Məhkəmə qərarları › İş №2(059)-497/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-497/2022

26.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-497/2022 26.09.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "alimentin məbləğinin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli, 2(059)- 65/2014 saylı qətnaməsi ilə hər ay Cavabdeh qazancının və ya başqa gəlirinin ¼ (dörddə bir) hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmaqla, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 19 iyul 2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, birgə nikahdan 10 iyul 2011-ci il tarixdə Nəzrin adlı qız övladları doğulmuşdur. Evləndikdən bir müddət mehriban yaşasalar da, sonradan cavabdehlə xasiyyətləri uyğun gəlmədiyində Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli, 2(059)-65/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş, habelə qızı Nəzrinin yetkinlik yaşına çatanadək saxlanması üçün 28 mart 2014cü il tarixdən başlayaraq Cavabdeh onun xeyrinə hər ay qazancının və ya başqa gəlirinin ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə aliment təyin olunan zaman cavabdeh Şabran YDM-də kassir-operator vəzifəsində işləyərək, aylıq 60 manat məbləğində aliment ödəmişdir. Bir müddət sonra Cavabdeh işdən çıxaraq Bakı şəhərinə getmiş və fərdi əməklə məşğul olmağa başlamışdır. Bu səbəbdən də, cavabdeh qəsdən aliment ödəməkdən yayınır. Həmin vaxtdan da, cavabdehin aylıq qazancının məbləği məlum olmadığından istədiyi zaman, istədiyi məbləğdə, əsasən də, icra məmurunun təzyiqi ilə alimenti məcburi olaraq ödəmişdir. Cavabdehin qazancının daimi olmaması səbəbindən, eyni zamanda sonuncu tərəfindən aliment ödənişləri gecikdirildiyi üçün o, qızı Nəzrinin maddi təminatını ödəməkdə çətinlik çəkir. Bu günə qədər cavabdeh hər dəfə aylıq qazancının az olmasını istinad edərək, aliment ödənişindən boyun qaçırmışdır. Sonuncunun qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində bu günə kimi qızı Nəzrinin saxlanılmaq hüququ pozulmuşdur. Bundan əlavə, o, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq mediasiya prosesində iştirak etsə də, cavabdeh mediasiya sessiyasına gəlməmişdir. Həmçinin, o, mediasiya prosesinə müraciət edərkən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh hazırda hər ay qazancının və ya başqa gəlirinin ¼ hissəsi miqdarında alimenti ödəməli olsa da, sonuncu alimenti ödəməkdən yayınır. Belə ki, cavabdeh əvvəlki aylar nisbətən daha az aliment ödəsə də, axırıncı dəfə 70 manat məbləğində ödəmiş, lakin bəzi vaxtlar il ərzində ümumiyyətlə ödəniş etməmişdir. Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli, 2(059)-65/2014 saylı qətnaməsi ilə cavabdehin qazancının dörddə bir hissəsi miqdarında aliment tutulduğu üçün cavabdehin ona təxminən 1000 manata yaxın aliment borcu vardır. Cavabdehlə nikahları pozulduqdan sonra bir müddət ata evində yaşadığı üçün onun və övladının maddi təminatını valideynləri qarşılamış, lakin bir ilə yaxın müddətdir ki, kirayə mənzildə yaşadığından, eləcə də, valideynlərinin onlara maddi dəstək göstərməyə imkanı olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, habelə, valideyinləri onun cavabdehlə əlaqədə olaraq mübahisə yaşamasını istəmədiyi üçün bu günədək məhkəməyə müraciət etməmişdir. Həmçinin, cavabdeh uşağı ilə də maraqlanmır. Belə ki, sonuncu dəfə 9 ay öncə qızının oxuduğu məktəbə gedərək bir neçə dəqiqəlik baş çəkmişdir. Hazırda, cavabdehin aylıq qazancı barəsində xəbəri yoxdur. Eyni zamanda, ödəmiş olduğu 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh iddia tələbini qəbul etməməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda Bakı şəhərində kirayə mənzildə yaşamaqla super marketlərdən birində satıcı kimi çalışdığını, aylıq əmək haqqı az olduğu üçün iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında olmadığını qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon İH başçısının Həmyə İƏV üzrə nümayəndəliyi tərəfindən 25 iyul 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 640594 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, müvafiq olaraq atası Cavabdeh, anası X4 olan X3 10 iyul 2011-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 fevral 2014-cü il tarixli, 2(059)-65/2014 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində bağlanmış 19 iyul 2010-cu il tarixli, 128 saylı nikah pozulmuş, eləcə də onların birgə nikahından doğulmuş 10 iyul 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh qazancının və ya başqa gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Ağayeva (Nəzərova) Nərmin Bədəl qızının xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də fəhlə işləməklə, aylıq 300 manat əmək haqqı alır. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, X4 mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 50 manat vəsait də sərf etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəməməklə uşağının artan tələbatını qarşılamır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında 23 dekabr 2021-ci il tarixli Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 10 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşağın saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2022-ci il üçün uşağa münasibətdə yaşayış minimumunun 193 manat müəyyən edilməsinə baxmayaraq, iddiaçının himayəsində olan uşağın saxlanılması zərurəti, həmçinin iddiaçının qadın olmaqla müəyyən işlərdə işləmə imkanının məhdudluğu nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşağın maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşağın minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 10 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli, 2(059)-65/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsinə münasibətdə qeyd edilir ki, tələb bu hissədə sübutlarla təsdiq olunmadığından təmin edilməsi istisna edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq İddiaçı azad edildiyi 43,16 manat dövlət rüsumunun 78%-i, yəni 33,66 (otuz üç manat 66 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat məhkəmə xərcinin 78%-i, yəni 39 (otuz doqquz) manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddia ərizəsi üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 10 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli, 2(059)-65/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 43,16 manat dövlət rüsumunun 78%-i, yəni 33,66 (otuz üç manat 66 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu ona geri qaytarılsın. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 (əlli) manat məhkəmə xərcinin 78%-i, yəni 39 (otuz doqquz) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar