Məhkəmə qərarları › İş №2(059)-494/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-494/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-494/2021 29.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə, 29 sentyabr 2021-ci il tarixdə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, LD/15096/00271 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən 1066 ABŞ dolları əsas, 221 ABŞ dolları faiz, 107 ABŞ dolları cərimə olmaqla, cəmi 1394 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli, 2(059)-1098/2016 saylı məhkəmə əmri ilə Cavabdeh cəmi 1394 ABŞ dolları borc və 20 manat dövlət rüsumu Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmuşdur. Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə hazırkı iş üzrə həmin məhkəmənin 23 sentyabr 2016-cı il tarixli, 2(059)- 1098/2016 saylı məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçilmişdir. Bundan sonra, Siyəzən Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli, 2(059)- 53/2017 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər, o cümlədən nümayəndələri məhkəmə iclasına gəlmədiklərinə görə mülki iş baxılmamış saxlanılmış, habelə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin şikayəti əsasında 12 avqust 2021ci il tarixdə təzələnmişdir. İddia ərizəsi və Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin şikayəti ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC-nin Şabran filialı ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 32 % ödənilməsi şərtilə 22 ay müddətinə 1570 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, ödənişləri vaxtında və lazımi qaydada icra etməmişdir. Öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə cavabdeh ilə danışıqlar aparılsa da, danışıqlar heç bir fayda verməmiş və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə əmr icraatı qaydasında ərizə ilə müraciət etmişdir. Siyəzən Rayon Məhkəməsi tərəfindən 23 sentyabr 2016-cı il tarixdə müvafiq məhkəmə əmri verilsə də, bu əmr Cavabdeh etirazına əsasən həmin məhkəmənin 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə ləğv edilməklə, iddia icraatına keçilmiş, 12 yanvar 2017-ci il tarixdə isə iş baxılmamış saxlanılmışdır. BOKT "xxxx" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxx" ASC-yə ötürülmüşdür. Eyni zamanda, Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin şikayəti əsasında işin icraatı 12 avqust 2021-ci il tarixdə təzələnmişdir. Bundan əlavə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilən kompensasiya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensasiya düşdüyündən iddiaçı tərəfindən cavabdehin faiz və cərimə borcu tam silinmişdir. Cavabdehin hazırda kredit müqaviləsi üzrə BOKT Azkredit ASC-yə 453,79 ABŞ dolları əsas və 20 manat dövlət rüsum borcu vardır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iddialarını tam müdafiə etdiklərini bildirib, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Şabran filialı ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, LD/15096/00271 saylı kredit müqaviləsinə əsasən BOKT cavabdehə 22 ay müddətinə, illik 32% ödəmək şərti ilə 1570 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan 06 dekabr 2019-cu il tarixli hüquqların və tələblərin güzəşti haqqında bildirişdən görünür ki, BOKT "xxxx" MMC-nin Cavabdeh öhdəliyi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxx" MMC-yə ötürülmüşdür. İşdə olan BOKT "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh BOKT "xxxx" ASC-yə 06 fevral 2017-ci il tarixə 453,79 ABŞ dolları məbləğində əsas borcu vardır. İşdə olan 30 avqust 2016-cı il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı 06 aprel 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.2-ci maddəsinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə, yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Şabran filialı ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən BOKT cavabdehə 22 ay müddətinə, illik 32% ödəmək şərti ilə 1570 ABŞ dolları məbləğində kredit vermiş, habelə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. BOKT "xxxx" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxx" ASC-yə ötürülmüşdür. Bundan əlavə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilən kompensasiya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensasiya düşdüyündən iddiaçı tərəfindən cavabdehin faiz və cərimə borcu tam silinmişdir. Hazırda, cavabdehin iddiaçı BOKT-a əsas borc üzrə 453,79 ABŞ dolları borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, LD/15096/00271 saylı kredit müqaviləsi ləğv edilməli, bu müqavilə üzrə 453,79 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 33 %-i, yəni 6,60 manatı Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 240-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2015-ci il tarixli, LD/15096/00271 saylı kredit müqaviləsi ləğv edilsin. 06 aprel 2015-ci il tarixli, LD/15096/00271 saylı kredit müqaviləsi üzrə 453,79 (dörd yüz əlli üç ABŞ dolları 79 sent) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 33 %-i, yəni 6,60 (altı manat 60 qəpik) manatı Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar