Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-58/2024 07.01.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Fərhadoviçə qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Fərhadoviçə qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 iyul 2007-ci il təvəllüdlü X1 və 24 noyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul, eləcə də uşaqların xəstəlik və digər xərcləri üçün əlavə olaraq hər uşağa görə hər ay 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 13 avqust 2006-cı il təvəllüdlü X2 və 23 iyul 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul, eləcə də uşaqların xəstəlik və digər xərcləri üçün əlavə olaraq hər uşağa görə hər ay 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə 13 avqust 2006-cı il təvəllüdlü Fərhadın və 23 iyul 2007-ci il təvəllüdlü Ağcanın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan əlavə, keçmiş əri Cavabdeh hazırda Şəki şəhərində cəzaçəkmə müəssisəsində cəza çəkir. Aldığı aylıq 200 manat aliment məbləği uşaqların maddi tələbatını qarşılamır. Uşaqları böyüdüyündən onların müstəqil təhsil alması, eləcə də sonuncuların layiqli həyat səviyyəsini təmin etmək üçün bu məbləğ çox azdır. Eyni zamanda, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, o, uşaqları böyüyüb maddi xərcləri də yüksəldiyindən onların maddi təminatını qarşılamaqda çətinlik çəkir. Həmçinin, o, mediasiya qurumuna müraciət etmiş və müvafiq mediasiya xərcini də ödəmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, “Çıraqqala” restoranında qabyuyan işləyərək, gündəlik 10 manat olmaqla, aylıq 300 manat qazanc əldə edir. Bu məbləğ isə ona tək qadın olaraq böyümüş uşaqlarının xərclərini qarşılamaqda kifayət etmir. İddia ərizəsində göstərdiyi əlavə xərclər dedikdə, o, 13 avqust 2006-cı il təvəllüdlü Fərhad Əhmədzadənin və 23 iyul 2007-ci il təvəllüdlü Ağca Əhmədzadənin yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tərəfindən ona 2022-ci ilin dekabr ayından davamlı olaraq hər ay ödənilməli olan, lakin ödənişi dayandırılmış 200 manat vəsaitlərin toplamını nəzərdə tutmuşdur. Bundan əlavə, uşaqlarında hər hansı bir xəstəlik olmamaqla, sonuncular sağlamdırlar. İddia ərizəsində qeyd olunmuş xəstəlik fikri səhv yazılmış ola bilər. Eyni zamanda, Cavabdeh təxminən 3000 manat aliment borcu da vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Fərhadoviç məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən əlahiddə müşayiət taboru vasitəsilə məhkəmə iclasına gətirilməmiş, həmçinin iddia tələbinə hər hansı bir formada münasibət bildirməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 26 noyabr 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı, 055673 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Fərhad oğlu ilə X5 01 oktyabr 2005-ci il tarixdə 363 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə “Əhmədzadə” soyadı verilmişdir. İşdə olan Tərtər rayon VVADQ şöbəsi tərəfindən 29 avqust 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 827517 nömrəli və Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 20 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 031212 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, müvafiq olaraq atası Cavabdeh Fərhad oğlu, anası Əhmədova (Həmzəyeva) Könül Əlabbas qızı olan X6 13 avqust 2006-cı il tarixdə, X7 isə 23 iyul 2007-ci il tarixdə Tərtər şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(059)-92/2019 saylı qətnaməsinin surətindən görünür ki, 13 avqust 2006-cı il təvəllüdlü X2 və 23 iyul 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 12 dekabr 2018-ci il tarixdən başlayaraq, Cavabdeh Fərhadoviçdən İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İşdə olan mötəbər maliyyə sənədindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasına müraciət edərkən, 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 01 oktyabr 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 13 avqust 2006-cı il tarixdə Fərhad və 23 iyul 2007-ci il tarixdə Ağca adlı övladları doğulmuşdur. Tərəflər arasında nikah pozulmasa da, ailə daxilində münasibətlərin kəskinləşməsi səbəbindən onlar faktiki olaraq bir yerdə yaşamırlar. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 13 avqust 2006-cı il təvəllüdlü X2 və 23 iyul 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2023-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, iddiaçının himayəsində olan uşaqların saxlanılması zərurəti, həmçinin cavabdeh hazırda müvəqqəti işləmək imkanına, eləcə də hər hansı bir əlavə gəlirə (qazanca) malik olmasa da, əmək qabiliyyətli olaraq bu imkanı özündə saxlaması, iddiaçının işləyərək, aylıq qazanc əldə etməsi nəzərə alınsa, sosial ədalət nöqteyinəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 13 avqust 2006-cı il təvəllüdlü X2 və 23 iyul 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(059)-92/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh Fərhadoviçdən İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin "uşaqların xəstəlik və digər xərcləri üçün əlavə olaraq hər uşağa görə hər ay 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində təsbit edilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddənin mənasından göründüyü kimi valideynlər ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara münasibətdə əlavə xərclərin ödənilməsinə cəlb oluna bilərlər. Bu hallar ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmayan övladların təkcə ağır xəstəliyi və əlilliyi valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, bununla əlaqədar uşaqların maddi yardıma ehtiyacı olması da tələb olunur. Hazırda tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan ümumi uşaqlarının hər hansı bir ağır xəstəlikdən əziyyət çəkmələri, xəstəlik və ya digər səbəblərdən əlil olmaları, bunlarla əlaqədar maddi yardıma ehtiyaclarının olması məhkəmə iclasında müəyyən edilməmiş, habelə məhkəməyə bunu təsdiq edəcək mötəbər sənəd və ya sübut təqdim edilməmiş, hətta xəstəliklə bağlı sadalanan hallar iddiaçının özü tərəfindən də təkzib edilməklə, bərabər sonuncu “digər xərcləri”n də nədən ibarət olmasını təfərrüatlı, dolğun izah edə və düzgün mahiyyətini açıqlaya bilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə müvafiq olaraq cavabdehdən iddiaçının xeyrinə əlavə xərcin tutulması istisna edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 manat xərcin tutulması həm iddia ərizəsində, həm də məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı ödəməkdən azad edildiyi 96,80 manat dövlət rüsumunun 50%-i, yəni 48,40 manatı Cavabdeh Fərhadoviçdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 13 avqust 2006-cı il təvəllüdlü X2 və 23 iyul 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli, 2(059)- 92/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh Fərhadoviçdən İddiaçı xeyrinə hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 96,80 manat dövlət rüsumunun 50%-i, yəni 48,40 (qırx səkkiz manat 40 qəpik) manatı Cavabdeh Fərhadoviçdən alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-58/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-58/2024
07.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver