Məhkəmə qərarları › İş №2(059)-527/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-527/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-527/2021 18.10.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 11676,38 manat əsas, 669,71 manat faiz olmaqla, cəmi 12346,09 manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında 22 may 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə 15 000 manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə illik 25% faiz hesablanmalı və hər ay banka ödənməli idi. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu, faizləri vaxtında ödəməmiş, nəticədə onun banka cəmi 12346,09 manat borcu yaranmışdır. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında Bank tərəfindən dəfələrlə xəbərdar olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında 22 may 2019-cu tarixdə bağlanmış BPM**********01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay ərzində qaytarmaq şərti ilə illik 25% faizlə istehlak məqsədilə 15000 manat məbləğində kredit verilmişdir. İşdə olan eyni tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 15 000 manat kredit götürmüşdür. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə Banka 11676,38 manat əsas, 669,71 manat faiz olmaqla, cəmi 12346,09 manat borcu vardır. İşdə olan xəbərdarlıqdan görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 08 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Adı qeyd edilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinin İİ cümləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən də görünür ki, 15000 manat məbləğində kredit 60 ay müddətinə faizlərlə birlikdə hər ay 440,3 manat, sonuncu ay isə 436,78 manat hesablanmaqla ödənilməli idi. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 22 may 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə 15000 manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə illik 25% faiz hesablanmalı və hər ay banka ödənməli idi. Tərəflər arasında kredit müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının mülki qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. 22 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdehnın "xxxx" ASC-yə 11676,38 manat əsas, 669,71 manat faiz olmaqla, cəmi 12346,09 manat borcu mövcuddur. Cavabdeh borclu kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş işin faktiki hallarından və təqdim edilmiş sübutlardan göründüyü kimi, Cavabdeh edilən xəbərdarlığa rəğmən iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 11676,38 manat əsas, 669,71 manat faiz olmaqla, cəmi 12346,09 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, eləcə də 0,40 manat bank xidmət haqqının əvəzi tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 11676,38 manat əsas, 669,71 manat faiz olmaqla, cəmi 12346,09 (on iki min üç yüz qırx altı manat 09 qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, eləcə də 0,40 (40 qəpik) manat bank xidmət haqqının əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar