Məhkəmə qərarları › İş №2(059)-46/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-46/2022

28.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-46/2022 28.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “övladları ilə birlikdə mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “övladları ilə birlikdə mənzilə istifadə hüququnun tanınması və ora qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən şəhəri, H. Əliyev küçəsindəki, 31 nömrəli evin 8-ci mənzilində övladları ilə birlikdə istifadə hüququnun tanınması və ora qeydiyyata alınma barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, 10 sentyabr 2005-ci il tarixdə X6 ilə faktiki nikah münasibətinə daxil olmaqla evlənmiş, lakin toy mərasimindən sonra, yəni 27 dekabr 2005-ci il tarixdə mübahisəli Siyəzən şəhərinin H, Əliyev küçəsindəki 31 nömrəli evin 8-ci mənzilinə gəlin köçmüşdür. Bir müddət, yəni təxminən 2006-cı ilin avqust ayınadək bu mənzildə əri Rafiq, qaynanası Katya və baldızı olan Cavabdeh ilə birlikdə yaşamış, həmçinin ilk övladı 23 may 2006-cı il təvəllüdlü Yaşar bu mənzildə yaşayarkən doğulmuşdur. Sonradan qaynanası və baldızı ilə münasibətləri kəskinləşdiyindən məcburiyyət qarşısında mərhum əri X20 İƏD-nin Çandahar kəndində yerləşən dayısı Aslan Rzayevə məxsus evə müvəqqəti olaraq köçmüşdür. Digər iki övladı 21 sentyabr 2007-ci il təvəllüdlü Ağası, 16 fevral 2012-ci il təvəllüdlü Polad isə bu evdə yaşayarkən doğulmuşlar. O, mərhum əri və övladları ilə birlikdə 2012-ci ilin iyun ayında yenidən mübahisəli mənzilə qayıtmış, həmin ilin avqust ayında əri Rafiqdə yaranan ciddi xəstəliklər səbəbindən daimi olaraq, bu evdə məskunlaşmışlar. Onlar bu mənzilə köçdükdən sonra təxminən 2014-cü ilin mart ayında qaynanası Katya və baldızı Gülarə qısa fasilələrlə mənzili tərk etmiş, habelə 2015-ci ildə isə Cavabdeh işləmək məqsədilə Bakı şəhərinə getmişdir. Sözügedən mənzil Siyəzən şəhər İcraiyyə Komitəsinin orderi ilə mərhum qayınatası X1 verilsə də, sonuncu ilə qaynanası X18 arasında olan nikah pozulduğu üçün qayınatası həmin evdə daimi yaşamamışdır. Eyni zamanda, oğlu Yaşar Rzayev sağlamlıq imkanı məhdud uşaq kimi daimi valideyn nəzarətinə ehtiyac duyur. Bundan əlavə, himayəsində olan dörd övladının da normal yaşayış hüququ təmin edilməlidir. Buna görə də, sözügedən mənzildən istifadə hüququnun tanınması və ora qeydiyyata alınması zəruridir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə 28 noyabr 2020-ci il tarixdə vəfat etmiş, mərhum qardaşı X6 10 sentyabr 2005-ci il faktiki nikah münasibətinə daxil olmaqla evlənmiş, lakin toy mərasimindən sonra, yəni 27 dekabr 2005-ci il tarixdə mübahisəli Siyəzən şəhərinin H, Əliyev küçəsindəki 31 nömrəli evin 8-ci mənzilinə gəlin köçmüş və onlar 2006-cı ilin avqust ayınadək bu mənzildə yaşamışdır. Həmin vaxt o, bu mənzildə anası Katya və qardaşı Rafiq ilə birlikdə yaşamışlar. Sözügedən mənzil Siyəzən şəhər İcraiyyə Komitəsinin 28 iyun 1973-cü il tarixli orderi ilə mərhum atası X1 verilsə də, sonuncu ilə anası X18 arasında olan nikah pozulduğu üçün atası həmin evdə daimi yaşamamışdır. İddiaçı mərhum qardaşı Rafiq və övladları ilə birlikdə 2012-ci ilin iyun ayında yenidən mübahisəli mənzilə qayıtmış, həmin ilin avqust ayında qardaşı Rafiqdə yaranan ciddi xəstəliklər səbəbindən daimi olaraq, bu mənzldə yaşamağa davam etmişlər. Onlar bu mənzilə köçdükdən sonra iddiaçı ilə münasibətləri yaxşı olmadığı üçün 2014-cü ilin mart ayında qısa fasilələrlə anası Katya və o, sözügedən mənzili tərk etmişlər. O, işləmək məqsədilə 2015-ci ildə Bakı şəhərinə getmiş və hal-hazırda Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 25 nömrəli binanın 15-ci mənzilində kirayə yaşayır. Sözügedən mənzil yeganə vərəsə kimi onun adına özəlləşdirilməyənədək iddiaçının bu mənzilə hüquqlarının tanınmasına və qeydiyyata alınmasına razı deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Siyəzən şəhər icraiyyə komitəsi tərəfindən 28 iyun 1973-cü il tarixdə verilmiş 98 nömrəli orderin surətindən görünür ki, Siyəzən şəhərindəki 2 otaqlı 42 nömrəli evin 8-ci mənzili X1 ayrılmışdır. Mirzəbala Rzayevdən əlavə onun arvadı Katya Rzayevanın, uşaqları Yaşar Rzayevin, Cavabdeh və Rafiq Rzayevin həmin mənzildə yaşamaq hüquqları vardır. İşdə olan Siyəzən rayon İcra Hakimiyyətinin mənzil istismarı sahəsinin 18 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 15 fevral 2022-ci il tarixli, 17 nömrəli məktubundan görünür ki, Siyəzən şəhərinin 42 saylı evinin 8-ci mənzili hal-hazırda şəhərin H. Əliyev küçəsi, ev 31, mənzil 8 adlanır və eyni ünvanlardır. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 01 aprel 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 928958 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 01 aprel 2014-cü il tarixdə 36 saylı akt qeydi ilə nikahlarını bağlamış və nikah bağlandıqdan sonra ər öz soyadında qalsa da, arvada "Rzayeva" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon VVADQ şöbəsi tərəfindən 11 dekabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 849573 saylı, 05 noyabr 2007-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 963320 nömrəli, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 07 avqust 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 888734 nömrəli və 22 may 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 471298 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası X6, anası Heybətova (Rzayeva) Xanım Cəfərqulu qızı olan X13 23 may 2006cı il tarixdə, X14 21 sentyabr 2007-ci il tarixdə, X15 16 fevral 2012-ci il tarixdə, X16 isə 13 may 2015-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Siyəzən rayon VVAQ şöbəsi tərəfindən 14 aprel 1994-cü il tarixdə verilmiş İV-ЖГ seriyalı, 394201 nömrəli, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 24 fevral 2020ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 054405 nömrəli, 03 mart 2020-ci tarixdə verilmiş AZ-İİ seriyalı 054409 saylı, 02 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 119380 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X7 28 fevral 1994-cü il tarixdə, X4 17 fevral 2020-ci il tarixdə, X18 26 fevral 2020-ci il tarixdə, X6 isə 28 noyabr 2020-ci il tarixdə ölmüşlər. İş materiallarına əlavə edilmiş İddiaçı, X5, X10 və X3 tərəfindən 18 mart 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, İddiaçı ilə mərhum əri Rafiq Rzayev 2005-ci ilin dekabr ayından ailə qurduqları vaxtdan Siyəzən şəhərinin H.Əliyev küçəsindəki, 31 saylı evin 8-ci mənzilində yaşamış və birgə nikahdan 4 övladları doğulmuşdur. 2020-ci ilin fevral ayında ölmüş qaynatası Mirzəbala Rzayev, qaynanası Katya Rzayeva və 2020-ci ilin noyabr ayında ölmüş mərhum əri Rafiq Rzayevin dəfn xərclərini İddiaçı özü çəkmiş və halhazırda da həmin sözügedən ünvanda öz övladları ilə birgə yaşayır. İşdə olan 13 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, iddia tələbi üzrə 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl, yəni 2005-ci il tarixdən yarandığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinin 1 və 2-ci hissəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 51-ci maddənin 1 və 2-ci hissəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 53-cü maddəsinin 4-cü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Bu Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Beləliklə, məhkəmə iclasında işin faktiki halları və təqdim olunmuş sübutlarla müəyyən olundu ki, Siyəzən şəhər icraiyyə komitəsi tərəfindən 28 iyun 1973-cü il tarixdə verilmiş 98 nömrəli orderə əsasən mübahisəli Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 31 nömrəli evin 8-ci mənzili mərhum X1 ayrılmış, onun arvadı Katya Rzayevanın, uşaqları Yaşar Rzayevin, Cavabdeh və Rafiq Rzayevin bu mənzildə yaşamaq hüquqları, həmçinin yaşayış sahəsindən istifadə etmək ixtiyarları vardır (olmuşdur) və həmin mənzil bu və ya digər şəxsin mülkiyyətində deyildir (özəlləşdirilməmişdir). Bundan əlavə, İddiaçı 10 sentyabr 2005-ci il tarixdə mərhum Rafiq Rzayevlə faktiki nikah münasibətinə daxil olmaqla evlənsə də, 27 dekabr 2005-ci il tarixdən mübahisə predmeti olan mənzilə gəlin köçməsi, bu mənzili bir müddət tərk etməsi, bundan sonra, 2012-ci ilin iyun ayında mərhum əri, eləcə də 23 may 2006-cı il təvəllüdlü Yaşar, 21 sentyabr 2007-ci il təvəllüdlü Ağası, və 16 fevral 2012-ci il təvəllüdlü Polad adlı övladları ilə birlikdə yenidən mübahisəli mənzilə qayıtması, habelə həmin vaxtdan sonra sonuncularla birgə orada fasiləsiz olaraq yaşamaqla, sonuncu övladları 13 may 2015-ci il təvəllüdlü Nanənin də orada yaşayarkən doğulması işin mübahisələndirilməyən hallarındandır. Tərəflər arasında hazırda qeyd edilən mənzillə bağlı mübahisə vardır. Göründüyü kimi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə Siyəzən şəhər icraiyyə komitəsi tərəfindən 28 iyun 1973-cü il tarixdə verilmiş 98 nömrəli orderə əsasən mübahisəli Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 31 nömrəli evin 8-ci mənzili mərhum X1 ayrılarkən onunla etibarlı ailə münasibətlərində olan arvadı Katya Rzayevanın, övladlarının, o cümlədən Yaşar Rzayevin, Cavabdeh və Rafiq Rzayevin həmin mənzildə yaşamaq hüquqları, həmçinin yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarları yaranmışdır. Qeyd olunmalıdır ki, mübahisəli mənzil bu və ya digər ailə üzvünün mülkiyyətinə keçmədiyindən (özələşdirilmədiyindən) tərəflərin, eləcə də onlarla etibarlı ailə münasibətlərində olan ailə üzvlərinin bu mənzildən bərabər şəkildə istifadə ixtiyarları mövcuddur və hazırkı vaxtadək saxlanmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə, Konstitutsiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mərhum əri Rafiq Rzayevlə, eləcə də övladları ilə birlikdə mübahisəli mənzili onlarla etibarlı ailə münasibətlərində olan ailə üzvləri ilə münaqişəli vəziyyət nəticəsində tərk edib, müvəqqəti başqa yerdə məskunlaşsalar da, onların həmin müddət ərzində başqa ünvanda qanuni əsaslarla daimi yaşamaları öz təsdiqini tapmamışdır. Buna görə də qüvvədən düşmüş Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən iddiaçı mübahisəli mənzilə münasibətdə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə və ya yaşayış sahəsinə köçmüş şəxslər sayılmır. Beləliklə işin faktiki hallarından və təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı mərhum əri Rafiq Rzayevlə, eləcə də birinci övladı ilə birlikdə mübahisəli mənzili müvəqqəti tərk etsələr belə, onlar Cavabdeh ilə bərabər həmin mənzilindən istifadə etmiş və heç vaxt bu hüquqlarını itirməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla da, məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli İddiaçı, övladları 23 may 2006-cı il təvəllüdlü X13, 21 sentyabr 2007-ci il təvəllüdlü X14, 16 fevral 2012-ci il təvəllüdlü X15 və 13 may 2015-ci il təvəllüdlü X16 ilə birlikdə Siyəzən şəhərinin H. Əliyev küçəsindəki 31 nömrəli evin 8-ci mənzilinə istifadə hüququ tanınmalıdır. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin 28 fevral 2022-ci tarixli, 2(059)- 46/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “övladları ilə birlikdə mənzilə istifadə hüququnun tanınması və ora qeydiyyata alınma” tələbinə dair iddiasının “mənzilə qeydiyyata alınma” hissəsi üzrə icraata xitam verilmişdir ki, bu hal nəzərə alınmalıdır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı, övladları 23 may 2006-cı il təvəllüdlü X13, 21 sentyabr 2007-ci il təvəllüdlü X14, 16 fevral 2012-ci il təvəllüdlü X15 və 13 may 2015-ci il təvəllüdlü X16 ilə birlikdə Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 31 nömrəli evin 8-ci mənzilinə istifadə hüququ tanınsın. İddia tələbi üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar