Məhkəmə qərarları › İş №2(059)-493/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-493/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-493/2022 26.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "pul " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 79 manat məbləğində əsas, 23 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 132 manat pulun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 29 iyun 2013-cü il tarixdə İddiaçı ümumilikdə 958 manat dəyəri olan malları, o cümlədən mobil telefonu, televizoru və TV asılqanı nisyə alqı-satqı müqaviləsinə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə almış, bundan sonra həmin əşyalara görə 12 ay ərzində müvafiq olaraq 79,83 manat ödəməyi öhdəsinə götürmüşdür. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 əsas öhdəliyin təminatı kimi iddiaçı ilə eyni tarixdə zaminlik müqaviləsi bağlamışlar. Lakin, Cavabdeh2 müqavilə rəsmiləşdirilərkən əvvəlcədən ödənilmiş komisyon xidmət haqqını çıxmaq şərti ilə tam ödəniş etməmiş, sonuncu dəfə 12 noyabr 2019-cu il tarixdə 20 manat ödəniş etmiş, nəticədə iddiaçı qarşısında öhdəliyini lazımınca yerinə yetirməməklə, ödənilməmiş 79 manat məbləğində əsas, 23 manat cərimə borcu qalmışdır. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, bunun nəticəsi olmamış, borc ödənilməmiş qalmış, onların bu hərəkəti ilə iddiaçıya maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, habelə iclasların onun iştirakı olmadan keçirməklə, iş üzrə obyektiv qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iclasın İddiaçı iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 29 iyun 2013-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən, eləcə də onun əlavəsindən görünür ki, sonuncu ümumilikdə 958 manat dəyəri olan malları, o cümlədən "Samsung S6102" markalı mobil telefonu, "Panasonic TH-L32C4S" markalı televizoru və "China E04SB" markalı TV asılqanını nisyə alqı-satqı müqaviləsinə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə almış, habelə həmin əşyalara görə 12 ay ərzində müvafiq olaraq 79,83 manat, sonuncu ay isə 79,87 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 29 iyun 2013-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, əsas müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə zaminlər Cavabdeh3 və Cavabdeh1 iddiaçı qarşısında digər cavabdeh ilə birgə məsuliyyəti öz öhdələrinə götürmüşlər. İşdə olan İddiaçı tərəfindən tərtib edilmiş 06 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı 79 manat əsas, 23 manat cərimə borcu vardır. İşdə olan son xəbərdarlıqdan görünür ki, üzərlərinə götürdükləri öhdəliyin yerinə yetirilməməsi barədə cavabdehlər xəbərdar edilmişlər. İşdə olan 06 iyul 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və o, öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, işin faktiki hallarından və zaminlik müqavilələrinin müddəalarından görünür ki, zaminlik müqavilələri 29 iyun 2013-cü il tarixində bağlanmış və bu müqavilələrin qüvvədə olma müddəti bütün öhəliklərin icra olunma vaxtı ilə müəyyələnləşdirilmişdir ki, bu da qeyri-müəyyən müddət olmaqla dəqiqliyi ehtiva etmir. Belə olan halda məhkəmə zaminlik müqavilələrində müddətin göstərilmədiyi qənaətinə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi zaminlik müqavilələrində göstərilən zaminin üzərinə götürdüyü öhdəliyin müddəti keçmişdir. İşin faktiki hallarını, zaminlik müqavilələrinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminlərin üzərinə götürdükləri öhdəliyin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin Cavabdeh3 və Cavabdeh1 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əşyanın nisyə alqı-satqısına dair müqaviləsinin 2.4-cü bəndinə görə alıcı ödəniş cədvəli üzrə hər ödəniş tarixinin başa çatdığı gündən sonra ödənişin hər gecikdirildiyi gün üçün gecikdirilmiş məbləğin 2 %-i miqdarında əlavə məbləğ ödəyir. Məhkəmə, iddiaçının "nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcun ödənilməsi" tələbini əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, 29 iyun 2013-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçının əsas cavabdehin cəmi 79 manat olan əsas borcu üzrə 23 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 29 iyun 2013-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 23 manat cərimə məbləğinin 8 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh2 29 iyun 2013-cü il tarixdə İddiaçı ümumilikdə dəyəri 958 manat olan məişət əşyalarını nisyə alqı-satqı müqaviləsinə əsasən dəyərini hissəhissə ödəmək şərti ilə almış, habelə həmin əşyalara görə 12 ay ərzində müvafiq olaraq 79,83 manat, sonuncu ay isə 79,87 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh2 müqavilə rəsmiləşdirilərkən əvvəlcədən ödənilmiş komisyon xidmət haqqını çıxmaq şərti ilə tam ödəniş etməmiş, sonuncu dəfə 12 noyabr 2019-cu il tarixdə 20 manat ödəniş etmiş, nəticədə iddiaçı qarşısında öhdəliyini lazımınca yerinə yetirməməklə, ödənilməmiş 79 manat məbləğində əsas, 8 manat cərimə borcu qalmışdır. Edilən xəbərdarlıqlara rəğmən o, iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əşyasından qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqaviləlnin, eləcə də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə 79 manat əsas, 8 manat cərimə, eləcə də iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 85%-i, yəni 25,50 manat olmala, cəmi 112,50 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 79 manat əsas, 8 manat cərimə, eləcə də iddia tələbi üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 85%-i, yəni 25,50 manat olmaqla, cəmi 112,50 (bir yüz on iki manat 50 qəpik) manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar