əlaqədar əraziyə gedib tərtib etdiklərini bildirsə də, Şahid2 bu aktın Vadim Hüseynovun və İddiaçı təkidi ilə sonuncuların söylədikləri əsasında yazıldığını qeyd etmişdir. Göründüyü kimi 05 may 2022-ci il tarixli akt heyvanları iddiaçının paylı mülkiyyətdə olan torpaq sahəsində birbaşa görməyən, habelə onların həqiqətən də cavabdehə məxsus olmasını müəyyən etməyən şəxslər tərəfindən tərtib edilmişdir ki, bu da aktın əslində iddiaçı tərəfin təkidi ilə tərtib edilməsinə dəlalət edir. Beləliklə, şahidlər ifadələrində işin faktiki halları ilə bağlı baş verənləri təfərrüatlı şəkildə izah etmiş, habelə bu zaman fikirlərini səlis şəkildə ifadə etməklə, işin həqiqi hallarını dəqiqliklə aydınlaşdırmışlar. Bu səbəbdən də, şahidlər Şahid1 və Şahid2 ifadələri obyektiv həqiqəti çatdırmaqla, daha əsaslı, inandırıcı və mötəbər hesab edilməli, o cümlədən nəzərə alınmalı, 05 may 2022-ci il tarixli aktda cavabdehə məxsus məqam şahid ifadələri ilə təkzib edildiyindən bu akt mötəbər sübut kimi qəbul edilməməlidir. Bununla da, iddiaçının paylı mülkiyyətdə olan torpaq sahəsindəki əkinə zərər vurması qeyd edilən heyvanların cavabdehə məxsus olması faktı müəyyən edilmədiyindən, habelə İddiaçı Cavabdeh tərəfindən hər hansı bir formada ziyan vurulması faktı iş materiallarında olan mövcud mötəbər sübutlarla öz təsdiqini tapmadığından məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən tələb üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-392/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-392/2022
01.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver