Məhkəmə qərarları › İş №2(059)-458/2024

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-458/2024

08.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-458/2024 08.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli, 2(060)-16188/2017 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, qəbul ediləcək yeni qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, eləcə də mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məhkəmə xərcinin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli qətnaməsi ilə oğlu Sadiqin yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin, övladı artıq böyüdüyündən o, hazırda tutulan aliment məbləği ilə uşağın artan tələbatını qarşılaya bilmir. Belə ki, övladı hazırda məktəbdə təhsil almaqla, təhsil xərcləri də çoxalmış, uşağın ümumi maddi tələbatları artmışdır. Bundan əlavə, ölkə üzrə uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Həmçinin, o, aliment məbləğinin artırılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, sonuncu buna könüllü şəkildə əməl etmək istəməmişdir. Eyni zamanda, cavabdeh övladına yardım etmək üçün kifayət qədər maddi imkana malik olsa da, uşağı saxlamaq kimi valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Bundan başqa, sonuncunun işləməməsi aliment öhdəliyindən imtinanın əsası kimi götürülə bilməz. Habelə o, mediasiya qurumuna müraciət edib, ilkin mediasiya sessiyasında iştirak etsə də, mübahisə həll olunmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh birgə nikahdan doğulan Sadiqə görə alimenti vaxtlı-vaxtında ödəməklə, hazırda iddiaçıya aliment borcu yoxdur. Habelə, hazırda cavabdehin işləməsi barədə hər hansı bir sübutu olmamaqla yanaşı, onda olan məlumata görə heç yerdə işləmir. Həmçinin, onun qızı İddiaçı da heç yerdə işləmir. Bundan başqa, cavabdeh əvvəllər başqa qadınla nikahda olmuş, daha sonra birinci arvadından boşanaraq onun qızı İddiaçı ilə rəsmi nikaha daxil olmuş, lakin bir müddətdən sonra qızından da boşanaraq yenidən birinci arvadı ilə evlənmişdir. Odur ki, bir daha iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, cavabdeh əvvəllər qurğuşun sexində fərdi qaydada fəhlə işləsə də, qanına qurğuşun keçərək zəhərləndiyi üçün hazırda işləyə bilmir. Lakin, dövlət müəssisəsində işləmədiyi üçün cavabdeh olan oğlu Cavabdeh xəstəliyə görə əlillik verilməmişdir. Belə olan halda, oğlu Natiqin birinci nikahdan olan iki övladına da, baxmaqla, ikinci nikahdan doğulan Sadiqin saxlanılması üçün müəyyən edilən alimenti aylıq aldığı 465 manat pensiyanın hesabına vaxtlı-vaxtında ödəyir və hazırda cavabdehin qarşı tərəfə aliment borcu yoxdur. Bundan başqa, cavabdehin atası Əliyavər də ürək xəstəsi olduğundan əmək qabiliyyətinə malik deyildir. O, həmçinin həftənin müəyyən günlərində kafedə aşpaz işləməklə, gündəlik 20 manat əlavə qazanc da əldə edir. Ailənin tək gəlir mənbəyi onun əldə etdiyi qazancdır. Bununla belə, nəvəsi Sadiqin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay iddiaçının xeyrinə 150 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 01 oktyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 607022 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X3 15 sentyabr 2015-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli, 2(060)-16188/2017 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış 16 iyun 2015-ci il tarixli, 1426 nömrə ilə qeydə alınmış nikahın pozulması və 15 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 18 noyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 366545 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 18 noyabr 2019-cu il tarixdə, 3332 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Qasımova" soyadı verilmişdir. İşdə olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 05 may 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 515986 nömrəli və Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 18 mart 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 570984 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası Qasımova (Əliyeva) Könül Vaqif qızı olan X2 30 mart 2015-ci il tarixdə, Nümayəndə2 Natiq oğlu 24 fevral 2021-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşlar. İşdə olan qəbzdən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində məhkəmə xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər əvvəlcə faktiki, 16 iyun 2015-ci il tarixdə isə rəsmi nikaha daxil olmaqla, evlənmiş və bu nikahdan 15 sentyabr 2015-ci il tarixdə Sadiq adlı övladları doğulmuşdur. Bundan sonra, onların nikahı 23 noyabr 2017-ci il tarixdə pozulmuş və Sadiqin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Lakin, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 15 sentyabr 2015-ci il təvəllüdlü Sadiqin artan tələbatını qarşılaya bilmir. Bundan əlavə, Cavabdeh sonradan ikinci dəfə Könül Qasımova ilə rəsmi nikaha daxil olmaqla, evlənmiş və bu nikahdan 30 mart 2015-ci il tarixdə İbrahim, 24 fevral 2021-ci il tarixdə isə Nazilə adlı övladları doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 15 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da, göründüyü kimi Azərbaycan Respublikasında 2024-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin hazırda işləməməklə, başqa nikahdan iki uşağının olması, həmçinin bu uşaqların, eləcə də iddiaçının himayəsində olan uşağın saxlanılması zərurəti, eləcə də tərəflərin diqqətəlayiq maraqları, həmçinin iddiaçının qadın olmaqla, müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin ikinci nikahından olan övladlarına qayğı göstərməsi onu digər övladına, yəni Sadiqə münasibətdə valideynlik öhdəliklərini yerinə yetirməkdən azad etmir. Çünki, alimentin həcminin müəyyən edilməsi zamanı uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəlki təminatlarının səviyyəsi, habelə uşağın marağı nəzərə alınmalıdır. Beləliklə, Cavabdeh bir ata, valideyn kimi yetkinlik yaşına çatmayan övladının saxlanması üçün İddiaçı maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 15 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli, 2(060)-16188/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məhkəmə xərcinin 77%-i, yəni 38,50 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı azad edildiyi 48,20 manat dövlət rüsumunun 77%-i, yəni 37,11 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 15 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli, 2(060)-16188/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məhkəmə xərcinin 77%i, yəni 38,50 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 48,20 manat dövlət rüsumunun 77%-i, yəni 37,11 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar