Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-473/2021 01.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2353,84 manat əsas və 246,12 manat faiz borcu olmaqla, cəmi 2599,96 manat borcun, eləcə də ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddia tələbin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlərdən iddiaçı Bankın xeyrinə 2068,49 manat əsas, 263,18 manat faiz olmaqla, cəmi 2331,67 manat borcun, eləcə də ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 03 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Bank tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədilə 48 ay müddətinə, illik 29% ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi bankla Cavabdeh2 arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh2, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə sonuncu ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin, əsas cavabdeh öhdəliklərini yerinə yetirməmiş, ödəniş cədvəli üzrə krediti və hesablanmış faizləri ödəməkdən yayınmaqla, kredit müqaviləsinin tələblərini pozaraq, Bank qarşısında əvvəllər cəmi 2599,96 manat borcu yaransa da, aparılmış sonrakı ödənişlər nəticəsində ümumi borc 2331,67 manat həcmində qalmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 03 avqust 2018-ci il tarixli, 300804-559577/1 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədilə 48 ay müddətinə illik 29% hesablanmaqla 5000 manat məbləğində kredit verilmişdir. Eyni tarixli zaminlik müqaviləsindən görünür ki zamin Cavabdeh2 borcalanın 03 avqust 2018-ci il tarixli, 300804-559577/1 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 03 avqust 2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC Cavabdeh1 5000 manat ödəmişdir. İşdə olan "xxxx" ASC-nin 29 oktyabr 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 03 avqust 2018-ci il tarixli kredit müqaviləsi üzrə 29 oktyabr 2021ci il tarixə "xxxx" ASC-yə 2068,49 manat əsas, 263,18 manat faiz olmaqla, cəmi 2331,67 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 31 mart 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan 17 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən, zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminlik müqaviləsinin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə bank qarşısında sonuncu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclular yazılı formada bağlanmış kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 03 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 şəxsi istehlak məqsədilə 48 ay müddətinə, illik 29% ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə də öhdəliyi icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, cavabdehlərin banka əsas borc üzrə 2068,49 manat, faiz borcu üzrə 263,18 manat olmaqla, cəmi 2331,67 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2068,49 manat əsas, 263,18 manat faiz olmaqla, cəmi 2331,67 manat borc və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2068,49 manat əsas, 263,18 manat faiz olmaqla, cəmi 2331,67 (iki min üç yüz otuz bir manat 67 qəpik) manat borc və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-473/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-473/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver