Məhkəmə qərarları › İş №2(059)-44/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-44/2020

31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-44/2020 31.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “mülkiyyət hüququnun bərpası və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “mülkiyyət hüququnun bərpası və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətinə gətirilməsi və xx xxxx 2010-cu il tarixdən bu günədək həmin torpaq sahəsindən istifadə edə bilmədiyi üçün ona dəyən 15 000 manat məbləğində maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş çıxarışa əsasən Siyəzən rayonu Zarat kəndində yerləşən 3,2845 ha torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətindədir. Əvvəllər torpaq sahəsində arpa, buğda əkməklə ailəsini dolandırsa da, təxminən 15 il bundan əvvəl Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 3,2845 ha torpaq sahəsinin əkinə yararlı 0,68 ha hissəsi zəbt olunmuşdur. Bununla da o, xeyli müddətdir torpaq sahəsindən istifadə edə bilmir. Qeyd olunan məsələ ilə bağlı o, xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmiş, müraciətinə cavab olaraq torpaq sahəsinin Nazirlik tərəfindən deyil, Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığı və ona alternativ torpaq sahəsinin ayrılması üçün İcra Hakimiyyəti və müvafiq bələdiyyəyə müraciət etməsi tövsiyə olunmuşdur. Daha sonra, Siyəzən RİHB-yə və Siyəzən rayon Zarat Bələdiyyəsinə müraciət etsə də, bu qurumlardan da müsbət cavab ala bilməmişdir. Belə ki, Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cavab məktubunda məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Siyəzən rayon Zarat Bələdiyyəsi isə bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşların mülkiyyətinə verilməsinin bələdiyyənin səlahiyyətinə aid olmaması və bələdiyyənin ehtiyat fondunda kənd təsərrüfatı təyinatlı torpaqların qalmaması bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməməklə izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi 0,68 ha olmaqla, Bakı-Quba magistral avtomobil yolunun 81-ci kilometrliyində sağ tərəfdə yerləşir və 6 saylı Yaşıllaşdırma İdarəsinin xidməti ərazisinə aiddir. Həmin ərazilərin yaşıllaşdırılması Siyəzən Rayon İcra Hakimiyyətinin xx xxxx 2010-cu il tarixli razılıq məktubuna əsasən 2010-2012-ci illər ərzində aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar sözügedən ərazidə yaşıllıqlar salınmağa başlanılmışdır. Qeyd edir ki, təmsil etdiyi təşkilat tərəfindən iddiaçının torpaq sahəsi zəbt olunmamışdır. Belə ki, aidiyyəti üzrə Siyəzən rayon Zarat bələdiyyəsinin əməkdaşları ilə razılaşdırılmaqla, sözügedən torpaq sahəsində müxtəlif növ ağaclar əkilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli, 24/T-030 nömrəli məktubundan görünür ki, ərizəçinin müraciətinə baxılmış, sonuncunun iştirakı ilə yerində araşdırma aparılmaqla mülkiyyət hüquqlarının pozulmaması müəyyən edilmişdir. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyətinin xx xxxxxxx 2019-cu il tarixli, 1152/2-T- 10-148 nömrəli və Siyəzən rayon Zarat Bələdiyyəsinin xx xxxxxxx 2019-cu il tarixli, 164 nömrəli məktublarının surətindən görünür ki, müvafiq olaraq İddiaçı məsələ ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmiş, həmçinin bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların vətəndaşların mülkiyyətinə verilməsinin bələdiyyənin səlahiyyətinə aid olmadığı və bələdiyyənin ehtiyat fondunda kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qalmadığı bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Zarat kəndində yerləşən 3,2845 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid edilməklə xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyət olub, 1/7 hissədə iddiaçının adına rəsmiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və X3 Mərkəzi MMC-nin X6 İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, C-19 saylı mütəxəssis rəyindən, eləcə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 31174 saylı ekspert rəyindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə İddiaçı adına paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 3,2845 ha torpaq sahəsinin 0,688 ha hissəsinin cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən zəbt olunub-olunmaması müəyyənləşdirilməmiş, habelə, İddiaçı **********02 reyestr nömrəli çıxarış ilə mülkiyyətə verilmiş 3,28 ha torpaq sahəsinin 0,688 ha hissəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq olduğundan həmin torpaq sahəsinin nə qədər hissəsində cavabdeh tərəfindən ağac və kol bitkilərinin əkildiyini müəyyən etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 31174 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 107,16 (bir yüz yeddi manat 16 qəpik) manat, iddia üzrə ödənilmiş dövlət rüsumu isə 30 (otuz) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında işin faktiki halları, toplanmış sübutlar, habelə ekspert və mütəxəssis rəyləri ilə müəyyən edildi ki, cavabdehin iddiaçıya aid torpaq sahəsindən qanunsuz istifadə etməklə, sonuncuya zərər vurmasının heç bir qanuni əsası yoxdur və bunun əksi mötəbər sənəd və ya sübutlarla öz təsdiqini tapmır. Belə ki, işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti ilə əlaqədar təyin edilmiş kompleks məhkəmə texniki və əmtəəşünaslıq ekspertizasına dair qərardada əsasən tərtib edilmiş müvafiq rəydən də göründüyü kimi iddiaçıya aid torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı bir formada müdaxilə və ya zəbt edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyi iş üçün əhəmiyyətli olan halları özündə əks etdirdiyindən əsaslı və mötəbər hesab edilməlidir. Belə ki, mübahisəli ərazi üzrə aparılan ekspert tədqiqatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsaslanmaqla, sonuncu rəy isə mübahisəli torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Xidmətin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilməklə, tərtib edilmişdir. Həmçinin, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “mülkiyyət hüququnun bərpası və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, eyni zamanda, aparılmış məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat iddiaçıdan Azərbaycan Respublikasının dövlət büdcəsinin xeyrinə tutulmaqla, yanaşı, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 107,16 (bir yüz yeddi manat 16 qəpik) manat məbləğində pul da ondan alınaraq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin "Kapital Bank" X4 1 saylı Xətai filialındakı hesablaşma hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “mülkiyyət hüququnun bərpası və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 107,16 (bir yüz yeddi manat 16 qəpik) manat məbləğində pul İddiaçı tutularaq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin "Kapital Bank" X4 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN (bank) **********, m/h- AZ37NABZ**********0000001944; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar