Məhkəmə qərarları › İş №2(059)-557/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-557/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-557/2021 10.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə iddiaçı "FİNCA Azerbaijan" X5 Bank Kredit Təşkilatının Cavabdeh qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı "FİNCA Azerbaijan" X5 Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh və X1 qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı MMQBKT-nın xeyrinə 2138 manat əsas, 354 manat faiz, 24,30 manat cərimə olmaqla, cəmi 2516,30 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 öldüyünə görə tələbin əsas borcluya, yəni Cavabdeh münasibətdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı MMQBKT ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 31%-lə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmiş, həmçinin, tərəflərin imzaladıqları 16 iyun 2016-cı il tarixli sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, onun iddiaçı QBKT-ya cəmi 2516,30 manat borcu yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, 16 aprel 2015-ci il tarixli, **********5148 nömrəli kredit müqaviləsindən görünür ki, "FİNCA Azerbaijan" X5 Bank Kredit Təşkilatı Cavabdeh biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə, illik 31% ödəmək şərtilə 4000 manat məbləğində kredit vermiş, borclu isə bankdan götürdüyü kredit məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 16 aprel 2015-ci il tarixli, **********5148 nömrəli kredit müqaviləsinin restruktruzasiyasına dair 16 iyun 2016-cı il tarixli sazişdən görünür ki, bu sazişlə ödəniş planına dəyişiklik edilməklə ödəniş müddəti 22 ayadək, yəni 20 aprel 2018-ci il tarixədək uzadılmış, habelə kredit müqaviləsi üzrə qalıq borcun məbləği 2138 manat həcmində müəyyən edilməklə, qalıq məbləğinə 16,10 % dərəcəsi ilə faiz hesablanacağı qeyd edilmişdir. İşdə olan 16 aprel 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, "FİNCA Azerbaijan" X5 Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh 4000 manat məbləğində pul verilmişdir. İşdə olan "FİNCA Azerbaijan" X5 Bank Kredit Təşkilatı tərəfindən tərtib edilmiş 03 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMQBKT-yə həmin tarixə 2138 manat əsas, müqavilə müddətinə 354 manat faiz, 24,30 manat cərimə olmaqla, cəmi 2516,30 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 09 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, "FİNCA Azerbaijan" X5 Bank Kredit Təşkilatı iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildiki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kreditalan kreditverənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, kreditverən və kreditalanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 31%-lə, 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmiş, həmçinin, tərəflərin imzaladıqları 16 iyun 2016-cı il tarixli sazişlə kredit müqaviləsinə və ödəniş planına dəyişikliklər edilmişdir. Beləliklə, iddiaçı həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, sonuncu borclu kimi üzərinə düşən öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuş, nəticədə onun kredit müqaviləsi üzrə cəmi 2516,30 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməli, Cavabdeh iddiaçı "FİNCA Azerbaijan" X5 Bank Kredit Təşkilatının xeyrinə 2138 manat əsas, 354 manat faiz, 24,30 manat cərimə olmaqla, cəmi 2516,30 manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "FİNCA Azerbaijan" X5 Bank Kredit Təşkilatının xeyrinə 2138 manat əsas, 354 manat faiz, 24,30 manat cərimə olmaqla, cəmi 2516,30 (iki min beş yüz on altı manat 30 qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar