Məhkəmə qərarları › İş №2(059)-451/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-451/2021

15.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-451/2021 15.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı, eləcə də digər İddiaçı5 nümayəndəsi İddiaçı1, Cavabdeh iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı7, İddiaçı6, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair iddiası üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı7, İddiaçı6, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan Siyəzən rayonunun Yenikənd kəndində yerləşən fərdi yaşayış evi üzərində 1/8 hissədə iddiaçıların və cavabdehin paylarının, eləcə də torpağın mülkiyyətə verilməsinə dair (JN-265F KOD ********) şəhadətnaməyə əsasən 0,11 ha ölçüdə həyətyanı torpaq sahəsinin 2/8 hissəsinin üzərində 1/8 hissədə ((yəni 0,11 ha ölçüdə həyətyanı torpaq sahəsinin 2/64 (1/32) hissədə)) paylarının müəyyən edilib bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, eləcə də digər İddiaçı5 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, atası X5 2011-ci ilin yanvar ayında, anası X11 isə 2018-ci ilin may ayında ölmüşlər. Mərhum valideynlərindən miras əmlak kimi Siyəzən rayonunun Yenikənd kəndində yerləşən fərdi yaşayış evi və Siyəzən Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,11 ha ölçüdə həyətyanı torpaq sahəsinin hər birinə 1/8 hissədə olmaqla, cəmi 2/8 hissədə torpaq payları qalmışdır. Başqa sözlə, miras kütləsinə Siyəzən rayonu Yenikənd kənində yerləşən fərdi yaşayış evi və 0,11 ha ölçüdə həyətyanı torpaq sahəsinin 2/8 hissəsi daxildir. Onlar dəfələrlə könüllü olaraq valideynlərindən qalmış miras əmlakı bölüşdürməyə çalışsalar da, cavabdeh hər dəfə miras əmlakların yalnız ona məxsus olmasını əsassız iddia edərək, miras şərikləri arasında mirasın bölüşdürülməsinə qərəzli maneçilik törətmişdir. Hətta, cavabdeh bir az da irəli gedərək, valideynlərindən ölüm gününə və hal-hazıradək miras qalmış evdə yaşayan onu və İddiaçı3 oradan qovub çıxartmaq istəyir. Bundan əlavə, cavabdeh mübahisəli evə aid hamamı və ayaqyolunu söküb istifadəyə yararsız vəziyyətə gətirmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan məlum olur ki, cavabdeh, qardaşı Cavabdeh miras əmlakların yalnız onda qalmasını əsassız iddia edir və mirasın könüllü surətdə bölüşdürülməsinə maneçilik yaradır. Bundan əlavə, anası öldükdə Yenikənd kəndində ata evində olmuş və həmin vaxt bu evdə ondan, eləcə də İddiaçı3 başqa heç kəs yaşamamışdır. Eyni zamanda, bacısı Umusələmə Səlimova da doğulduğu vaxtdan ölənədək ata evində yaşamışdır. X10 Əhmədova təxminən 16-17 il olar Biləsuvar rayonuna ərə getsə də, qardaşı İddiaçı4 1984-cü ilin avqust ayında evi tərk edib Bakı şəhərinə köçməklə, daimi olaraq orada yaşayır. Digər bacısı İddiaçı5 isə 1996-cı il tarixdə evlənərək, Xırdalan şəhərinə köçmüş, həmçinin hazırda da orada qeydiyyatda olmaqla, yaşayır. X24 1999-cu il tarixdə ölmüş, onların da ayrıca evi olmuşdur. X22 övladları olan Elbrus, Nahid və Ayna Səlimovlar isə heç vaxt onların ata evində yaşamamışlar. Ata evinin kommunal xərclərini anası ölməmişdən qabaq özü ödəsə də, sonradan qardaşı Cavabdeh sayğacları öz adına keçirmişdir. X19 vəfat edərkən o, evdə yaşamasa da, 2016-cı ildən etibarən (anası ölməmişdən iki il əvvəl) mübahisəli evə qayıtmış və həmin vaxtdan da daimi yaşayış yeri ata evi olmuşdur. Hazırda Bakı şəhərində övladlarının təhsili ilə əlaqədar müvəqqəti qalır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Digər iddiaçılar İddiaçı3, İddiaçı7, İddiaçı6, İddiaçı2, İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iclasın iddiaçılar İddiaçı3, İddiaçı7, İddiaçı6, İddiaçı2, İddiaçı4 iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Siyəzən Rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli qərarı ilə Siyəzən rayonu, Yenikənd kəndi ərazisində yerləşən istifadəsində olan torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Bu barədə müvafiq şəhadətnamə də verilmiş və bu şəhadətnamədə mərhum valideynlərinin, onun arvadının, uşaqlarının və hazırda iddiaçı olan Bağdagülün adı qeyd edilmişdir. Onlar ailədə üç qardaş və dörd bacı olmuş, torpaqlar vətəndaşların mülkiyyətinə verilənədək iki qardaş, üç bacı ailə qurub valideyn evindən ayrılmışlar. Atası 2011-ci ildə, anası isə 2018-ci ildə ölmüşlər. 28 aprel 2000-ci ildə mərhum atası X5 notarial qaydada hazırda iddiaçıların iddia etdiyi evi ona vəsiyyət etmişdir. Siyəzən Rayon Məhkəməsinin 10 mart 2021-ci i tarixli qətnaməsi ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonu, Yenikənd kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində İddiaçı1, onun, X4, X14, X8 və X6 hər birinə 1/8 hissədə olmaqla payları müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçıların iddia ərizəsində yazılanlar həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı1 2000-ci ildə anasının xalası nəvəsi Rəhmana qoşulub qaçmış, habelə ailə kimi 2010-cu ilədək Siyəzən şəhərində yaşamışlar. 2010-cu illdə ailə münasibətləri pozulmuş, qardaşı Aydının dostu Raufla evlənib, Bakı şəhərinə yaşamağa getmişdir. Hər iki ailəsi ilə qeyri-rəsmi nikah münasibətlərində olan bacısı Bağdagül hazırda da Bəxtiyar adlı başqa bir şəxs ilə Bakı şəhərində yaşayır. İddiaçı3 anası, mərhum bacısı Umusələmə Səlimovaya mərhum X19 7 sot həyətyanı torpaq sahəsi alıb vermiş və onların təsərrüfatı 1986-cı ildən ayrı olmuşdur. X10 Əhmədova təxminən 16-17 il olar Biləsuvar rayonuna ərə getsə də, qardaşı İddiaçı4 1984-cü ilin avqust ayında evi tərk edib Bakı şəhərinə köçməklə, daimi olaraq orada yaşayır. Digər bacısı İddiaçı5 isə 1996-cı il tarixdə evlənərək, Xırdalan şəhərinə köçmüş, həmçinin hazırda da orada qeydiyyatda olmaqla, yaşayır. X24 13 noyabr 1999-cu il tarixdə ölmüş, onların da ayrıca evi olmuşdur. X22 övladları olan Elbrus, Nahid və Ayna Səlimovlar isə heç vaxt onların ata evində yaşamamış və mübahisəli torpaq sahəsindən istifadə etməmişlər. Ata evinin kommunal xərclərini o, özü ödəyir. Mərhum valideynlərinə öldükləri günədək özü baxsa da, anası Cavahir öləndən sonra evin açarları bacısı İddiaçı1 olmuş, anasının ölümündən sonra həmin evdən və evdəki əşyalardan mərhum bacısı Umusələmə, onun oğlu Pərviz və Bağdagül istifadə etmişlər. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan da, baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 26 may 2004-cü il tarixli, JN 265F seriyalı, 30505018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə 0,11 hektar torpaq sahəsi X1 mülkiyyətinə verilmiş və bu şəhadətnamədə onun mərhum arvadı X11, İddiaçı1, oğlu Cavabdeh, eləcə də digərləri onun ailə üzvləri kimi göstərilmişlər. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 03 mart 2016-cı il tarixdə verilmiş arayışın surətindən görünür ki, X16 13 noyabr 1999-cu il tarixdə ölmüşdür. İşdə olan Siyəzən RİH başçısının Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən 07 iyul 2021-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 174032 nömrəli və AZ-İİ seriyalı, 174033 nömrəli, eləcə də 20 fevral 2019-cu il tarixdə verilmiş, AZ-İ seriyalı, 951103 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq X5 07 fevral 2011-ci, X11 15 may 2018-ci, X9 isə 23 yanvar 2019-cu il tarixdə ölmüşlər. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 10 mart 2021-ci il tarixli, 2(059)-16/2021 saylı qətnaməsinin surətindən görünür ki, 26 may 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 265 F seriyalı, KOD 30505018 nömrəli şəhadətnaməyə əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonu, Yenikənd kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində İddiaçı1 cavabdehlər Cavabdeh, X4, Nəzərova (Mirzəliyeva) Afaq Bəşir qızının, X8 və X6 hər birinə 1/8 hissədə olmaqla payları müəyyən edilmişdir. İşdə olan Siyəzən rayon Dövlət Notariat Ofisinin 07 iyul 2021-ci il tarixli, 341 nömrəli məktubundan görünür ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğundan mərhumlar Mirzəli Mirzəliyevdən və Cavahir Mirzəliyevadan miras qalmış əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələrinə məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İşdə olan 15 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi vərəsəlik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür. Məhkəmə iclasında verilmiş izahatlar, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 10 mart 2021-ci il tarixli qətnaməsi və iş materiallarındakı sənədlərlə müəyyən edildi ki, Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 34-11 saylı qərarı ilə 0,11 hektar torpaq sahəsi mərhum X1 mülkiyyətinə verilmiş və şəhadətnamədə mərhum arvadı X11, İddiaçı1, oğlu Cavabdeh, eləcə də digərləri onun ailə üzvləri kimi göstərilmişlər. Bundan sonra, miras əmlaka münasibətdə tərəflər arasında yaranmış mübahisə məhkəmə qaydasında həll edilmiş, o cümlədən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 10 mart 2021-ci il tarixli qətnaməsi ilə 26 may 2004cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 265 F seriyalı, KOD 30505018 nömrəli şəhadətnaməyə əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonu, Yenikənd kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində İddiaçı1, Cavabdeh, X4, Nəzərova (Mirzəliyeva) Afaq Bəşir qızının, X8 və X6 hər birinə 1/8 hissədə olmaqla payları müəyyən edilmişdir. Eyni zamanda, qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı3 faktiki yaşadığı tikili (yaşayış sahəsi) Siyəzən rayonu, Yenikənd kəndindəki sözügedən 0,11 ha torpaq sahəsində yerləşsə də, həmin tikilinin (yaşayış sahəsinin) hüquq müəyyənedici və texniki sənədləri mövcud deyildir. Bundan başqa, Siyəzən rayonu, Yenikənd kəndindəki fərdi yaşayış evinə keçmiş DTİ və MHQ idarəsi tərəfindən 1988-ci il tarixdə mərhum X1 adına texniki pasport hazırlansa da, qeyd olunan fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Digər tərəfdən texniki pasport həm Azərbaycan Respublikası mülki qanunvericiliyinə, həm də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasında göstərilməmiş, habelə hüquq müəyyənedici sənəd kimi müəyyən edilməmişdir. Eyni zamanda, verilmiş izahatlardan da göründüyü kimi mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş və deməli, özbaşına tikilidir. Həmçinin, tərəflərdən hər hansı biri mübahisəli tikiliyə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildir. Bununla da, həmin tikiliyə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən tərəflərdən hər hansı birinin mübahisəli evə (özbaşına tikiliyə) bu və ya digər formada hüququ yarana bilməz. Yəni, sözügedən tikiliyə (yaşayış sahəsinə) dair mərhum Mirzəli Mirzəliyevin əmlak hüquqları müvafiq qaydada qeydə alınmadığından oranın miras əmlak kimi qəbul edilib, tərəflərin paylarının müəyyən edilməsi istisna edilir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bu Məcəllənin 180-ci maddəsinin İ və İİ hissələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə, iddiaçılar İddiaçı1 və İddiaçı3 faktiki yaşadığı tikilinin (yaşayış sahəsinin) yerləşdiyi Siyəzən rayonu, Yenikənd kəndindəki sözügedən 0,11 ha torpaq sahəsinin üzərində ümumiliyin iştirakçılarının payları məhkəmə qaydasında müəyyən edilsə də, mübahisəli torpaq sahəsinin payçıları olmalarına baxmayaraq, Mirzəli Mirzəliyev və Cavahir Mirzəliyeva öldüklərindən onlara məxsus hissə mirasa daxil olmuşdur. Adları çəkilən mərhumlar isə sağlıqlarında onlardan miras qalmış sözügedən torpaq sahəsinə dair vəsiyyətnamə tərtib etməmişlər. Həmçinin, tərəflər miras əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etsələr də, aralarında yaranmış ixtilafla əlaqədar əmlaka münasibətdə payları müəyyən edilməmişdir. Bununla belə, burada bir məqama diqqət yetirmək zəruridir. Yəni, mərhumlardan miras qalmış əmlakın miras şərikləri tərəfindən qəbul edilməsi məsələsi araşdırılmalıdır. Bu zaman işin faktiki halları, habelə tədqiq olunmuş mötəbər sübutlara əsasən İddiaçı1, Cavabdeh, eləcə də 23 yanvar 2019-cu il tarixdə ölmüş mərhum bacıları X9 valideynlərinin ölümündən sonra onlardan miras qalmış əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirmiş, o cümlədən bu əmlaka sahiblik etməklə, onu idarə etmiş, habelə təyinatı üzrə istifadə etmişlər. X2 ölümündən sonra, onun oğlu digər İddiaçı3 mərhum nənə və babasından miras qalmış əmlakdan İddiaçı1 və Cavabdeh kimi bərabər şəkildə istifadə etmiş, anasına çatan payı birinci növbədə vərəsə olaraq qəbul etməsini şəksiz nümayiş etdirmiş, habelə anasına çatan paydan imtina etməmiş, habelə belə bir imtina olduğu təqdirdə, bunun notariat orqanında rəsmiləşdirilməsinə dair mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Lakin, digər iddiaçılar, o cümlədən Mirzəli Mirzəliyevin və Cavahir Mirzəliyevanın övladları İddiaçı4, İddiaçı5, 13 noyabr 1999-cu il tarixdə ölmüş X12 uşaqları İddiaçı7, İddiaçı6, X21, həmçinin mərhum Umusələmə Səlimovanın digər övladı İddiaçı2 isə mirasın açıldığı vaxtdan vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna mirası kütləsinin (mübahisə predmeti olan torpaq sahəsinə dair payların) qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamış və bununla da mərhum valideynlərindən qalmış mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməmişlər. Eyni zamanda, adları çəkilən bu şəxslər başqa ünvanlarda yaşamaqla, orada ailələri ilə birgə təsərrüfat idarə etmiş, miras əmlakla hər hansı bir formada bağlılıqları qalmamış, o cümlədən olmamışdır. Yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərindən də göründüyü kimi mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Beləliklə, iddiaçılar İddiaçı1, İddiaçı3 və Cavabdeh Siyəzən rayonu, Yenikənd kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsindən mərhumlar X3 və X7 çatası paydan fasiləsiz və etirazsız istifadə etmələri işin materialları ilə təkzib olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Bu Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Qeyd olunan Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Sözügedən Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Yenə də bu Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Bu Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, 26 may 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 265 F seriyalı, KOD 30505018 nömrəli şəhadətnaməyə əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonu, Yenikənd kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsindən mərhumlar X3 və X7 çatası 2/8 hissəyə münasibətdə vərəsələri İddiaçı1, İddiaçı3 və Cavabdeh bərabər (hər bir vərəsəyə 1/3 hissədə) şəkildə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı İddiaçı1 tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi İddia qismən təmin edilsin. 26 may 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN 265 F seriyalı, KOD 30505018 nömrəli şəhadətnaməyə əsasən ümumi mülkiyyətə verilmiş Siyəzən rayonu, Yenikənd kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsindən mərhumlar X3 və X7 çatası 2/8 hissəyə münasibətdə vərəsələri İddiaçı1, İddiaçı3 və Cavabdeh bərabər (hər bir vərəsəyə 1/3 hissədə) şəkildə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar