Məhkəmə qərarları › İş №2(059)-500/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-500/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-500/2021 29.09.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 186,17 manat əsas, 306,06 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32,34 manat faiz borcu olmaqla, cəmi 524,57 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 16 iyul 2015-ci il tarixli, 1192/15-DT saylı kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə 36 ay müddətinə, 800 manat məbləğində kredit xətti açılmış və kredit kartı vermişdir. Kredit kartının verilməsi və istifadəsi müqaviləsinin şərtlərinə əsasən borclu müəyyən edilmiş müddətdə kart vasitəsilə mallar iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik götürsə də, cavabdeh bu öhdəliyi yerinə yetirməmiş, müqavilənin şərtlərini pozaraq borcun, eləcə də kredit faizlərinin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, 16 iyul 2015-ci il tarixli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə cavabdehin iddiaçı Banka ümumilikdə 524,57 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 16 iyul 2015-ci il tarixli, 1192/15-DT saylı kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə 36 ay müddətinə, 800 manat məbləğində kredit xətti açılmış və kredit kartı verilmişdir. İşdə olan LPO "xxxx" ASC-nin 30 iyun 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 09 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 21 iyun 2021-ci il tarixə, LPO "xxxx" ASC-yə 186,17 manat əsas, müqavilə müddəti birdikdən sonra 32,34 manat hesablanmış faiz, 306,06 manat cərimə borcu olmaqla, cəmi 524,57 manat borcu var. İş materiallarına əlavə edilmiş 23 iyun 2021-ci il tarixli bildirişin surətindən görünür ki, yaranmış borcla əlaqədar LPO "xxxx" ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan 12 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, LPO "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qanunun mənasına görə kreditor icranın gecikdirilməsinə görə kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqaviləyə uyğun hesablanmış faizləri və dəbbə pulunu, müqavilə müddəti bitdikdən sonrakı dövr üçün isə gecikdirilmiş vaxta görə illik 5 (beş) faiz, yaxud ona əlavə zərərin vurulduğunu sübut edə bilərsə daha artıq məbləğ tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit kartın verilməsi və istifadə müqaviləsinin 3.5-ci bəndinə görə, kredit üzrə ödənişlər kartdan vəsaitin məxaric olunduğu gündən etibarən müqavilədə göstərilən qaydada hesablanmaqla hər növbəti ayın 10-dək bərabər hissələrlə həyata keçirilir. Hər növbəti ayın 10-dək ödəniş olunmayıbsa, ödənilməyən borc məbləğinə illik 54% dərəcəsi ilə cərimə hesablanır. Məhkəmə, iddiaçının “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi” tələbini qismən əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının cəmi 186,17 manat olan əsas kredit borcu üzrə 306,06 manat cərimə hesablaması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 306,06 manat cərimə məbləğinin 20 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 16 iyul 2015-ci il tarixli, 1192/15-DT saylı kredit kartının verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 800 manat məbləğində kredit xətti açılmış və kredit kartı vermişdir. LPO "xxxx" ASC həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla da, Cavabdeh banka əsas borc üzrə 186,17 manat əsas, müqavilə müddəti bitdikdən sonra 5 %-lə hesablanmış 32,34 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 238,51 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 16 iyul 2015-ci il tarixli, 1192/15-DT saylı kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə 186,17 manat əsas, müqavilə müddəti bitdikdən sonra 5 %-lə hesablanmış 32,34 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 238,51 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 45 %-i, yəni 13,50 manatı Cavabdeh iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 16 iyul 2015-ci il tarixli, 1192/15-DT saylı kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə 186,17 manat əsas, müqavilə müddəti bitdikdən sonra 5 %-lə hesablanmış 32,34 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 238,51 (iki yüz otuz səkkiz manat 51 qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 45 %-i, yəni 13,50 (on üç manat 50 qəpik) manatı Cavabdeh iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar