Məhkəmə qərarları › İş №2(059)-549/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-549/2022

17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-549/2022 17.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin Cavabdeh qarşı "təbiətə dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi Cavabdeh qarşı "təbiətə dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 880 manat pulun tutularaq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin (VÖEN **********) Azərbaycan Beynəlxalq Bankındakı İBAH kodu AZ78CTRE******************** nömrəli, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatı kodu 142582 olan hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olaraq köküstə yaş halda 2 ədəd göyrüş ağacının kəsilməsi və məhv edilməsi faktı aşkar edilərək idarə əməkdaşları tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuş, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən onun tərəfindən təbiətə dəymiş ziyana görə 880 manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəli Cavabdeh 01 aprel 2022-ci il tarixli, Ç-İM/4422-029-540 saylı məktubla göndərilsə də, o, iddia məbləğini ödəməkdən imtina etmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının nümayəndəsi Elşən Mirzəyev iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan 31 mart 2022-ci il tarixli, 73995 nömrəli aktın surətindən görünür ki, Cavabdeh tərəfindən Siyəzən şəhər 2 saylı tam orta məktəbin yaxınlığında aparılan söküntü və hasarlama işləri zamanı köküstə yaş halda 2 ədəd göyrüş cinsinə mənsub ağac kökboğazından kəsilərək məhv olunmuşdur. Siyəzən bələdiyyəsi rəsmi arayış verərək həmin ərazidəki hasarlanma işlərinin Cavabdeh tərəfindən aparıldığını bildirmiş, sonuncu isə həmin ərazidə söküntü və hasarlama işlərinin onun tərəfindən aparıldığını şifahi olaraq bildirsə də, sənədlərin hələ hazır olmadığından təqdim edə bilməyəcəyini, həmçinin hal-hazırda layihə sənədlərinin hazırlandığını şifahi olaraq qeyd etmişdir. Qeyd olunan ağacların götürülməsinə Ekologiya və Təbii sərvətlər Nazirliyindən müvafiq rəy alınmamışdır. Bununla da, Siyəzən şəhəri, Vidadi küçəsi, 22 saylı evin sakini Cavabdeh tərəfindən Azərbaycan Respublikası “Yaşıllıqların mühafizəsi haqqında” qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarı ilə təsdiq olunmuş “Yaşıllıqların götürülməsi qaydası”nın müvafiq maddələrinin tələbləri pozulmaqla, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsinə uyğun inzibati xəta törədilmişdir. Təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən hesablanıb akta əlavə olunmuşdur. Bundan əlavə fotoşəkillər də akta əlavə olunmuşdur. Bu akt 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi müfəttişi Elşən Mirzəyev, aparıcı məsləhətçi Aysəf Bayramov, Siyəzən rayonu Siyəzən Bələdiyyəsinin sədri Azər Babayev və Cavabdeh tərəfindən imzalanmışdır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X2 19 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə sonuncu barəsində 2200 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X2 12 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə sonuncu (fiziki şəxs qismində) barəsində 4400 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 3(059)-83/2022 saylı qərarının surətindən görünür ki, şikayətçi Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X2 12 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cavabdeh tərəfindən ağacların qanunsuz götürülməsi nəticəsində təbiətə dəymiş ziyanın hesablanmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarın əsasən tərtib edilmiş cədvəldən görünür ki, 1 ədəd diametri 8 sm. olan göyrüş ağacının dəyəri 200 manat, 1 ədəd ədəd diametri 12 sm. olan göyrüş ağacının dəyəri isə 240 manat olduğu müəyyən edilmiş, həmçinin il ərzində təkrar baş verdiyinə görə dəymiş ziyanın məbləği cədvəldə verilən miqdardan 2 dəfə artırmaqla, hesablanmışdır. Beləliklə, təbiətə dəymiş ümumi ziyanın məbləği 880 manat təşkil edir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin İV və V hissələrinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci (texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda) və 13.1.6-cı (ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda) maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarı ilə təsdiq olunmuş “Yaşıllıqların götürülməsi qaydası”nın 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir. Bu Qaydanın 2-ci bəndinin İ, İİ, İİİ və İV hissələrinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ilk dəfə 19 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXMnin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə ((şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsi, habelə qanunsuz kəsilməsi (götürülməsi)), o cümlədən Siyəzən şəhər 2 saylı tam orta məktəbin yaxınlığında bioloji inkişafda olan 1 ədəd əncir ağacını məhv etdiyinə, 1 ədəd yemişan, 3 ədəd nar kolunun boy artımını dayandıracaq dərəcədə zədələdiyinə görə Cavabdeh barəsində 2200 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra, cavabdeh təkrarən, bu dəfə Siyəzən şəhər 2 saylı tam orta məktəbin yaxınlığında aparılan söküntü və hasarlama işləri zamanı köküstə yaş halda 2 ədəd göyrüş ağacının kəsilməsinə, məhv edilməsinə görə Azərbaycan Respublikasının İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş, buna görə o, inzibati qaydada 4400 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi cavabdeh il ərzində iki dəfə ağac və kol bitkilərini zədələyib, məhv etməklə, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Bununla da, cavabdeh təbiətə 880 manat həcmində ziyan vurmuşdur. Həmin zərərin könüllü ödənilməsi cavabdehə təklif edilsə də, bunun nəticəsi olmamış, buna görə də iddiaçı həmin zərərin tutulması məqsədilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 1096-cı maddəsinin İ və İİ hissələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na 1 nömrəli əlavənin İİİ bəndinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində və ya respublika və yerli əhəmiyyətli avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında, habelə su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində il ərzində təkrar baş verdikdə, dəymiş ziyan yuxarıdakı cədvəldə verilən miqdar iki dəfə artırılmaqla hesablanır. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, yaşıllıqları mühafizəsi haqqında qanunvericiliyin tələblərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı, cavabdehdən onun ağac bitkilərini zədələyib, məhv etməsi ilə əlaqədar təbiətə vurduğu zərərin əvəzinin tam şəkildə ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 880 (səkkiz yüz səksən) manat pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin (VÖEN **********) Azərbaycan Beynəlxalq Bankındakı İBAH kodu AZ78CTRE******************** nömrəli, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatı kodu 142582 olan hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə — büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə iddia qiyməti 1000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən bu hal nəzərə alınmalı və iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 880 (səkkiz yüz səksən) manat pul tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin (VÖEN **********) Azərbaycan Beynəlxalq Bankındakı İBAH kodu AZ78CTRE******************** nömrəli, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatı kodu 142582 olan hesabına ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar