Məhkəmə qərarları › İş №2(059)-402/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-402/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-402/2025 02.06.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Qasımova Nazı̇ lə Musa qızına qarşı "nisyə satılmış mebel dəstinin ödənilməmiş dəyərinin və ya alınan mebel dəstinin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Qasımova Nazı̇ lə Musa qızına qarşı "nisyə satılmış mebel dəstinin ödənilməmiş dəyərinin və ya alınan mebel dəstinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mebel dəstinin ödənilməmiş 450 manat məbləğində qalıq dəyərinin və ya alınan 6 ədəd oturacaq ilə böyük masanın, eləcə də ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış 15 noyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 1200 manat olan masa və 6 oturacağı alqısatqı müqaviləsinə əlavə razılaşmaya müvafiq olaraq 12 ay müddətinə hər ay 100 manat ödəmək şərtilə nisyə olaraq satın almışdır. Lakin, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozaraq, aylıq ödənişləri 28 dekabr 2024-cü il tarixdən dayandırmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə olunmamış, habelə sonuncu tələb olunan qalıq borcu və ya mebel dəstini qaytarmaqdan boyun qaçırmaqla, alqı-satqı müqaviləsinin tələblərini pozmuşdur. Beləliklə, Cavabdeh borcundan 750 manat ödəniş etmiş, nəticədə, sonuncunun ümumilikdə 450 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh aralarında bağlanmış 15 noyabr 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 28 dekabr 2024-cü il tarixdə sonuncu ödənişi etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra heç bir ödəniş həyata keçirməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Qasımova Nazı̇ lə Musa qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsindən, eləcə də alqı-satqı müqaviləsinə əlavə razılaşmadan görünür ki, ümumi dəyəri 1200 manat olan masa və 6 oturacaq ilkin ödənişsiz, 12 ay müddətinə, ayda 100 manat ödəmək şərti ilə iddiaçı tərəfindən cavabdehə nisyə satılmışdır. İşdə olan mebelin qalıq dəyərinin hissə-hissə ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıya 12 dekabr 2023-cü il tarixdə 100 manat, 13 mart 2024-cü il tarixdə 200 manat, 20 iyul 2024-cü il tarixdə 250 manat, 09 noyabr 2024-cü il tarixdə 100 manat və 28 dekabr 2024-cü il tarixdə 100 manat olmaqla, cəmi 750 manat ödəniş etmişdir. İşdə olan 10 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia tələbi üzrə 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 30,40 manat məhkəmə xərci çəkmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd Edilən Məcəllənin 443-cü maddəsinin İ hissəsinin İ cümləsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yenə həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Qasımova Nazı̇ lə Musa qızı nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Qasımova Nazı̇ lə Musa qızı 15 noyabr 2023-cü il tarixli müqavilə üzrə alıcı kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək, onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyalarından qanunsuz istifadə etməklə, ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, ümumi dəyəri 1200 manat olan masa və 6 oturacaq ilkin ödənişsiz, 12 ay müddətinə, ayda 100 manat ödəmək şərti ilə iddiaçı tərəfindən 15 noyabr 2023-cü il tarixdə cavabdehə nisyə satılmış, sonuncu borcundan cəmi 750 manat ödəniş etmiş və ödənişləri dayandırdıqdan sonra iddiaçıya ümumilikdə 450 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də, iddiaçı ödənilməmiş 450 manat borcun cavabdehdən tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, iddia tələbinin ödənilməmiş borcun qaytarılmasına dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin “alınan 6 ədəd oturacaq ilə böyük masanın iddiaçıya qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, həm mülki qanunvericiliyin, həm də 15 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2.7-ci bəndindən də göründüyü kimi əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Təhvil verilmiş əşyanın qalıq dəyərinin ödənilməsi hissəsi ilə bağlı məqam aydın olsa da, ödənilməmiş malın qaytarılması hissəsi ilə bağlı qeyd olunur ki, alınan “6 ədəd oturacaq ilə böyük masanın ümumi dəyəri 1200 manat olmaqla, bu malın ödənilməmiş dəyəri 450 manat təşkil etmişdir. Yəni, ödənilməmiş mal 450 manat dəyərindədir. Belə olan təqdirdə, iddiaçı ödənilməmiş 450 manat dəyərində olan malın nədən ibarət olmasını aydınlaşdırmamış, habelə tələbdə bütün malın adı qeyd edildiyindən bu hissə qeyri-müəyyən qalmışdır. Bundan əlavə, ödənilməmiş mallar dəqiq göstərilmədiyindən, habelə nədən ibarət olmaları qeyri-müəyyən olduğundan tələb, ödənilməmiş əşyanın dəyərinin tutulması hissəsində təmin edilmişdir. Yəni, tələbin (əşyanın ödənilməsi və ya ödənilməmiş malın qaytarılması) seçim haqqı iddiaçı tərəfdə olmasına baxmayaraq, sonuncu tələbə qeyri-müəyyən yanaşmaqla, hər iki tələblə (dəqiq və qeyri-müəyyən) bir vaxtda çıxış etmiş, habelə seçimini dəqiqləşdirməmişdir ki, bu zaman məhkəmə tələbin daha dəqiq olan hissəsinə, yəni pula münasibətdə təmin edilməsini daha məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Qasımova Nazı̇ lə Musa qızından İddiaçı xeyrinə 450 manat pul və iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, bank xidmətinin göstərilməsi üzrə ödənilmiş 0,40 manat məhkəmə xərci iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Qasımova Nazı̇ lə Musa qızından İddiaçı xeyrinə 450 (dörd yüz əlli) manat pul və iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar