Məhkəmə qərarları › İş №2(059)-412/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-412/2022

21.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-412/2022 21.07.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 fevral 2010-cu il təvəllüdlü X3 və 17 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün 11 yanvar 2019-cu il tarixdən başlayaraq, tutulan 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulmaqla, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 28 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş və bu nikahdan 23 fevral 2010-cu il tarixdə İlkin və 17 fevral 2013-cü il tarixdə isə Fatimə adlı övladları doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, 2019-cu ildə nikahları məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra, onun aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciəti əsasında Siyəzən Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən onun xeyrinə 11 yanvar 2019-cu il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə aliment təyin olunduğu 11 yanvar 2019-cu il tarixdən 3 ildən çox müddət keçmişdir. Artıq böyük uşağın 12 yaşı, kiçik uşağın isə 9 yaşı tamam olmuşdur. Onların yaşı artdıqca maddi tələbatlarında da artım baş vermişdir. Aylıq 80 manat aliment ödənişi onların bu müddət ərzində artan tələbatlarının çox cüzi bir hissəsini ödəyir. Bu səbəbdən də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, hazırda heç bir yerdə işləməmklə, Bakı şəhərində müalicə alır. Cavabdehin ona heç bir aliment borcu yoxdur. Belə ki, müəyyən edilmiş aliment məbləği hər ay cavabdehin məvacibindən tutularaq, onun kart hesabına yüklənir. Uşaqlar böyüdükləri üçün məktəbə, eləcə də repetitor yanına məşğələlərə getdiklərindən maddi tələbatları da artmışdır. Hazırda demək olar, iki uşağın ayaqqabısını almağa 80 manat kifayət etmir. Cavabdehin qazancı barədə məlumatı olmasa da, hər halda maaşının dövlət tərəfindən artırıldığını zənn edir. Bundan əlavə, cavabdeh birgə yaşadıqları dövrdə bir gün işdə iki gün evdə olduğu üçün işindən əlavə avtoyuma məntəqəsində, bəzən isə ofsiant kimi də işləməklə, aylıq təxminən 600-700 manat aylıq qazanc əldə etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə aliment tutularkən o, aylıq 226 manat əmək haqqı almışdır. Həmçinin, hazırda X2 Mərkəzi PHŞ-də mühafizəçi işləməklə, aylıq 347,10 manat gəlir əldə etdiyindən bu məbləğ iddiaçının hazırkı aliment tələbini ödəməyə kifayət etmir. Bəzən bayram günləri və gecə növbəsinə işə çıxarkən bu onun aylıq məvacibində 20-30 manat fərq yaradır və nəticədə onun aylıq gəliri 380-386 manat təşkil edir. Fevral ayında “Covid-19” virusuna yoluxduğu üçün 280 manat əmək haqqı almış və alimenti ödəmişdir. Eyni zamanda, o, ikinci dəfə 29 dekabr 2021-ci il tarixdə Səma Rəhimova ilə nikahını rəsmiləşdirməklə evlənmişdir. Hazırda sonuncu heç yerdə işləmir, əlavə gəlirləri yoxdur. İkinci ailəsindən isə övladı yoxdur, lakin arvadı uşaqlarının olması ilə əlaqədar müalicə alır. 2019-cu ildə tutulmuş aliment miqdarından yüksək olmamaq şərtilə, ailə durumunun da nəzərə alınaraq aylıq məvacibinin 1/3 hissəsi qədər alimentin tutulmasını xahiş edir. Belə ki, aylıq məvacibinin 1/3 hissəsi qədər aliment tutulduğu təqdirdə, 160 manat məbləğində aliment məbləğini ödəməsi üçün onun aylıq əmək haqqı 480 manat olmalıdır. Odur ki, alimentin miqdarının artırılmasına razı deyildir. Çünki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, bir uşağa görə valideynin qazancının və ya başqa gəlirinin 1/4 hissəsi, iki uşaq üçün 1/3 hissəsi, üç uşaq üçün isə yarısı miqdarında tutulmalıdır. Aylıq məvacibinin 1/3 hissəsi qədər aliment tutulduğu təqdirdə, aylıq 115 manat aliment ödənilməli olmasına baxmayaraq, o, 160 manat alimenti ödəməyə hazırdır. Bundan əlavə də imkanı olduğu təqdirdə, uşaqlarına maddi yardım edir. Belə ki, ötən il uşaqların yay tətilində iddiaçı, anasının Xaçmaz şəhərində işləməsi ilə əlaqədar ora gedib-gəldiyi üçün uşaqların anasının yanında qalmasını istəmədiyindən övladları 3 ay yay ayları ərzində onun yanında və himayəsində yaşamışlar. O, həmin vaxt da alimenti ödəniş etmiş, habelə iddiaçıdan 160 manatı nəyə xərclədiyini soruşduqda, sonuncu “özümə xərcləyirəm, əcəb edirəm” deyə cavab vermişdir. İddiaçı ilə arasındakı nikah pozulmamışdan əvvəl aztəminatlı ailə olaraq, sosial yardım almaqla, yanaşı əlavə işlərdə işləsə də, hazırda heç yerdə işləmir. Belə ki, bir gün səhər növbəsində, digər gün isə gecə növbəsində 12 saat işlədiyindən yuxusuz və yorğun olduğu üçün hazırda əlavə işlərdə çalışmır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 18 mart 2010-cu il tarixdə verilmiş, AZ-İİ seriyalı, 397269 nömrəli və 12 mart 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 032376 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X5 23 fevral 2010-cu il tarixdə, X4 isə 17 fevral 2013-cü il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(059)-124/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməklə, 23 fevral 2010-cu il təvəllüdlü X3 və 17 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 11 yanvar 2019-cu il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 80 manat, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan X2 Mərkəzi X6 14 iyun 2022-ci il tarixli, 43 nömrəli arayışından görünür ki, X6 Dəstək xidmətləri şöbəsinin təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsində işləyən Cavabdeh aylıq əmək haqqı 347,10 manat təşkil edir. İşdə olan 02 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 100 manat məbləğində mediasiya xərci çəkmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 23 fevral 2010-cu il təvəllüdlü X3 və 17 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumunun 193 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin vaxtlı-vaxtında icra edilməsi, həmçinin cavabdehin növbəli iş rejimi ilə işləməsinin ona əlavə işlərdə işləmək imkanı yaratması, bununla belə cavabdehin başqa bir qadınla yenidən rəsmi nikaha daxil olması, eyni zamanda iddiaçının da qadın olmaqla, müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onun valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların maddi təminatını və uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, eləcə də tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 23 fevral 2010-cu il təvəllüdlü X3 və 17 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(059)-124/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 66,32 manat dövlət rüsumunun 62%-i, yəni 41,12 (qırx bir manat 12 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 100 (bir yüz) manat xərcin tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 23 fevral 2010-cu il təvəllüdlü X3 və 17 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 2(059)- 124/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 66,32 manat dövlət rüsumunun 62%-i, yəni 41,12 (qırx bir manat 12 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar