Məhkəmə qərarları › İş №2(059)-498/2021

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-498/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-498/2021 27.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qızına qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 900 manat pulun və 31 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə iclasında müəyyən edildi ki, mülki iş məhkəmə aidiyyəti üzrə Siyəzən Rayon Məhkəməsinə aid deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan, eləcə də elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan göründüyü kimi mülki iş aidiyyəti üzrə ümumi məhkəməyə, yəni Siyəzən Rayon Məhkəməsinə aid deyildir. Çünki, İddiaçı (VÖEN **********), eləcə də Cavabdeh (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur və mübahisə onların sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmış borcun mübahisələndirilməsi ilə bağlıdır. Hətta, tərəflər arasında sahibkarlıq fəaliyyətinin bir növü olan quş və quş əti məhsullarının istehsalı, habelə nisyə-alqı satqısı, o cümlədən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar müqavilə münasibətləri yaranmışdır. Digər tərəfdən iddia tələbinin cavabdehdən tələb edilən pul məbləği də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində tərəflər arasında yaranmış fikir ayrılığından qaynaqlanmış, iddiaçı müvafiq borc məbləğini əsaslandırarkən quş və quş əti məhsullarının cavabdeh tərəfindən öz sahibkarlıq məqsədləri üçün istifadə edilməsinə istinad etmişdir. Beləliklə, sonradan təqdim edilmiş, eləcə də iş materiallarında olan mötəbər sənədlərə əsasən hazırkı işə Siyəzən Rayon Məhkəməsində baxılması üçün əsaslar yaranmamışdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bütün bunlar isə hazırkı mübahisənin aşkar şəkildə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsi müzakirə edilərkən, borcun cavabdehin ondan almaqla, satışını həyata keçirdiyi quş və quş əti məhsullarının dəyərini ödəməməsi ilə əlaqədar yarandığını, habelə özünün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, vergi uçotuna alınmış vergi ödəyicisi olmadığını bildirib, işə Siyəzən Rayon Məhkəməsində baxılmasının davam etdirilməsini xahiş etdi. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə iclasın onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisəyə baxılması məqsədi ilə mülki iş aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə, yəni aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 39.9, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar