Məhkəmə qərarları › İş №2(059)-397/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-397/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-397/2024 20.06.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 may 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli, 2(059)-682/2015 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, eləcə də mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məhkəmə xərcinin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli qətnaməsi ilə oğlu 15 may 2011-ci il təvəllüdlü Yusifin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, habelə Sumqayıt Apellyasiya Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən Siyəzən Rayon Məhkəməsinin sözügedən qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Lakin, övladı artıq böyüdüyündən hazırda tutulan aliment məbləği ilə uşağın artan tələbatını qarşılaya bilmir. Belə ki, hazırda məktəbdə təhsil alan övladı gələcəkdə təhsilini artırmaq məqsədilə əlavə olaraq repetitor yanına gedir. Bundan əlavə, ölkə üzrə uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Həmçinin, cavabdehin aylıq gəlirində nəzərə çarpacaq dərəcədə artımlar olmuşdur. Beləliklə, hazırda ödənilən aliment məbləği uşağın saxlanılması üçün yetərli deyildir. Buna görə də, tutulan alimentin məbləği yaşayış minimumu həddinə, yəni 235 manata çatdırılmalıdır. Bundan əlavə, o, aliment məbləğinin artırılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, sonuncu buna könüllü şəkildə əməl etmək istəməmişdir. Eyni zamanda, cavabdeh övladına yardım etmək üçün kifayət qədər maddi imkana malik olsa da, uşağı saxlamaq kimi valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Bundan əlavə, o, mediasiya qurumuna müraciət edib, ilkin mediasiya sessiyasında iştirak etsə də, mübahisə həll olunmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, övladı Yusif böyüdüyü üçün hazırda ödənilən 108 manat aliment məbləği ilə sonuncunun artan tələbatını qarşılaya bilmir. Belə ki, oğlu Yusif riyaziyyat və Azərbaycan dili fənləri üzrə repetitor yanına getdiyinə görə ümumilikdə aylıq 100 manat ödəniş edir. Bundan əlavə, cavabdeh ikinci dəfə rəsmi nikaha daxil olmaqla, evlənmiş, habelə ikinci nikahından da, iki övladı doğulmuşdur. Eyni zamanda, cavabdehin hazırda aliment borcu yoxdur və ödənişlər onun kart hesabına köçürülür. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon İHB-nin Həmyə kənd İƏV üzrə nümayəndəliyi tərəfindən 10 iyun 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 640417 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası Məmmədova (Hüseynəliyeva) Aygül Gümrah qızı olan X6 15 may 2011-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli, 2(059)-682/2015 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında 15 may 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 07 oktyabr 2015-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 108 manat və 50 manat əlavə xərc olmaqla, ümumilikdə 158 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 15 aprel 2016-cı il tarixli, 2(105)-812/2016 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Siyəzən Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli, 2(059)-682/2015 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə hər ay 50 manat əlavə xərcin tutulması hissəsində ləğv edilməklə, 15 may 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 07 oktyabr 2015-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, atası Cavabdeh, anası X1 olan X2 19 noyabr 2014-cü il tarixdə, X4 isə 22 aprel 2016-cı il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMCdə fəhlə işləməklə, 416 manat aylıq əmək haqqı alır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, ayrı-ayrılıqda 5 ədəd torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan 25 mart 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Siyəzən Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli qətnaməsi ilə 15 may 2011-ci il təvəllüdlü Yusifin yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuş, habelə bu qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 15 aprel 2016-cı il tarixli qətnaməsi ilə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Lakin, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 15 may 2011-ci il təvəllüdlü Yusifin artan tələbatını qarşılaya bilmir. Bundan əlavə, Cavabdeh sonradan ikinci dəfə Lamiyə Məmmədova ilə rəsmi nikaha daxil olmaqla, evlənmiş və bu nikahdan 19 noyabr 2014-cü il tarixdə Qızılgül, 22 aprel 2016-cı il tarixdə isə Comərd adlı övladları doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 15 may 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən, qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü ilin yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq aldığı 416 manat əmək haqqı məbləği, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, cavabdehin başqa bir qadınla yenidən evlənməklə, hazırda həmin qadından daha iki uşağının olması, habelə bu uşaqların da saxlanması üçün vəsaitin sərf edilməsi, eləcə də, mülkiyyətində olan daşınmaz əmlaklardan (5 ədəd torpaq sahəsi) təyinatına görə istifadə etməklə, əlavə gəlir əldə etmə imkanı, həmçinin iddiaçının qadın olmaqla müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin ikinci nikahından olan övladlarına qayğı göstərməsi onu digər övladına, yəni Yusifə münasibətdə valideynlik öhdəliklərini yerinə yetirməkdən azad etmir. Çünki, alimentin həcminin müəyyən edilməsi zamanı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatlarının səviyyəsi, habelə uşağın marağı nəzərə alınmalıdır. Beləliklə, Cavabdeh bir ata, valideyn kimi yetkinlik yaşına çatmayan övladının saxlanması üçün İddiaçı maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 15 may 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli, 2(059)-682/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu mənada, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı ödəməkdən azad edildiyi 48,20 manat dövlət rüsumunun 85%-i, yəni 40,97 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məhkəmə xərcinin 85%-i, yəni 42,50 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 15 may 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 25 noyabr 2015-ci il tarixli, 2(059)-682/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məhkəmə xərcinin 85%i, yəni 42,50 (qırx iki manat 50 qəpik) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 48,20 manat dövlət rüsumunun 85%-i, yəni 40,97 (qırx manat 97 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar