Məhkəmə qərarları › İş №2(059)-524/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-524/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-524/2021 01.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 19 fevral 2019-cu il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən sonuncu iddiaçıdan 45000 manat nağd şəkildə borc pul almış və bu hal istinad edilən kredit müqaviləsinin 1-ci bəndində öz əksini tapmışdır. Bu müqavilənin 2-ci bəndində isə Cavabdeh iddiaçıdan nağd şəkildə aldığı 45000 manat borcu 19 avqust 2019-cu ilədək qaytarmaq barədə üzərinə götürdüyü öhdəliyi icra etməli olmasından 2 il müddət keçməsinə baxmayaraq, hal-hazıradək öhdəliyin icrasından qəsdən yayınmaqda davam edir. Öhdəliyin icrası müddətindən keçən bu iki il ərzində iddiaçı cavabdehlə dəfələrlə görüşüb ondan borcunu qaytarmağı tələb etsə də, sonuncu vədinə əməl etməmişdir. Sonradan isə cavabdeh iddiaçının telefon zənglərinə də cavab verməmiş, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçını uzun müddət olar tanıyır. Belə ki, hər ikisi balıq ticarəti ilə məşğuldur. İddiaçıdan aldığı balıqların xarab olması ilə əlaqədar müştərilərlə arasında problem yarandığı üçün, iddiaçıya 37000 manat borcu yaranmışdır. 19 fevral 2019-cu il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində onlar arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə banka köçürülən 45000 manat pul iddiaçının öz vəsaiti olmuşdur. 2019-cu ilin may-iyun aylarında Keşlə bazarında ya iddiaçının özünə, ya da oğluna (dəqiq xatırlamır) 2000 manatı nağd şəkildə vermiş, lakin bununla bağlı hər hansı yazılı sənəd almamışdır. Karantin dövründə ticarət zəiflədiyi üçün qalan borcdan ödəniş edə bilməmişdir. Sonradan iddiaçının tanışları Abşeron rayonu, Xocasən qəsəbəsindəki evinə hücum çəkərək, evi tərk etməsini tələb etməklə, ya oğlunu, ya da özünü öldürəcəkləri ilə hədələmişlər. Məcburiyyət qarşısında qalaraq, Abşeron rayonu, Xocasən qəsəbəsindəki evin borcu müqabilində iddiaçıya verilməsi (guya satılması) ilə bağlı razılığa gəlmiş, habelə bununla bağlı 23 yanvar 2020-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, müqavilədə göstərilən 5000 manat pul ona verilməmişdir. Müqavilədən sonra pandemiya zamanı, 2020-ci ilin iyun ayında iddiaçı və onunla birlikdə gələn bir neçə nəfər evinə hücum çəkərək onu evdən çıxarsa da, o, 25 iyul 2020-ci il tarixdə yenidən evinə qayıtmışdır. Bundan sonra, 2020-ci ilin avqust ayında yenidən iddiaçı və onun tanışları tərəfindən ailə üzvləri ilə birlikdə zor tətbiq edilərək evdən çıxarılmış, 28 iyul 2021-ci il tarixdə isə o, iddiaçını polis vasitəsilə evindən çıxarmışdır. Hazırda iddiaçıya 37000 manat borcu olmasını etiraf edir. İddiaçı isə göstərilən dövrdə onun evinə 10000 manatdan artıq ziyan vurmuşdur. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Abşeron rayonu 2 saylı notariat ofisində 19 fevral 2019-cu il tarixdə, reyestrdə 3M-337 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 19 avqust 2019-cu il tarixədək qaytarmaq şərti ilə 45000 manat məbləğində borc pul vermiş, həmçinin bu müqavilə üzrə notarius tərəfindən icra qeydi aparılmamışdır. İşdə olan 23 avqust 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında Abşeron rayonu 2 saylı notariat ofisində 19 fevral 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 45000 manat məbləğində borc pul alıb, həmin məbləği 19 avqust 2019-cu il tarixədək sonuncuya ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, o, iddiaçı qarşısında olan öhdəliyini lazımınca icra etməyərək, borclu olduğu pulu qaytarmamışdır. Hazırda cavabdehin iddiaçıya 45000 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Bundan əlavə, cavabdeh borc məbləğindən müəyyən vəsaiti qaytardığı göstərməsinə baxmayaraq, o, bu halı təsdiq edəcək hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cavabdehin izahatında borcun məbləği ilə bağlı qeyd etdiyi məqamlar da ziddiyyətli, qeyri-müəyyən olmaqla, məhkəmə gedişatında aradan qaldırılması mümkün olmamışdır ki, bu da sonda cavabdehin izahatına münasibətdə daxili inamın yaranmaması ilə nəticələnmişdir. Beləliklə, bütün bu qeyd olunanlar cavabdehin iddiaçıdan aldığı borcu hazırkı vaxtadək qaytarmamasına dəlalət edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739-cu maddəsinin 2-ci hissəsinin 1-ci cümləsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 45000 manat məbləğində pulu qaytarmadığından, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bununla da, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd edilənlərə əsasən, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 45000 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 45000 (qırx beş min) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar