Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-461/2020 30.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, iddiaçı “xxxxxx” MMC-nin cavabdeh X1 qarşı "müqavilə öhdəliyinin yerinə yetirilməməsi, dəymiş ziyanın ödənilməsi və məhkəmə xərcinin əvəzinin birdəfəlik şəkildə ödənilməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı “xxxxxx” MMC cavabdeh X1 qarşı "müqavilə öhdəliyinin yerinə yetirilməməsi, dəymiş ziyanın ödənilməsi və məhkəmə xərcinin əvəzinin birdəfəlik şəkildə ödənilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 84138 manat borcun, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa görə illik beş faiz ödənilməsi ilə birlikdə 8400 manat pulun, eləcə də 30 manat dövlət rüsumunun alınaraq iddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Sözügedən Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunan Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. İş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan, eləcə də elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan göründüyü kimi cavabdeh X2 vergi ödəyicisi olmaqla, fərdi sahibkar statusu əldə edən fiziki şəxs (VÖEN **********), iddiaçı isə sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi şəxsdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilənin predmeti cavabdeh tərəfindən iddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən 2 girişli, 16 mərtəbəli binadakı su, kanalizasiya sistemləri, yağış və balkonların su borularının çəkilişi, yanğınsöndürmə sistemləri və elektrik sistemləri işlərinin tam görülməsi və başa çatdırılmasından ibarət olmuşdur. Həmçinin, bu müqavilədən göründüyü kimi sifarişçi olan iddiaçı MMC podratçı olan cavabdehə görülən işlərin müqabilində 162144 manat ödəməyi öhdəsinə götürmüşdür. Yəni, fərdi sahibkar statusuna malik olan cavabdeh iddiaçı MMCyə məxsus binada müqavilə əsasında işlər görməli olmuş, bu zaman onun işlərin görülməsi onun gəlir əldə etmək niyyəti ilə əhatə olunmuşdur. Beləliklə də tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar müqavilə münasibətləri yaranmışdır. Bütün bunlar isə mübahisənin aşkar şəkildə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir. Həmçinin, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 nömrəli qərarının 12-ci və 13-cü bəndlərində qeyd olunmuşdur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Belə olduğu halda iddiaçı “xxxxxx” MMC ilə cavabdeh X2 arasında yaranmış mübahisəyə baxılması məqsədi ilə mülki iş aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə, yəni aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı “xxxxxx” MMC-nin cavabdeh X1 qarşı "müqavilə öhdəliyinin yerinə yetirilməməsi, dəymiş ziyanın ödənilməsi və məhkəmə xərcinin əvəzinin birdəfəlik şəkildə ödənilməsi" tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-461/2020
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-461/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver