Məhkəmə qərarları › İş №2(059)-44/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-44/2022

10.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-44/2022 10.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 və onun vəkili X2 iştirakları ilə iddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ övladları ilə birlikdə fərdi yaşayış evinə köçürülməklə, həmin evə istifadə hüququnun tanınaraq, ilkin yaşayış şəraitinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “övladları ilə birlikdə fərdi yaşayış evinə köçürülməklə, həmin evə istifadə hüququnun tanınaraq, ilkin yaşayış şəraitinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və onun övladları, 03 oktyabr 2009-cu il təvəllüdlü X4 və 30 mart 2011-ci il təvəllüdlü X5 ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülərək, ilkin yaşayış şəraitlərinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Mədət qızı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Cavabdeh2la 20 avqust 2008-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olmaqla, hazırda cavabdehlərin yaşadığı Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən iki otaqlı fərdi yaşayış evinə gəlin köçərək orada yaşamağa başlamış, 06 oktyabr 2009-cu il tarixdə isə Cavabdeh2la nikahlarını rəsmiləşdirmişlər. Cavabdeh2la birgə nikahlarından sözügedən evdə iki övladı, 03 oktyabr 2009-cu il tarixdə Baloğlan və 30 mart 2011-ci il tarixdə Əbəlfəz doğulmuşdur. Evləndikdən bir müddət sonra ərinin xasiyyətində olan qəribəliklər özünü büruzə verməyə başlamış, sonuncu vicdanlı əməklə məşğul olsa da, ailəyə diqqət yetirməmişdir. Lakin o, uşaqların gələcəyi naminə bütün bu hallara dözmüşdür. Pandemiya ilə əlaqədar məktəblərdə dərslərin tədrisi onlayn keçirildiyindən uşaqlara mobil telefon lazım olmuş, telefon isə ailədə yalnız cavabdehdə olduğundan uşaqlar məcbur olub atalarının telefonundan istifadə etmişlər. Amma, Cavabdeh2 çölə gedərkən telefonu özü ilə apardığından çox vaxt uşaqlar mütəmadi onlayn tədrisdən məhrum olmuşlar. Nəhayət, növbəti onlayn tədris zamanı cavabdeh mobil telefonu uşaqlara verməkdən imtina edərək, onlarla mübahisə etmiş, 18 yanvar 2021-ci il tarixdə onu övladları ilə birlikdə evdən qovduğu üçün sonuncularla birlikdə ata evinə qayıtmışdır. Bundan sonra, o, dəfələrlə 13 il daimi yaşadığı mübahisəli evə qayıtmağa cəhd etsə də, cavabdehlər onu evə buraxmamışlar. Evinə sığındığı valideynləri də işsiz və kasıb olduqlarından məcbur olub, uşaqların saxlanmasına görə cavabdehdən aliment alınması üçün məhkəmə müraciət etmiş və Siyəzən Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qətnaməsi ilə ümumilikdə 260 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bütün bunlara baxmayaraq, uşaqların ata qayğısına möhtac olduğunu hiss edib, habelə ata evində onların yaşayışı üçün otağın olmadığını görüb, 06 iyul 2021-ci il tarixdə yenidən uşaqlarla birlikdə mübahisə predmeti olan evə qayıtsalar da, bu zaman da evdə olan qaynanası Cavabdeh1 onları evə buraxmamış, digər Cavabdeh2 çağırtdıraraq, birlikdə onları evdən qovmuşlar. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 İddiaçı izahatına uyğun, eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X7 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı iddia ərizəsində göstərdikləri və məhkəmə iclasında bildirdikləri həqiqətə uyğun olmamaqla, heç bir sübutla əsaslandırmamışdır. Belə ki, iddiaçı ilə birlikdə yaşadıqları dövrdə Cavabdeh1 pensiyası və digər Cavabdeh2 bütün qazancı evə xərclənsə də, iddiaçı həmişə qazancın azlığından şikayətlənmiş, fəhlə olduğu üçün Cavabdeh2 həmişə tər iyi gəldiyinə görə sonuncunu bəyənməmişdir. Eyni zamanda, səksən yaşlı və xəstə qadın olan Cavabdeh1 evdə bir böyük kimi saymamış, ona qulluq etməmiş, qaynanası ilə həmişə mübahisə yaradaraq, evdə daim narazılıq salmış, istədiyi vaxt ata evinə gedərək, onların yanında qalmışdır. Dəfələrlə iddiaçı öz valideynləri ilə cavabdehlər arasında münaqişə yaranmasına səbəbkar olmuşdur. Belə olan halda tərəflərin bir evdə yaşaması mümkün deyildir. Bundan əlavə, iddiaçının iddia tələbi ilə əlaqədar istinad etdiyi hüquq normalarına münasibətdə qeyd edir ki, iddiaçının iddia ərizəsində uşaqları ilə birlikdə mənzildən istifadə hüququ və həmin mənzilə köçürülməsini tələb etsə də, cavabdehlərin heç birində mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evi yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2-ci maddəsi ailə münasibətlərinin tənzimləndiyi münasibətləri sadalayır və normanın mənasına görə bu münasibətlərin yaranmasını şərtləndirən amil tərəflər arasında müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikahdır. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilməsinə hüquqi əsas məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sahəsində yaranan hüququn həyata keçirilməsidir. Ona görə də hesab edir ki, iddiaçının iddiasına dair mübahisə üçün əsaslar, ailə münasibətləri iddiaçı ilə Cavabdeh2 rəsmi nikaha daxil olmaqla, həmin nikahın qeydiyyat orqanında qeydə alındığı ailə münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdehlərin mülkiyyətində mənzil olmadığı üçün iddiaçının iddia tələbi üzrə cavab verməli şəxslər deyillər. Belə ki, tərəflər arasında mübahisənin predmeti kimi mənzil sahəsindən söhbət gedirsə, iddiaçının mülkiyyət hüququ ilə kimə məxsus olan hansı mənzildən istifadə hüququ istəməsi məlum deyildir. Cavabdeh1 mərhum əri Əliyağa Dadaşov tərəfindən 1964-cü ildə torpaq kərpicdən inşa edilmiş evə mülkiyyət hüququnu müəyyən edən sənəd yoxdur, yəni belə bir hüquq dövlət tərəfindən tanınmamışdır. Bundan əlavə, həmin evə mərhum Əliyağa Dadaşovun mülkiyyət hüququ tanınsa idi, ev miras kütləsinə aid edilməklə onun birinci növbə vərəsələri, yəni arvadı Cavabdeh1 və 9 nəfər övladları qanun üzrə vərəsə kimi əmlak paylarına malik olardılar və bu zaman təbii ki, əgər həmin mənzildən iddiaçının iddia tələbi əsasına görə, yəni həmin mənzildən ona istifadə hüququ verilməsi və həmin mənzilə köçürülməli olduğu halda bütün birinci növbə vərəsələr mülki iş üzrə cavabdeh qismində iddiaya öz münasibətlərini bildirməlidirlər. Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən mənzildən istifadə hüququ, yəni hər hansı bir mənzil istifadə hüququ ilə yüklü edilirsə, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Bu halda 1991-ci ildə vəfat etmiş, mərhum Əliyağa Dadaşovun 1964-cü ildə Siyəzən rayonu Böyük Həmyə kəndində çiy kərpicdən inşa etdiyi, 1994-cü ilin oktyabr ayında Siyəzən rayon ərazisində baş vermiş təbii fəlakət olan selin nəticəsində bərbad hala düşmüş evə hazırda hər bir şəxsin mülkiyyət hüququ tanınmamaqla, dövlət tərəfindən qeydiyyata alınmadığı üçün daşınmaz əmlak dövlət tərəfindən tanınmamışdır. Belə olan halda dövlət tərəfindən mülkiyyətçisi qanuna müvafiq qaydada tanınmayan və qeydiyyata alınmayan daşınmaz əmlak olan həmin evə hər hansı bir şəxsin istifadə hüququnun tanınması və həmin hüququn reyestr xidmətində dövlət tərəfindən qeydiyyata alınması mümkün olmamaqla, qanunsuzdur. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Yəhya Nəzərovun izahatına uyğun, eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin, o cümlədən iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də Cavabdeh1 vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırmaqla belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi 08 avqust 2011-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 711867 nömrəli və AZ-İİ seriyalı, 711868 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh2, anası İddiaçı olan X4 03 oktyabr 2009-cu il tarixdə, X5 isə 30 mart 2011-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının Həmyə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən 09 iyul 2021-ci il tarixdə verilmiş 359 nömrəli arayışdan görünür ki, İddiaçı nümayəndəliyin təsərrüfatbaşına kitabında qaynanası Cavabdeh1 01 yanvar 2021-ci il tarixində adına açılmış 547 nömrəli şəxsi hesabında gəlini olaraq 2008-ci il tarixindən bu ünvanda daimi yaşayan kimi qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 25 noyabr 2021-ci il tarixli, **********75 nömrəli məktubundan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Cavabdeh2 Əlyağa oğlunun və Cavabdeh1 Siyəzən rayonu, Böyük Həmyə kəndində adlarına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Bundan əlavə, Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evinə dair X3 adına oktyabr 1988-ci il tarixli texniki pasport olmuşdur. İşdə olan 12 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 10 (on) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh2 20 avqust 2008-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olmaqla, cavabdehlərin yaşadığı, habelə mərhum Əliağa Dadaşovun adına oktyabr 1988-ci il tarixli texniki pasport verilmiş Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən iki otaqlı fərdi yaşayış evinə gəlin köçərək orada yaşamağa başlamış, 06 oktyabr 2009-cu il tarixdə isə Cavabdeh2la nikahlarını rəsmiləşdirmiş, birgə nikahlarından sözügedən evdə 03 oktyabr 2009-cu il tarixdə Baloğlan və 30 mart 2011-ci il tarixdə Əbəlfəz doğulmuşdur. Bundan sonra, tərəflər 13 il ərzində etibarlı ailə münasibətlərində daimi olaraq cavabdehlərin yaşadığı Siyəzən rayonu, Böyük Həmyə kəndində yerləşən iki otaqlı fərdi yaşayış evində birgə yaşasalar da, iddiaçı ilk dəfə 18 yanvar 2021-ci il tarixdə ailədaxili mübahisə nəticəsində övladları ilə birlikdə həmin evi tərk etmiş, lakin 06 iyul 2021-ci il tarixdə yenidən qayıtmağa cəhd etməsinə baxmayaraq, təkrarən məcburiyyət qarşısında oranı tərk etmiş, sonradan isə bir neçə dəfə mübahisəli fərdi yaşayış evinə qayıtmağa cəhd göstərsə də, cavabdeh tərəfdən ona imkan verilməmişdir. Bu səbəbdən də, iddiaçı hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Bundan əlavə, cavabdehlərin yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqla bağlı mübahisə vardır. İşdə olan sübutlardan göründüyü kimi, mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş, habelə tərəflərdən hər hansı biri həmin evə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildirlər. Bununla belə, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi şəhərsalma qaydalarına və tikinti normalarına zidd inşa olunmadığı, həmin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığı halda qeyd edilən evə münasibətdə sonuncunun gözlənti ilə mülkiyyət hüquqları yarana bilər. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin "Önəryıldız Türkiyəyə qarşı" işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, "Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından "mülkiyyət" hesab oluna bilməz (bax: Marks Belçikaya qarşı, b. 50; Zverjinskinin işi, b. 61). Lakin etiraf etmək lazımdır ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı. Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından "mülkiyyətə" bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55) " Tre Traktöreer AB İsveçə qarşı (07.07.1989, A seriyası, c59, s21, .59) və Van Marle və başqaları Niderlanda qarşı (26.06.1986, A seriyası,c.101, s13,b.40) işlər üzrə Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsi ilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüququn sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın "hüquq" kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin "mülkiyyət hüququ" hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda "mülkiyyət" hesab edilməsinin qarşısını almır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti 20 avqust 2008-ci il tarixdə, yəni hazırda qüvvədə olan Mülki Məcəlləsinin qüvvəyə mindiyi 01 sentyabr 2001-ci il tarixdən sonra yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsinə baxmayaraq Mülki Məcəllənin 11.1-ci maddəsi, yəni mülki qanunvericiliyin analogiya üzrə tətbiqi Mülki Məcəllənin aşağıda qeyd edilən normalarının hazırki iddia tələbinə tətbiq olunmasına əsas verir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir Göründüyü kimi hazırkı iş üzrə hüquq münasibətləri 2001-ci ilin sentyabrın 1-dən sonra yarandığından, mübahisə Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Bu Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinə münasibətdə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən tərəflərdən hər hansı birinin mübahisəli evə istifadə hüququ yarana bilməz. Yəni, cavabdehlərin yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evinə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən İddiaçı mübahisəli evə istifadə hüququnun verilməsi mümkün deyildir. Bununla belə, məhkəmə iddia tələbinin “iddiaçının övladları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi” hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfin mübahisəli yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, bu fakt tərəflərin izahatı, eləcə də mülki iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapır. Cavabdehlər mübahisəli yaşayış sahəsində normal şərtlər daxilində yaşadığından, iddiaçının da həmin şərtlər daxilində tikilidə yaşamaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı övladları, 03 oktyabr 2009-cu il təvəllüdlü X4 və 30 mart 2011-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdehlərin yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 10 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. İddiaçı övladları, 03 oktyabr 2009-cu il təvəllüdlü X4 və 30 mart 2011-ci il təvəllüdlü X5 ilə birlikdə cavabdehlərin yaşadığı Siyəzən rayonunun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. İddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar