Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-494/2024 29.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Heydərova (Xanbutayeva) Turanə Novruz qızının, Cavabdeh iştirakları ilə iddiaçı Heydərova (Xanbutayeva) Turanə Novruz qızının Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Heydərova (Xanbutayeva) Turanə Novruz qızı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 avqust 2019-cu il təvəllüdlü X1 və 19 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(059)-424/2023 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay, hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş və bu nikahdan doğulmuş 11 avqust 2019-cu il təvəllüdlü İsmayılın və 19 yanvar 2021-ci il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ölkə üzrə uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edildiyi üçün hazırda tutulan aliment məbləği ilə uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ pozulur. Beləliklə, hazırda ödənilən aliment məbləği yetkinlik yaşına çatmayan bu uşaqların saxlanılması üçün yetərli deyildir. Buna görə də, tutulan alimentin məbləği yaşayış minimumu həddinə, yəni 235 manata çatdırılmalıdır. Bundan əlavə, o, aliment məbləğinin artırılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, sonuncu buna könüllü şəkildə əməl etmək istəməmiş, habelə cavabdeh övladına yardım etmək üçün kifayət qədər maddi imkana malikdir. Həmçinin, cavabdeh "xxxx" ASC-də traktorçu kimi işləməklə, aylıq 450 manat məvacib alır. Bundan əlavə, sonuncu “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə ona müraciət edən şəxslərin sosial yardım almalarına köməklik göstərərək xeyli məbləğdə vəsait əldə edir. Buna baxmayaraq, Cavabdeh uşaqları saxlamaq kimi valideynlik vəzifələrini yerinə yetirməkdən boyun qaçırır. Bundan əlavə, o, mediasiya qurumuna müraciət edib, ilkin mediasiya sessiyasında iştirak etsə də, mübahisə həll olunmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Heydərova (Xanbutayeva) Turanə Novruz qızı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, qarşı tərəfdən yaşayış minimumu müvafiq olaraq, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tələb edir. Bundan başqa, cavabdeh müraciət edən şəxslərin sosial yardım almalarına köməklik göstərərək xeyli məbləğdə vəsait də əldə edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, o, əvvəl işlədiyi "xxxx" ASC-dən çıxdıqdan sonra bir ay müddətində işsiz qaldığı üçün qarşı tərəfə 300 manat məbləğində aliment borcu yaranmışdır. Bundan əlavə, o, 27 iyun 2024-cü il tarixdə "xxxx" MMC-də yük avtomobilinin sürücüsü kimi işə başladığından növbəti aylarda yaranmış borcunu ödəyəcəkdir. Bununla belə, o, yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün hər ay, hər uşağa 200 manat olmaqla, 400 manat sabit pul məbləğində alimenti ödəməyə razıdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 08 oktyabr 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 300988 nömrəli, 02 fevral 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 494688 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası İddiaçı olan X3 11 avqust 2019-cu il tarixdə Sumqayıt şəhərində, X4 isə 19 yanvar 2021-ci il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, iddiaçı Cavabdeh "xxxx" MMC-də yük avtomobili sürücüsü işləməklə, aylıq 556 manat əmək haqqı alır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(059)-424/2023 saylı qətnaməsinin surətindən görünür ki, 11 avqust 2019-cu il təvəllüdlü X1 və 19 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 12 iyul 2023-cü il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Heydərova (Xanbutayeva) Turanə Novruz qızının xeyrinə hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Siyəzən Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli qətnaməsi ilə 11 avqust 2019-cu il təvəllüdlü İsmayılın və 19 yanvar 2021ci il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Lakin, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə 11 avqust 2019-cu il təvəllüdlü İsmayılın və 19 yanvar 2021-ci il təvəllüdlü Zəhranın artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında 05 dekabr 2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü il üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 11 avqust 2019-cu il təvəllüdlü X1 və 19 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında uşağa münasibətdə 2024-cü ilin yaşayış minimumunun 235 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq aldığı 556 manat əmək haqqı məbləği, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyi, o cümlədən cavabdehin 400 manat sabit pul məbləğində alimenti ödəməyə razı olması, həmçinin iddiaçının qadın olmaqla müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, bu zaman sosial ədalət nöqteyi-nəzərdən valideynlər arasında qarşılıqlı balans, kompromislik, habelə tərəflərin hüquq və maraqlarının uzlaşdırılması prinsiplərinin tətbiq edilməsi ilə ağlabatan məbləğin müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların maddi təminatını və əvvəlki vəziyyətdə saxlanılması vacibliyini nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 11 avqust 2019-cu il təvəllüdlü X1 və 19 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(059)- 424/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh iddiaçı Heydərova (Xanbutayeva) Turanə Novruz qızının xeyrinə hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu mənada, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq iddiaçı Heydərova (Xanbutayeva) Turanə Novruz qızının ödəməkdən azad edildiyi 76,40 manat dövlət rüsumunun 85%-i, yəni 64,94 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 11 avqust 2019-cu il təvəllüdlü X1 və 19 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(059)- 424/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh iddiaçı Heydərova (Xanbutayeva) Turanə Novruz qızının xeyrinə hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı Heydərova (Xanbutayeva) Turanə Novruz qızının ödəməkdən azad edildiyi 76,40 manat dövlət rüsumunun 85%-i, yəni 64,94 (altmış dörd manat 94 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-494/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-494/2024
29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver