Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-459/2022 06.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əkin sahəsinə vurulan 3445,28 manat məbləğində maddi zərərin və ödənilmiş 55 manat dövlət rüsumu olmaqla, cəmi 3500,28 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, ”MARS-FK” LTD MMM ilə arasında bağlanmış 23 noyabr 2021-ci il tarixli icarə müqavilələrinə əsasən hər biri 1,896501 ha və 2,3706 ha olmaqla, cəmi 4,267101 ha iki qonşu torpaq sahəsini kənd təsərrüfatı məsullarını istehsal edib, gəlir əldə etmək məqsədilə 23 noyabr 2031-ci il tarixədək icarəyə götürmüşdür. Buna görə də, Siyəzən rayon Beşdam inzibati ərazi dairəsində yerləşən sözügedən torpaq sahələrinin 3,53 ha hissəsinə arpa əkmişdir. 16 iyun 2022-ci il tarixdə Siyəzən rayonunun Cəndəhar kənd sakinlərinə məxsus 76 baş qaramal, naxır növbəsində olan cavabdehin işinə məsuliyyətsiz yanaşaraq, naxırı özbaşına buraxması səbəbindən icarəsində olan torpaq sahəsinə daxil olmaqla, sahəni otlamış, dırnaqları ilə boy atmış arpa əkinini əzərək gövdə hissəsindən sındırmış və tamamilə yararsız hala salaraq arpa biçinini mümkünsüz etmişdir. Hadisədən xəbərdar olan kimi aidiyyəti üzrə müvafiq orqanlara məlumat vermiş, cavabdehin müəyyən olunması, baş vermiş hadisə ilə bağlı halların və digər faktların təsdiq edilməsi məqsədilə hadisə yerinə səlahiyyətli şəxslər gəlmiş, habelə 16 iyun 2022-ci il tarixli müvafiq akt tərtib edilmişdir. Daha sonra, 17 iyun 2022-ci il tarixdə X5 İnkişaf Mərkəzinin və digər mütəxəssislər tərəfindən torpaq sahəsinə baxış keçirilərkən icarəyə götürdüyü arpa sahəsinin 3,53 ha hissəsinin biçinə tamamilə yararsız halda olduğu məlum olmuşdur. Bundan əlavə, X5 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun mütəxəssisi tərəfindən sözügedən arpa sahəsinə dəymiş maddi ziyan 3445,28 manat məbləğində hesablanmış və 17 iyun 2022-ci il tarixli rəyi tərtib edilmişdir. Lakin, cavabdeh ona dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmamaqla, əvvəlki məhkəmə iclasında iddia ərizəsinə eyni məzmunlu, uyğun izahat vermiş İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 16 iyun 2022-ci il tarixli aktda göstərilənlərlə razı deyildir. Belə ki, həmin aktda 76 baş qaramalın sahəyə girməsi səhv göstərilmişdir. Çünki, nobatdan ilk dəfə idi inəklər əraziyə girmişdir. Həmin vaxt o, işdə olduğu üçün heyvanlara arvadı Zərifə Qurbanova baxmış, habelə əraziyə cəmi 40 baş heyvan girmişdir ki, bunlardan da 4-ü onun şəxsi təsərrüfatına məxsusdur. Bununla belə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında göstərdi ki, o, 16 iyun 2022-ci il tarixli aktda göstərilənlərlə razı deyildir. Belə ki, həmin aktda 76 baş qaramalın sahəyə girməsi səhv göstərilmişdir. Çünki, Siyəzən rayonunun Cəndəhar kəndində cəmi 40 baş qaramal var və həmin gün naxırda özü olmuşdur. İddiaçının qonşuluqda mal naxırına daxil olmayan heyvanları da onun üzərinə qeyd etməsinə etiraz edir. Bundan əlavə, həmin gün növbədə olmasına baxmayaraq, heyvanlara çatıb, onlara maneə ola bilməmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 əlavə olaraq izahatında göstərdi ki, sözügedən 76 baş qaramaldan 40 başı onun cavabdehliyində olsa da, 36 baş qaramal Siyəzən rayonunun Cəndəhar kənd sakini Eyvaza məxsus olmuşdur. Eyni zamanda onun 16 iyun 2022-ci il tarixli aktın tərtib olunmasından, həmçinin aktda qeyd edilənlərdən xəbəri olmamışdır. Bununla da, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Şahid2 ifadəsində göstərdi ki, X5 İnkişaf Mərkəzinə 16 iyun 2022-ci il tarixdə daxil olmuş telefon zəngindən sonra digər əməkdaşla birlikdə Siyəzən rayonunun Beşdam kəndinə getmişlər. Həmin vaxt sayını dəqiq bilmədiyi iribuynuzlu mal-qara iddiaçıya məxsus arpa əkini sahəsində olmuşdur. Bundan əlavə, onlar orada olarkən heyvanlar əkinin orta hissəsinə ziyan vurmuşdur. Şahid1 ifadəsində göstərdi ki, tərəfləri kənd sakini kimi tanımaqla, yanaşı hazırda mübahisələndirilən hal kənd sakinləri arasında mütəmadi olaraq baş verir. Belə ki, sakinlər tez-tez müraciət edərək, istifadələrində olan əkin sahələrinə heyvan sürülərinin girdiyini bildirirlər. 16 iyun 2022-ci il tarixdə, saat 16:00 radələrində İddiaçı ona zəng edərək, istifadəsində olan əkin sahələrinə heyvan sürüsünün daxil olduğunu bildirmişdir. Bundan sonra, o, həmin əraziyə getmiş və sözügedən sahədə nəzarətsiz qaramal naxırının olmasının şahidi olmuşdur. Daha sonra, oraya Siyəzən RPŞ-nin polis sahə rəisi Mirzə Məmmədov, X5 İnkişaf Mərkəzinin nümayəndələri də gəlmişdir. Sahədə olan kimə məxsus olduğunu bilmədiyi heyvan sürüsünü sayıb, X2 təhvil verərkən orada 76 baş qaramal olmuşdur. Qeyd edilən 76 baş qaramal Siyəzən rayonunun Cəndəhar kənd sakinlərinə məxsus olsa da, həmin gün naxıra nəzarət edən şəxs cavabdeh və onun arvadı olmuşdur. Daha sonra, həmin gün X5 İnkişaf Mərkəzinin direktor müavini Elçin Səfərlinin, həmin Mərkəzin böyük məsləhətçisi Şahid2, Siyəzən RPŞ-nin polis sahə rəisi Mirzə Məmmədovun, İddiaçı və onun iştirakı ilə akt tərtib edilmiş və imzalanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 19 yanvar 2007-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Beşdam kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,896501 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə "xxxx" LTD məhdud məsuliyyətli müəssisənin adına **********34 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 02 may 2008-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Beşdam kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,3706 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə "xxxx" LTD məhdud məsuliyyətli müəssisənin adına **********31 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 23 noyabr 2021-ci il tarixdə reyestrdə müvafiq olaraq 3M-2367 və 3M-2369 reyestr nömrələri ilə qeydə alınmış icarə müqavilələrinin surətlərindən görünür ki, "xxxx" LTD məhdud məsuliyyətli müəssisəsi mülkiyyətindəki 1,896501 ha və 2,3706 ha torpaq sahələrini İddiaçı hər sahə üçün illik 10 manat ödəmək şərtilə 23 noyabr 2031-ci il tarixədək icarəyə vermişdir. İşdə olan 16 iyun 2022-ci il tarixdə X5 İnkişaf Mərkəzinin direktor müavini Elçin Səfərlinin, həmin Mərkəzin böyük məsləhətçisi Şahid2, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1, Siyəzən RPŞ-nin polis sahə rəisi Mirzə Məmmədovun və İddiaçı tərtib etdikləri aktdan görünür ki, həmin tarixdə Siyəzən rayonunun Cəndəhar kənd sakinlərinə məxsus 76 baş qaramal naxırı rayonun İddiaçı istifadəsində olmaqla, Beşdam kəndi ərazisində yerləşən taxıl (arpa) əkini sahəsinə girərək, ora ziyan vurmuş, habelə 76 baş qaramal naxırı əkin sahəsindən çıxarılaraq, naxırın növbəsində olan Cəndəhar kənd sakini Cavabdeh arvadı X2 təhvil verilmişdir. İşdə olan X5 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi Seymur Müxtəsənov tərəfindən 17 iyun 2022-ci il tarixdə tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, o, Siyəzən rayonunun Beşdam İnzibati Ərazi Dairəsi üzrə arpa sahəsinin hər hektarından 2021-ci ilin əkin dövrü üzrə olan orta məhsuldarlıq 24,4 sentner olduğu üçün 3,53 ha arpa sahəsindən 8613,20 kq arpa məhsulun gözlənildiyini müəyyən etmiş, mövcud bazar qiyməti ilə 1 kq arpanın qiymətinin 0,40 manat olması nəzərə alınsa, onda İddiaçı dəymiş ziyan 3445,28 manat məbləğində hesablanmışdır. İşdə olan 23 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 55 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinin İ və İİ hissəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yenə bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yenə bu Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bu mənada, məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" LTD məhdud məsuliyyətli müəssisəsi, Siyəzən rayonunun Beşdam kəndində yerləşən mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı 1,896501 ha və 2,3706 ha torpaq sahələrini əkin işlərinin aparılması məqsədilə İddiaçı hər sahə üçün illik 10 manat ödəmək şərtilə, 23 noyabr 2031-ci il tarixədək icarəyə vermiş, habelə İddiaçı tərəfindən bu torpaq sahələrinin 3,53 ha hissəsinə arpa əkilsə də, 16 iyun 2022-ci il tarixdə həmin əraziyə daxil olmuş qaramal naxırı əkin sahəsini yararsız hala salmışdır. Bundan əlavə, İddiaçı 76 baş qaramal naxırının əkdiyi sahəyə daxil olduğunu qeyd etsə də, bu hal məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Hətta, İddiaçı tələbinin əsası kimi istinad etdiyi 16 iyun 2022-ci il tarixli aktın tərtib edilməsində iştirak etməklə, onu imzalamış Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid1 əkin sahəsinə 76 baş qaramalın daxil olduğunu qeyd etsə də, X5 İnkişaf Mərkəzinin böyük məsləhətçisi Şahid2 məhkəmə iclasında əkin sahəsinə daxil olmuş heyvanların sayını dəqiq bildirə bilməmiş, bununla da, məlum aktı tərtib etmiş şahidlərin ifadələri arasında yaranmış ziddiyyət, həmin aktın naxırdakı qaramalın dəqiq sayına münasibətdə mötəbərliliyinə şübhələr yaratmışdır. Lakin, cavabdeh tərəf İddiaçı əkdiyi sahəyə 40 baş qaramal naxırının daxil olduğunu etiraf etməklə, yanaşı həmin heyvanlardan 4 başının onlara aid olduğunu qeyd etmişlər. Eyni zamanda, dəymiş ziyanın məbləği Siyəzən rayon X6 Mərkəzinin əməkdaşı tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən hesablanmış, cavabdeh isə bu rəyin mötəbərliyini istisna edən, eləcə də dəymiş ziyanın məbləğinə dair özləri hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da, iddiaçı dəymiş zərərin əvəzinin cavabdehdən tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbləri, eləcə də tədqiq edilmiş sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, heyvanın nəzarət altında olmasından, itməsindən və ya qaçmasından asılı olmayaraq heyvanın başqalarına vurduğu zərərin əvəzini ödəməyə məhz həmin heyvanın sahibi borcludur. Hazırda, iddiaçı istifadəsində olan torpaq sahəsinə iribuynuzlu heyvanların daxil olması ilə əlaqədar əkininə ziyan dəydiyinə görə ona dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh tələb etməsi mülki qanunvericiliyin tələblərinə qismən uyğundur. Bununla belə, məhkəmə İddiaçı əkdiyi sahəyə daxil olmuş qalan 36 baş qaramala münasibətdə qeyd edir ki, qeyd edilən sayda heyvanların cavabdeh tərəfə məxsus olması faktı müəyyən edilməmiş, habelə həmin heyvanların sahibinin (sahiblərinin) müəyyənləşdirilməsi istiqamətində hər hansı bir addım atılmamışdır. İddiaçının cavabdehə qarşı hazırkı tələbi irəli sürməsinə əsas isə 16 iyun 2022-ci il tarixli akt olmuşdur. Bu vəziyyətdə digər 36 baş qaramala münasibətdə cavabdeh kimi Cavabdeh deyil, İddiaçı məxsus əkin sahəsinə daxil olan heyvanların sahibinin (sahiblərinin) çıxış etməli olmasına baxmayaraq, iddiaçı mülki qanunvericiliyin tələblərini pozmaqla, 36 baş heyvana münasibətdə də Cavabdeh hazırkı tələb üzrə cavabdeh qismində cəlb etdiyindən, o cümlədən sonuncu həmin hissədə cavab verməli şəxs olmadığından ona münasibətdə iddia tələbinin bu hissəsinin təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, əkin sahəsinə zərər vurmuş 40 baş qaramalın 4 başı Cavabdeh sahibliyində olduğuna görə sonuncudan ümumi 3445,28 manat zərərin 10 %-i, yəni 344,53 manat pul, eləcə də ödənilmiş 55 manat dövlət rüsumunun 10 %-i, yəni 5,50 manatı tutulub, İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Əkin sahəsinə vurulmuş zərərə görə Cavabdeh 344,53 (üç yüz qırx dörd manat 53 qəpik) manat pul, eləcə də ödənilmiş 55 manat dövlət rüsumunun 10 %-i, yəni 5,50 (beş manat 50 qəpik) manatı tutulub, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-459/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-459/2022
06.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver