Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-466/2020 02.12.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə tutulan 58,50 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə tutulan 58,50 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 80 manat sabit pul məbləğində alimentin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlə 2003-cü ildə faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmiş və bu münasibətlərdən xx xxxx 2009-cu il tarixdə Nəzrin adlı qızları doğulmuşdur. Rəsmi nikahları olmadığı üçün o, 2017-ci ildə doğumun qeyd edilməsi, atalığın etiraf edilməsi faktının müəyyən olunması və aliment tələbinə dair iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş, habelə, bu məhkəmənin qanuni qüvvəsini almış xx xxx 2017-ci il tarixli qətnaməsi ilə xx xxxx 2009-cu ildə Siyəzən rayonunun Yenikənd kəndində ondan doğulmuş X3 atasının, Cavabdeh olması faktı müəyyən edilməklə, uşağa "atası" qrafasında ata adı Cavabdeh, "anası" qrafasında ana adı İddiaçı qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsinin Siyəzən rayon qeydiyyat şöbəsinə həvalə edilməsi, eləcə də, xx xxxx 2009-cu il təvəllüdlü Nəzrinin yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxx 2016-cı il tarixdən başlayaraq hər ay 58,50 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən qızının saxlanılması üçün ödənilən 58,50 manat məbləğində aliment isə uşağın maddi ehtiyaclarının çox az bir qismini ödəyir. Belə ki, qızı hazırda orta məktəbin İİİ sinifində oxuyur və uşağın böyüməsi ilə bağlı onun maddi vəsaitlə həll olunan sosial qayğılarının artması, habelə müəyyən olunan alimentin məbləğinin qanunda nəzərdə tutulandan çox aşağı miqdarda, yəni, uşaqlar üçün minimum həddən belə az məbləğdə olması, uşağın yeməyinə, geyiminə və təhsil xərclərinə kifayət etmir. Bundan əlavə, özü “xxxx” MMC-də süpürgəçi işləməklə aylıq 250 manat əmək haqqı alır. Bu vəsait isə uşağın maddi ehtiyaclarını ödəməyə kifayət etmədiyinə görə o, qızı Nəzrinin saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Bu səbəbdən də, alimentin miqdarının artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, sonuncu iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh sonuncu iddia tələbini qəbul edərək izahatında göstərdi ki, o, hazırda “xxxx” ASC-də fəhlə işləməklə, hər ay təxminən 250 manat əmək haqqı alır və bu bəzən mükafatlarla 300 manat təşkil edir. Bununla yanaşı, o, ikinci dəfə evlənmiş və bu nikahdan üç oğlan övladı doğulmuşdur. Eyni zamanda, o, hepatit xəstəliyindən əziyyət çəkməklə, müalicə alır və bunun üçün də vəsait sərf edir. Həmçinin, uşaqları saxlamaq hər iki valideynin borcu olduğundan, valideynlərdən birinin üzərinə qoyulmuş aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalət tarazlığına riayət olunmalıdır. Bununla belə, iddiaçı ilə faktiki nikahdan doğulmuş xx xxxx 2009-cu il təvəllüdlü Nəzrinin yetkinlik yaşına çatanadək saxlanması üçün qarşı tərəfə hər ay 80 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bu Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, aşağıdakıların qeyd edilməsi zəruridir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(059)-539/2017 saylı qətnaməsinin surətindən görünür ki, xx xxxx 2009-cu ildə Siyəzən rayonunun Yenikənd kəndində İddiaçı doğulmuş X3 atasının, Cavabdeh olması faktı müəyyən edilməklə, uşağa "atası" qrafasında ata adı Cavabdeh, "anası" qrafasında ana adı İddiaçı qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsinin Siyəzən rayon qeydiyyat şöbəsinə həvalə edilməsi, eləcə də, xx xxxx 2009-cu il təvəllüdlü Nəzrinin yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxx 2016-cı il tarixdən başlayaraq hər ay 58,50 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 322776 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı xx xxxx 2009-cu il tarixdə doğulmuş Nəzrin Bədəlovanın atası hesab edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 941961 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X5 xx xxxx 2009-cu il tarixdə Siyəzən rayonunun Yenikənd kəndində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh “xxxx” ASC-də ət doğrayan fəhlə vəzifəsində işləməklə, 250 manat aylıq əmək haqqı alır. İşdə olan Cavabdeh xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, o, Siyəzən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(059)-539/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılmasına, habelə xx xxxx 2009-cu il təvəllüdlü Nəzrinin yetkinlik yaşına çatanadək saxlanması üçün qarşı tərəfə hər ay 80 manat sabit pul məbləğində aliment ödənilməsinə razıdır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşağının artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X2 "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-cu il tarixli Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 170 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx xxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(059)- 539/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(059)-539/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-466/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-466/2020
02.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver