Məhkəmə qərarları › İş №2(059)-504/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-504/2023

23.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-504/2023 23.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6374 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, tanışı Cavabdeh 30 avqust 2021-ci il tarixdə ona müraciət edərək, ondan 4000 manat məbləğində borc pul istəmiş və o, da qızıl-zinət əşyalarını girov qoymaqla, "xxxx" ASC-nin Sumqayıt filialından 4100 manat məbləğində pulu götürərək cavabdehə vermiş, habelə aralarındakı razılaşmaya əsasən cavabdeh həmin pula görə 18 ay müddətinə hər ay 286 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Bundan başqa, cavabdeh ondan əlavə olaraq 1200 manat pul da götürmüş və ümumilikdə aldığı 5300 manatı geri qaytarmamışdır. Bundan əlavə, o, bankdan götürüb cavabdehə verdiyi pula görə "xxxx" ASC-yə 5147 manat məbləğində ödəniş etmişdir. Nəticədə, cavabdehin bu hərəkətlərinə görə ona cəmi 6347 manat məbləğində maddi ziyan dəymişdir. O, həmin pulun qaytarılması ilə əlaqədar cavabdehə xəbərdarlıq məktubu göndərsə də, sonuncu pulun qaytarılmasına cəhd göstərməmişdir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qismən müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh Siyəzən RİHB-nin Dağ Quşçu kəndi üzrə icra nümayəndəsi işlədiyi dövrdə 08 may 2020-ci il tarixdə əkin işləri görmək üçün ondan 1200 manat məbləğində borc pul alsa da, bu pula görə hər hansı bir məbləğdə faiz almaq niyyəti olmamaqla, yanaşı cavabdehlə bununla bağlı danışıqları olmamışdır. Eyni zamanda, o, cavabdehə sözügedən məbləği görüləcək işin şəriki olaraq verməmiş, həmçinin onlar, əkindən bəhər götürüldükdən sonra borc pulun qaytarılmasına, eləcə də ona əlavənin verilməsinə razılaşmışlar. Lakin, cavabdeh vədinə əməl etməmiş, sözügedən borc məbləğini ona qaytarmamışdır. Bundan, təxminən 1 il 3 ay sonra Cavabdeh təkrar müraciətinə əsasən sonuncunun uşağının xəstəliyi ilə əlaqədar, daha əvvəl yəni 30 iyul 2021-ci il tarixdə qızıl-zinət əşyalarını girov qoymaqla, "xxxx" ASCnin Sumqayıt filialından aldığı 4100 manat pulu 30 avqust 2021-ci il tarixdə qohumluq münasibətlərinə görə cavabdehə borc kimi vermiş, habelə sonuncu aralarındakı razılaşmaya əsasən həmin pula görə 18 ay müddətinə hər ay 286 manat ödəniş etməyi öhdəsinə götürmüş, o cümlədən cavabdeh ümumilikdə 5147 manat borcdan banka ödəniş etməsi üçün ona 01 sentyabr 2021-ci il tarixdə poçt vasitəsilə 285 manat, 01 oktyabr 2021ci il tarixdə isə 300 manat olmaqla, cəmi 585 manat pul ödəniş etmiş (qaytarmış), qalan vəsait isə banka onun tərəfindən tam şəkildə ödənilmişdir. Bundan əlavə, o, 1200 manat məbləğində borc pulu Cavabdeh özünün Sumqayıt şəhərində yaşadığı binanın girişində, 4100 manat pulu isə həmin ünvanda, 3-cü mərtəbədə yerləşən mənzilində vermişdir. Hazırda ümumi borcdan 585 manat ödənildiyindən iddia tələbini qismən qalıq borca münasibətdə müdafiə edir və bu səbəbdən də, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə ona qarşı Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi tələblərlə qəti razı deyildir. Belə ki, iddiaçı 30 avqust 2021-ci il tarixdə onun ona müraciət edərək 4000 manat pul istədiyini bildirmişdir. Lakin, o, iddiaçıdan tanışı Siyəzən rayonunun Dağ Quşçu kənd sakini X1 vasitəsilə birinci dəfə 2018-ci ilin iyun ayında əmək haqqı kartını girov qoyaraq, 20% əlavə pul ödəmək şərti ilə 1500 manat pul götürmüş, həmin pulu isə kartından ayda 300 manat (faiz məbləği kimi) olmaqla, İddiaçı özü almış, 2019-cu ilin mart ayında Mirsadıq vasitəsilə 1840 manat pulu əsas məbləğ kimi Elladaya ödəmişdir. Bundan sonra, 2020-ci ilin aprel ayında 1300 manatı özü, noyabr ayında isə 1000 manat pulu Mirsadıq vasitəsilə, ümumilikdə isə 2300 manatı Elladadan almış, hər ay götürdüyü 1300 manat üçün 260 manat, sonra isə dekabr ayından 2300 manat pulun (20% əlavə faiz ödəmək şərti ilə) müqabilində Elladaya 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyun ayına kimi hər ay 460 manat nağd şəkildə pul ödəmişdir. Belə ki, 2020-ci ilin aprel ayından noyabr ayına kimi hər ay 260 manat x 7 ay = 1820 manat, 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyun ayına kimi hər ay 460 manat x 7 ay =3220 manat, ümumilikdə 5040 manat faiz pulu ödəmişdir. Daha sonra, o, 2021-ci ilin avqust ayında iddiaçı ilə sonuncuya borclu qaldığı 2300 manat əsas məbləği ayda 300 manat ödəyəcəyi barədə razılaşmış, 10 sentyabr və 07 oktyabr 2021-ci il tarixlərdə 300 manatı nağd şəkildə Sumqayıt şəhərindəki evində ona özü vermiş, 08 noyabr 2021-ci il tarixdə isə 300 manatı iddiaçının şəxsi kartına, dekabr ayında isə Dağ Quşçu kəndindən poçt vasitəsi ilə 300 manatı adına göndərmişdir. Bundan sonra, iddiaçı ona aid şəxsi kartdan 2022-ci ilin fevral ayında 294 manat, mart, ya da aprel ayında isə 516 manat, iyun-iyul aylarında 126 manat, dekabr ayında isə 60 manat pul çıxarmışdır. Beləliklə, ümumilikdə 2196 manat əsas məbləğdən iddiaçıya pul ödəmiş, habelə razılaşdıqları kimi 104 manat pul borclu qalmışdır. İddiaçı onun ona 30 avqust 2021-ci il tarixdə müraciət edərək, 4000 manat məbləğində borc pul istədiyini bildirmiş, özünün də "xxxx" ASC-nin Sumqayıt filialından 4100 manat məbləğində pulu onun üçün götürdüyünü qeyd etmişdir. Lakin, sənədlərdən də görünür ki, iddiaçı həmin pulu 30 iyul 2021-ci il tarixdə götürmüşdür. Ümumiyyətlə, iddiaçı sələmçiliklə məşğuldur. Bankdan götürülmüş vəsait isə iddiaçının öz şəxsi istifadəsi üçün nəzərdə tutulmuşdur. İddiaçı ilə heç bir qohumluq, tanışlıq əlaqələri yoxdur. Belə ki, o, iddiaçını X1 vasitəsi ilə tanımışdır. Bundan əlavə, 30 avqust 2021-ci il tarixdə tərəfindən tərtib edilməklə, imzalanmış yazılı sənəddəki 4100 manat pul onun iddiaçıya iki-üç il ərzində yığılmış borclarından ibarət olmuş, onun iddiaçının əvəzindən banka pul ödəmək niyyəti olmamış, habelə bu sənəd iddiaçının əmisi arvadı Məleykənin yanında məcburiyyətdən yazılmışdır. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 08 may 2020-ci il tarixdə cavabdeh tərəfindən tərtib edilməklə, imzalanmış yazılı sənədin əslindən görünür ki, Cavabdeh İddiaçı qeyd olunan tarixdə 1200 manat məbləğində borc almışdır. İşdə olan 30 avqust 2021-ci il tarixdə cavabdeh tərəfindən tərtib edilməklə, imzalanmış yazılı sənədin əslindən görünür ki, Cavabdeh İddiaçı həmin tarixdə 4100 manat borc almış, habelə hər ayın 1-i, 18 ay müddətinə, ayda 286 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, həmin sənəddən müəyyən edilir ki, İddiaçı Cavabdeh verdiyi 4100 manat məbləğində pulu qızıl-zinət əşyalarını banka girov qoyaraq əldə etmişdir. İşdə olan 30 iyul 2021-ci il tarixli, 16300***-*******01 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən, eləcə də "xxxx" ASC-nin 25 sentyabr 2023-cü il tarixli, 142853 nömrəli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 18 ay müddətinə, hər ay 285,95 manat, sonuncu ay 286,02 manat, ümumilikdə 5147,17 manat ödəməsi şərtilə 4100 manat məbləğində kredit verilmiş, həmçinin sözügedən kredit, sonuncu tərəfindən tam ödənilməklə, onun kredit üzrə borc öhdəliyi qalmamışdır. İşdə olan 08 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 84 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh 08 may 2020-ci il tarixdə 1200 manat, 30 avqust 2021-ci il tarixdə isə 4100 manat olmaqla, ümumilikdə 5300 manat borc pul verməsini sübut edə bilmişdir. Bundan əlavə, tərəflər arasında 30 avqust 2021-ci il tarixli yazılı sənəd tərtib olunarkən Cavabdeh İddiaçı aldığı 4100 manat pulun müqabilində 18 ay müddətinə hər ay 286 manat qaytarması barədə öhdəlik götürmüş, habelə bu, onlar arasındakı razılaşmanın şərti kimi sənəddə qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinin İ, İV və V hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd olunan Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yenə bu Məcəllənin 404-cü maddəsinin İ və İİ hissələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu mənada, məhkəmə qeyd edir ki, məhz cəmi 6347 manat borcun olması, habelə həmin borcdan 585 manat məbləğində ödənişin həyata keçirilməsi tərəflərin həqiqi iradə ifadəsini əks etdirməklə, əqdin hərfi mənası, tərəflərin müqaviləyə qədərki danışıqları, onların qarşılıqlı münasibətləri, eləcə də tərəflərin sonrakı hərəkətləri ilə uzlaşır. Bununla da, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də iş materiallarında olan mövcud sənədlər, o cümlədən digər mötəbər sübutlarla müəyyən olundu ki, tərəflər birbirini tanımış və münasibətləri olmuş, daha sonra ehtiyac olduğuna görə Cavabdeh iddiaçı Ellada Cəfərovadan ilk dəfə 08 may 2020-ci il tarixdə 1200 manat, sonradan 30 avqust 2021-ci il tarixdə isə 4100 manat məbləğində pul almış, habelə sonuncu müqavilə ilə qeyd olunan məbləğə görə 18 ay müddətinə hər ay 286 manat pulun ödənilməsi barədə öhdəlik də götürmüşdür. Beləliklə, Cavabdeh 08 may 2020-ci il və 30 avqust 2021-ci il tarixlərdə iddiaçı Ellada Cəfərovadan aldığı bu vəsaitləri təyinatı üzrə öz ehtiyacına sərf etsə də, sonuncuya olan borcunu tam olaraq qaytarmamışdır. Bundan əlavə, cavabdeh yalnız 4100 manat pula görə iddiaçıya 01 sentyabr 2021-ci il tarixdə poçt vasitəsilə 285 manat, 01 oktyabr 2021-ci il tarixdə isə 300 manat olmaqla, cəmi 585 manat pul ödəniş edib, qaytarmış, ümumi qalıq 5762 manat borcunu ödəməkdən yayınmış, bununla da, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Hazırda cavabdehin iddiaçıya 5762 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və sonuncunun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 08 may 2020-ci il və 30 avqust 2021-ci il tarixlərdə yarandığından Mülki Məcəllənin 739-cu və 740-cı maddəsinə münasibətdə hazırkı mübahisəyə borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəası tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MM-nin 5.3-cü mddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda, məhkəmə, cavabdehin iddia tələbinə etiraz xarakterli izahatında göstərdiklərinə münasibətdə qeyd edir ki, o, istinad etdiyi bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmiş, habelə qeyd edilən halları təsdiq edəcək hər hansı bir sənədə, sübuta və ya şahidə malik olmamışdır. Çünki, tərəflər müqavilələr azadlığı prinsipinə (MM 6.1.5-ci maddəsi) əsaslanaraq, bu müqavilələri bağlamaqla, müqavilələrin mühüm şərtləri ilə bağlı razılığa gəlmiş, bu zaman hər hansı bir tərəfin hüquqları pozulmamışdır. Yəni, tərəflər qeyd edilən müqavilələri bağlayarkən iradələrini sərbəst olaraq bəyan etmiş, o cümlədən müqavilələr onların bu iradələrinin ifadəsi nəticəsində yaranmışdır. Digər tərəfdən cavabdeh onun üçün əlverişsiz olan şərtlərlə bağlanmış 30 avqust 2021-ci il tarixli müqavilənin etibarlılığını bağlandığı andan hazırkı vaxtadək bu və ya digər formada mübahisələndirməmiş, həmin vaxt onun şərtlərinə bu və ya digər formada etirazını bildirməmişdir. Beləliklə, cavabdehin iddiaçı ilə arasında olan borc münasibətlərinə dair gətirdiyi əsaslar, onun real sübutlarla təsdiq olunmayan söz və mülahizəsindən ibarət olmasına dəlalət edir. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya qalıq 5762 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 5762 manat məbləğində pul və ödənilmiş 84 manat dövlət rüsumunun 91 %-i, yəni 76,44 manatı tutularaq ödənilməlidir. Həmçinin, məhkəmə tələbin “borcun qalıq məbləğə aid hissəsi”nə münasibətdə qeyd edir ki, tələb bu hissədə iddiaçı tərəfindən müdafiə edilmədiyindən, o cümlədən borc tələb edilməyən hissədə cavabdeh tərəfindən iddiaçıya ödənildiyindən təmin edilməsi istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5762 (beş min yeddi yüz altmış iki) manat məbləğində pul və ödənilmiş 84 manat dövlət rüsumunun 91 %-i, yəni 76,44 (yetmiş altı manat 44 qəpik) manatı tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar