Məhkəmə qərarları › İş №2(059)-475/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-475/2020

09.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-475/2020 09.12.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli əmri ilə əmək haqqının ¼ hissəsi miqdarında tutulan alimentin hər ay 300 manat sabit pul məbləğində tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 2016-cı il tarixində cavabdehlə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan onların xx xxxx 2006-cı il tarixdə Emil adlı oğul övladları doğulmuşdur. Onlar bir müddət mehriban yaşasalar da, sonradan aralarında tez-tez narazılıqlar daha sonra isə münaqişələr yaranmağa başlamış, buna görə də Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş və həmin vaxtdan Emil onun himayəsində və yanında qalmışdır. Bundan əvvəl isə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli məhkəmə əmri ilə oğlu, xx xxxx 2006-cı il təvəllüdlü Emilin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin bütün növ qazancının dörddə bir hissəsi miqdarında aliment onun xeyrinə tutulmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş alimentin məbləği istər təyin edildiyi zamana, istərsə də, hazırkı vaxta görə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan aşağı məbləğdə olduğundan hazırda uşağının saxlanılması xərclərini ödəmir və o, Emili saxlamaqda maddi çətinliklər çəkir. Belə ki, Emil artıq böyüdüyündən maddi tələbatları, sosial və təhsil qayğıları da artmış, habelə bu məbləğ onun minimum həddə yeməyinə, geyiminə, təhsil almasına kifayət etməməyə başlamışdır. 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlara münasibətdə 170 manat məbləğində müəyyən edilsə də, cavabdendən tutulan alimentin miqdarı 115 manat həcmindədir. Cavabdeh Siyəzən rayonu Dağquşçu kənd tam orta məktəbin direktoru olmaqla, oğlu Emilə maddi yardım etmək üçün kifayət qədər maddi vəsaitə malikdir. Bundan əlavə, cavabdehin hazırkı arvadı da həmin məktəbdə müəllim vəzifəsində işləyir. Beləliklə, cavabdeh rəsmi gəlirə malik olmaqla, yanaşı, heyvandarlıq və digər təsərrüfat işləri ilə də məşğuldur. Bununla belə, cavabdeh uşaqlarına alimentdən əlavə başqa heç bir yardım etmir, hətta 115 manat həcmində alimenti də hər ilin iyul, avqust və sentyabr (müəllimlərin yay tətili) aylarında ödəmir və həmin aylardan yığılıb qalan aliment sonrakı ayların alimentinə əlavə edilməklə ödənilir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı ilə xx xxxx 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxxx 2006-cı il tarixdə Emil adlı övladları doğulmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan iddiaçı ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən aralarında tez-tez narazılıqlar, daha sonra isə münaqişələr yaranmış, bu səbəbdən də xx xxxxxx 2010-cu il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. Bundan əvvəl isə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli məhkəmə əmri ilə oğlu Emilin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay onun qazancının dörddə bir hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmuş və alimenti qarşı tərəfə vaxtlı-vaxtında ödəmişdir. O, hazırda Siyəzən rayonu Dağquşçu kənd tam orta məktəbinin direktoru olmaqla, əlavələrlə birlikdə aylıq 666 manat əmək haqqı alır və bundan başqa qazanc yerinə malik deyildir. Bundan əlavə, o, yenidən başqa qadınla nikaha daxil olmuş və bu nikahdan da biri qız, digəri oğlan olmaqla, 2 övladı vardır. Bu səbəbdən də, oğlu Emilin yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan iddiaçının xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasına və iddianın qeyd edilən həcmdə qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına razıdır, habelə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən RİHB-nin Dağquşçu inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 771685 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası X3 olan X4 xx xxxx 2006-cı il tarixdə Siyəzən rayonu, Dağquşçu kəndində doğulmuşdur. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxxx 2009-cu il tarixli, 2(059)-237/2009 saylı məhkəmə əmrinin surətindən görünür ki, Cavabdeh bütün növ qazancının ¼ hissəsi xx xxxxxxx 2009-cu il tarixdən başlayaraq tutulub, xx xxxx 2006cı il təvəllüdlü Emilin yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməlidir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 2(059)-27/2010 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayonu Dağquşçu nümayəndəliyində xx xxxx 2016-cı il tarixdə, 05 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan, eləcə də izahatlardan görünür ki, Cavabdeh Siyəzən rayonu Dağquşçu kənd tam orta məktəbin direktoru vəzifəsində işləməklə, aylıq 666 manat əmək haqqı alır. İşdə olan Cavabdeh xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, o, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli məhkəmə əmri ilə tutulan alimentin miqdarının dəyişdirilməsinə, habelə xx xxxx 2006-cı il təvəllüdlü Emilin yetkinlik yaşına çatanadək saxlanması üçün qarşı tərəfə hər ay 170 manat sabit pul məbləğində aliment ödənilməsinə razıdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx xxxx 2006-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan xx xxxx 2006-cı il tarixdə Emil adlı övladları doğulmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan aralarında tez-tez narazılıqlar daha sonra isə münaqişələr yaranmağa başlamış, buna görə də Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş və həmin vaxtdan Emil iddiaçının himayəsində və yanında qalmışdır. Bundan əvvəl isə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli məhkəmə əmri ilə xx xxxx 2006-cı il təvəllüdlü Emilin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin bütün növ qazancının dörddə bir hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmuşdur. Lakin, hazırda iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşağının artan tələbatını qarşılaya bilmir. Məhz buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, eyni zamanda işləyən və əmək haqqına malik olan cavabdeh uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etməmiş, razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. X1 "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında xx xxxxxx 2019-cu il tarixli Qanuna əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 170 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx xxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun minimum maddi təminatını və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli, 2(059)-237/2009 saylı məhkəmə əmri ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən xx xxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2009-cu il tarixli, 2(059)-237/2009 saylı məhkəmə əmri ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar