Məhkəmə qərarları › İş №2(059)-425/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-425/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-425/2021 20.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1la iddiaçı Bank arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli, 11-Z1-1-0-208-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən 2403,46 manat əsas, 2,34 manat faiz, 6,41 manat cərimə və 289,20 manat əldən çıxmış fayda olmaqla, cəmi 2701,41 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddia tələbin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1la iddiaçı Bank arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli, 11-Z1-1-0-208-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən 2403,46 manat əsas, 2,34 manat faiz, 26,63 manat cərimə olmaqla, cəmi 2432,43 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 1 % dərəcəsi ilə 2454,70 manat məbləğində kredit verilmiş, həmçinin, digər Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi eyni tarixdə iddiaçı bankla zaminlik müqaviləsi bağlamış və müqaviləyə əsasən sonuncu zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh1la eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq üzərilərinə düşən öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Bundan əlavə, xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Bu səbəbdən də, cavabdehlərin iddiaçı Banka olan borcu ümumilikdə 2432,43 manat təşkil edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan axırıncı yaşayış yerlərinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Lakin, bildiriş vərəqələrini onlara təqdim etmək mümkün olmamış və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmə bildirişlərinə müvafiq qeyd aparılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147, 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 29 noyabr 2019-cu il tarixdə bağlanmış 11-Z1-1-0-208-15 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 60 ay müddətinə illik 1 % dərəcəsi ilə 2454,70 manat məbləğində kredit vermişdir. Eyni zamanda, kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında 29 noyabr 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin eyni tarixli kredit müqaviləsi üzrə borcun vaxtında və lazımi qaydada icra etmək üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 31 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin həmin tarixə iddiaçı Banka olan əsas borcu 2403,46 manat, faiz borcu 2,34 manat təşkil edir. İşdə olan xəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar İddiaçı ASC tərəfindən cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İş materiallarında olan 17 may 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh1 üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı onlar arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, 29 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminlik müqavilələrinin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə bank qarşısında sonuncu ilə eyni dərəcədə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclular yazılı formada bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsinin 1.1.11-ci bəndinə əsasən kredit üzrə cərimə illik 0,02 % müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi əsasında sonuncu Bankdan illik 1% ödəmək şərti ilə 60 ay müddətinə 2454,70 manat məbləğində kredit almışdır. Müqaviləyə əsasən Cavabdeh1 müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Beləliklə, cavabdehlərin iddiaçıya 2403,46 manat əsas, 2,34 manat faiz, 26,63 manat cərimə olmaqla, cəmi 2432,43 manat borcları yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli, 11-Z1-1-0-208-15 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən iddiaçının xeyrinə 2403,46 manat əsas, 2,34 manat faiz, 26,63 manat cərimə olmaqla, cəmi 2432,43 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli, 11- Z1-1-0-208-15 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 2403,46 manat əsas, 2,34 manat faiz, 26,63 manat cərimə olmaqla, cəmi 2432,43 (iki min dörd yüz otuz iki manat 43 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar