Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-426/2022 28.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əkin sahəsinə vurulan maddi zərərin əvəzinin mal-qaranın sayına mütənasib cavabdehlər Cavabdeh1 382,50 manat, Cavabdeh2 382,50 manat, Cavabdeh3 382,50 manat, Cavabdeh4 382,50 manat, Cavabdeh5 191,40 manat olmaqla, cəmi 1721,40 manat pulun və müştərək qaydada ödənilmiş 37,22 manat dövlət rüsumunun, ümumilikdə 1758,62 manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayonunun Balaca Həmyə kənd sakinləri Cavabdeh1 məxsus 2, Cavabdeh2 məxsus 2, Cavabdeh3 məxsus 2, Cavabdeh4 məxsus 2, Cavabdeh5 məxsus 1 baş iribuynuzlu malqara 13 may 2022-ci il tarixdə Siyəzən rayon Böyük Həmyə kənd sakini X4 mülkiyyətində, iddiaçının isə istifadəsində olan Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində yerləşən 1,51 ha arpa əkilmiş pay torpaq sahəsinə girərək əkinə xeyli miqdarda maddi ziyan vurulduğuna görə mal-qara sahiblərinin hər birinə fərdi qaydada ziyanın ödənilməsi barədə müraciət edilsə də, sonuncular ziyanı ödəməyəcəklərini bildirmişlər. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar əvvəlcə DİN-in 102 Xidmətinin çağrı mərkəzinə məlumat verilmiş, 20 may 2022-ci il tarixli məktubla etdiyi şikayət mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də faktın və hadisənin digər hallarının təsdiqi üçün bələdiyyə sədrinə, habelə kənd icra nümayəndəliyinə və digər aidiyyəti təşkilatlara müraciət etmiş, müraciəti əsasında aidiyyəti təşkilatlar cavabdehlərə məxsus iribuynuzlu mal-qara tərəfindən arpa sahəsinə ziyanın vurulması faktını və həcmini təsdiq edən akt, habelə vurulan maddi ziyanın məbləği haqqında mütəxəssis rəyi tərtib edilmişdir. Belə ki, 13 may 2022-ci il tarixdə Siyəzən rayon Həmyə bələdiyyə sədrinin və yerli İcra Hakimiyyəti Başçısının Həmyə kənd İƏD üzrə nümayəndəsinin birgə iştirakı ilə cavabdehlər tərəfindən sözügedən əkin sahəsinə ciddi ziyan vurulması haqqında akt tərtib edilmişdir. X11 X7 məsul əməkdaşları tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsində becərilən 1,51 ha arpa sahəsini tamamilə iribuynuzlu heyvanlar otlamış, dırnaqları ilə əzərək tam yararsız hala salmış və bu faktı tərəflərindən 13 may 2022-ci il tarixdə tərtib etdikləri aktla təsdiq etmişlər. Habelə, Siyəzən Dövlət X7 bitkiçilik sektorunun mütəxəssisi 13 may 2022-ci il tarixli rəyi ilə iddiaçının istifadəsində olan torpaq sahəsində becərdiyi 1,51 ha arpa sahəsinə maddi ziyanın məbləğinin hesablanaraq, 1721,40 manat olmasını müəyyən etmişdir. Göründüyü kimi yerli İcra hakimiyyəti, bələdiyyə və Siyəzən Dövlət X7 mütəxəssisləri tərəfindən cavabdehlərə məxsus iribuynuzlu mal-qara tərəfindən iddiaçıya ziyanın məbləği haqqında mütəxəssis rəyi tərtib edilsə də, hesablanmış maddi ziyanın alınıb verilməsi onların səlahiyyətlərinə aid olmadığına görə o, məhkəməyə müraciət edərək, hüquqlarının və qanunla qorunan mənafeyinin müdafiəsini məhkəmədən xahiş edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, istifadəsində olan Siyəzən rayonunun Həmyə kənd sakini Əhməd İsmayılova məxsus olan torpaq sahəsinə cavabdehlərə məxsus ümumilikdə 9-10 baş iribuynuzlu heyvan ziyan vurmuşdur. Müraciəti əsasında əraziyə bələdiyyə sədri, icra nümayəndəsi və aqronom baxış keçirmiş, onların iştirakı ilə akt tərtib olunmuş və sahəyə təxminən 90% ziyan dəyməsi müəyyən edilmişdir. Cavabdehlərlə aralarında heç bir münaqişə və ya düşmənçilik yoxdur. Əvvəllər Cavabdeh2 qardaşına məxsus heyvanlar əraziyə ziyan vurmuş və dəymiş ziyan hesablansa da, sonradan bu pulu istəməmişdir. Lakin, yenidən heyvanlar əraziyə girdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, şəxsi təsərrüfatında iki baş iribuynuzlu mal vardır. Heyvanlar nəzarətsiz buraxılır. Öz kəndlərində ərazilər çəpərə alınmışdır. Təxminən bu ilin aprel-may aylarında iddiaçı heyvanlarının ərazisinə ziyan vurması ilə əlaqədar iradını onun ailə üzvlərinə bildirmiş, özü isə iddiaçını heç vaxt görməmişdir. Ailə üzvlərinə irad bildirdikdən sonra da, iddiaçı ilə görüşməmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 sonuncu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, təsərrüfatında iki baş iribuynuzlu heyvan var və onların sözügedən əraziyə 90% ziyan vurması ilə razı olmamaqla, bu mümkün deyildir. Heyvanlarının sözügedən əraziyə girməsini öz gözü ilə görməsə də, iddiaçı iki il bundan əvvəl ona məxsus heyvanları həyətinə gətirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh4 iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, təsərrüfatında iki baş iribuynuzlu heyvan var. Heyvanları otlamaq üçün adətən çay kənarına ötürür. Təxminən iki ay bundan əvvəl iddiaçı ona məxsus heyvanları bir-iki dəfə həyətinə gətirmişdir. Həmin vaxt iddiaçıya malları bir daha əraziyə buraxmayacağına söz vermiş, sonradan heyvanları onun sahəsinə girməmişdir. İki baş heyvanın əraziyə 90% ziyan vurmasını qəbul etmir. Həmçinin əkin sahəsində inəklərini görməmiş və iddiaçının iclasdan əvvəl ona təqdim etdiyi şəkillərdə onun inəyi olmamışdır. Bununla belə, razılaşma yolu ilə dəymiş ziyanı qaytarmağa etiraz etmir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh5 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, bu il ona məxsus olan 1 baş iribuynuzlu heyvan iddiaçıya məxsus əraziyə girməmiş, ümumiyyətlə, heyvanları digər cavabdehlərə məxsus olan heyvanlarla birlikdə otlamağa getmir. Ona məxsus heyvanlar "xxxx" ASC-nin həyətində otlayır. Əgər iddiaçı heyvanının əlamətlərini desəydi, ziyanı ödəməyə etiraz etməzdi. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 da məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə 28 sentyabr 2022-ci il tarixdə ərizə ünvanlayaraq, iddianı qəbul etmədiyini, ona məxsus iribuynuzlu heyvanların iddiaçının istifadəsində olan əraziyə girməyərək, əkin sahəsinə ziyan vurmadığını bildirməklə, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş, həmçinin işdə olması ilə əlaqədar məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab edib, iclasın iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda, üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxs Əhməd İsmayılovun iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Şahid1 ifadəsində göstərdi ki, beş ildir Siyəzən RİHB-nin Həmyə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsidir. İddiaçı Böyük Həmyə, cavabdehlər isə Balaca Həmyə kəndinin sakinləridir. Tərəflərin heç biri ilə aralarında ədavət yoxdur. Nobat olmaması səbəbindən daim sakinlər arasında belə problemlər yaranır. Hər kəs öz torpağına cavabdehdir. Kənd sakini olaraq işin bu vəziyyətə çatmaması üçün mallarını nəzarətsiz buraxmalarına dair dəfələrlə vətəndaşlara irad tutmuş, hətta iş üzrə Cavabdeh1 özü də ona dəfələrlə şikayət etmişdir. Belə problemləri öz aralarında həll etməyə çalışmışlar. 13 may 2022-ci il tarixdə iddiaçı onlara telefon vasitəsilə zəng etmiş, “Orta Həmyə” deyilən əraziyə baxış keçirərkən 9 baş iribuynuzlu heyvanı əkin sahəsinin içərisində görmüşlər. Həmin heyvanların Balaca Həmyə kənd sakinlərinə aid olması ona məlum olsa da, dəqiq hansı vətəndaşa aid olmasını bilmir. Şahid2 ifadəsində göstərdi ki, İddiaçı çağırışı ilə 13 may 2022-ci il tarixdə günün birinci yarısı onun istifadəsində, Əhməd İsmayılovun isə mülkiyyətində olan əraziyə gəldikdə, həmin torpaq sahəsində təqribən iyirmiyədək iribuynuzlu heyvan görmüş, bu heyvanların 9-10 başı arpa əkilmiş hissədə olsa da, qalanı kənarda olmuşdur. Eyni zamanda, həmin gün əkin sahəsinin yararsız vəziyyətə düşməsi barədə müvafiq akt tərtib edib İddiaçı vermişlər. Həmçinin, heyvanların həmin vaxt kimə məxsus olması ona məlum olmamış və iddiaçı özü heyvanları aparıb sahiblərinə təhvil vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 30 aprel 2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində yerləşən 1,51 ha torpaq sahəsi 05 avqust 2015-ci il tarixli çıxarış əsasında X4 mülkiyyətinə verilmişdir. İşdə olan 13 may 2022-ci il tarixdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Həmyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1, Həmyə bələdiyyəsinin sədri Şahid2 və İddiaçı tərtib etdikləri aktdan görünür ki, İddiaçı bildirdiyinə görə 13 may 2022-ci il tarixdə Balaca Həmyə kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus iribuynuzlu mal-qara Böyük Həmyə kəndində X5 məxsus pay torpağında əkdiyi əkin sahəsinə girərək ziyan vurmuşdur. İşdə olan 13 may 2022-ci il tarixdə Siyəzən Dövlət X7 bitkiçilik sektorunun baş məsləhətçisi X2, həmin sektorun böyük məsləhətçisi X3 və iddiaçı Niyaməddin Hüsyenalıyevin tərtib etdikləri aktdan görünür ki, həmin tarixdə Siyəzən Dövlət X7 nümayəndələri tərəfindən Böyük Həmyə kənd sakini İddiaçı becərdiyi 1,51 ha arpa sahəsinə baxış keçirilmiş, baxış zamanı İddiaçı X5 məxsus torpaq sahəsində becərdiyi 1,51 ha arpa sahəsinə iribuynuzlu heyvanlar tərəfindən dəyən ziyanı müəyyən etmişlər. Belə ki, həqiqətən heyvanlar əkinin sünbülləmə fazasında olduğu müddətdə bütün əkini otlamış, dırnaqları ilə əkini əzmiş və tamamilə yararsız hala salmışdır. İşdə olan Siyəzən Dövlət X7 bitkiçilik sektorunun böyük məsləhətçisi Seymur Müxtəsənov tərəfindən 13 may 2022-ci il tarixdə tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, o, Siyəzən rayonunun Həmyə İnzibati Ərazi Dairəsi üzrə arpa sahəsinin hər hektarından 2021-ci ilin əkin dövrü üzrə olan orta məhsuldarlıq 28,5 sentner olduğu üçün 1,51 ha arpa sahəsindən 4303,50 kq arpa məhsulu gözlənildiyini müəyyən etmiş, mövcud bazar qiyməti ilə 1 kq arpanın qiymətinin 0,40 manat olması nəzərə alınsa, onda İddiaçı dəymiş ziyan 1721,40 manat məbləğində hesablanmışdır. İşdə olan 24 may 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 37,22 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinin İ və İİ hissəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yenə bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yenə bu Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bu mənada, məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı Niyaməddin X1 məxsus Siyəzən rayonunun Böyük Həmyə kəndi ərazisində yerləşən 1,51 ha torpaq sahəsindən sonuncunun razılığı əsasında öz vəsaiti hesabına arpa əkini üçün faktiki istifadə etdiyi işin mübahisələndirilməyən hallarındandır. Bundan əlavə, 13 may 2022-ci il tarixdə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinə məxsus 2 (iki) baş, ümumilikdə 6 baş iribuynuzlu heyvan üçüncü şəxs Əhməd İsmayılova məxsus olmaqla, İddiaçı istifadəsində olan 1,51 ha əkin sahəsinə daxil olmuş, həmin sahəyə ziyan vurmuş, habelə adları qeyd olunan cavabdehlər onlara məxsus heyvanların sözügedən əraziyə girdiyini və iddiaçıya ziyan vurduğunu qəbul etmiş, lakin dəymiş ziyanın həcmi ilə razılaşmamışlar. Bununla belə, dəymiş ziyanın məbləği Siyəzən rayon Dövlət X7 əməkdaşı tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən hesablanmış, cavabdehlər isə bu rəyin mötəbərliyini istisna edən, eləcə də dəymiş ziyanın məbləğinə dair özləri hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bununla da, iddiaçı dəymiş zərərin əvəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbləri, eləcə də tədqiq edilmiş sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, heyvanın nəzarət altında olmasından, itməsindən və ya qaçmasından asılı olmayaraq heyvanın başqalarına vurduğu zərərin əvəzini ödəməyə məhz həmin heyvanın sahibi borcludur. Hazırda, iddiaçı istifadəsində olan torpaq sahəsinə iribuynuzlu heyvanların daxil olması ilə əlaqədar əkininə ziyan dəydiyinə görə ona dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tələb etməsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Bununla belə, məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh5 aid hissəsinə münasibətdə qeyd edir ki, tələbin əsası kimi istinad edilməklə, 13 may 2022ci il tarixdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Həmyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1, Həmyə bələdiyyəsinin sədri Şahid2 və iddiaçı tərəfindən tərtib edilmiş aktda heyvanların ikisinin Cavabdeh1 və birinin Cavabdeh5 məxsus olması göstərilsə belə, bu hal həmin aktı tərtib edən Şahid1, eləcə də Şahid2 şahid ifadələri ilə təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilən heyvanların cavabdehlər Cavabdeh1 və Cavabdeh5 məxsus olması faktı müəyyən edilməmiş, habelə heyvanların sahibinin (sahiblərinin) müəyyənləşdirilməsi istiqamətində hər hansı bir addım atılmamışdır. İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh5 qarşı hazırkı tələbi irəli sürməsinə əsas isə 13 may 2022-ci il tarixli akt olmuşdur. Bu vəziyyətdə digər üç baş iribuynuzlu heyvana münasibətdə cavabdehlər kimi Cavabdeh1 və Cavabdeh5 deyil, İddiaçı məxsus əkin sahəsinə daxil olan heyvanların sahibinin (sahiblərinin) çıxış etməli olmasına baxmayaraq, iddiaçı mülki qanunvericiliyin tələblərini pozmaqla, Cavabdeh1 və Cavabdeh5 hazırkı tələb üzrə cavabdehlər qismində cəlb etdiyindən, o cümlədən sonuncular cavab verməli şəxslər olmadıqlarından onlara münasibətdə iddia tələbinin təmin edilməsi istisna edilir. Bununla da, hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tərəfindən İddiaçı qanunla qorunan hüquqlarının və maraqlarının pozulması halı müşahidə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, əkin sahəsinə vurulmuş zərərə görə cavabdehlər Cavabdeh2 382,50 manat, Cavabdeh3 382,50 manat, Cavabdeh4 382,50 manat pul tutulub, İddiaçı xeyrinə ödənilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddia tələbi üzrə ödənilmiş 37,22 manat dövlət rüsumunun 67 %-i, yəni 24,94 (iyirmi dörd manat 94 qəpik) manatı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Əkin sahəsinə vurulmuş zərərə görə cavabdehlər Cavabdeh2 382,50 (üç yüz səksən iki manat 50 qəpik) manat, Cavabdeh3 382,50 (üç yüz səksən iki manat 50 qəpik) manat, Cavabdeh4 382,50 (üç yüz səksən iki manat 50 qəpik) manat pul tutulub, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi üzrə ödənilmiş 37,22 manat dövlət rüsumunun 67 %-i, yəni 24,94 (iyirmi dörd manat 94 qəpik) manatı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-426/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-426/2022
28.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver