Məhkəmə qərarları › İş №2(059)-582/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-582/2023

16.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-582/2023 16.10.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı X1, Cavabdeh iştirakları ilə iddiaçı X1 Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: iddiaçı X3 Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 fevral 2017-ci il təvəllüdlü X5 və 26 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(059)-28/2021 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün tutulan 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin, eləcə də ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 26 may 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, bu nikahdan 10 fevral 2017-ci il tarixdə Əsra, 26 iyul 2019-cu il tarixdə Elxan adlı iki uşaqları doğulmuşdur. Rəsmi nikaha daxil olduqdan sonra bir müddət mehriban yaşasalar da Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan doğulmuş 10 fevral 2017-ci il təvəllüdlü X5 və 26 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 21 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, habelə Cavabdeh bu qətnamədən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Məhkəmənin qərarı ilə aliment təyin olunan zaman cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində xilasedici işləməklə 702 manat əmək haqqı alsa da, bu müddət ərzində sonuncunun əmək haqqısı artmışdır. O, əvvəl uşaqları ilə birlikdə cavabdehin anasına məxsus mənzildə yaşasa da, sonradan cavabdeh Elman Qasımov məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə evdən məcburi şəkildə çıxarılmasına nail olmuşdur. Bundan sonra, bir müddət kirayə mənzildə yaşamış, və aldığı aliment məbləğinin əksər hissəsini mənzilin kirayəsi üçün ödəmişdir. Daha sonra, valideynlərinin köməkliyi ilə biraz pul toplamış və "xxxx" ASC-dən götürdüyü 16000 manat ilə Siyəzən şəhərindən mənzil alaraq ora köçmüşdür. Beləliklə o, hazırda götürdüyü kreditə görə aylıq 347,07 manat ödəniş edir. Bununla da, bankdan götürdüyü kreditə və aldığı borclara görə onun maddi vəziyyətində ciddi dəyişiklik olmaqla, pisləşmişdir. Belə ki, aylıq ödənilən 340 manat alimenti hazırda yaşadığı mənzilin kreditinə sərf edir. Eyni vaxtda cavabdehin əmək haqqısı isə artmışdır. Həmçinin, o, mediasiya qurumunda iştirak edərək, mediasiya xərcini də ödəmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, cavabdeh tərəfindən ödənilən 340 manat aliment ilə birinci sinifdə təhsil alan Əsranın və 4 yaşı olmaqla, bağçaya gedən Elxanın artan tələbatlarını qarşılaya bilmir. Belə ki, o, mənzil almaq məqsədilə bankdan götürdüyü 16000 manat məbləğində kreditə, həmçinin anasının adına götürdüyü digər kreditə görə ümumilikdə aylıq 450 manat ödəniş edir. Bundan əlavə, o, 24000 manat ödəniş etməklə Siyəzən şəhərindən aldığı 1 otaqlı mənzilin dəyərinin bir hissəsini aylıq ödənilən alimentin və valideynlərinin köməyi ilə toplasa da, qalan hissəsini kredit götürməklə tamam etmiş, habelə bu mənzili alması üçün qarşı tərəf hər hansı formada maddi köməklik göstərməmişdir. Bundan başqa, cavabdeh aliment ödənişlərindən əlavə uşaqlarına heç bir maddi yardım etməməklə, yanaşı, sonuncularla görüşmür. Eyni zamanda, o, Siyəzən şəhər Nazim Əsədov adına 4 nömrəli tam orta məktəbdə fizika müəlliməsi işləməklə aylıq 658,64 manat əmək haqqı alır. Həmçinin, cavabdeh birgə yaşadıqları dövrdə işləməklə, aylıq aldığı 700 manat əmək haqqı məbləğindən əlavə də fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq, məvacibindən çox qazanc əldə etmişdir. Belə ki, cavabdeh növbəli iş rejimində işlədiyi üçün evdə olduğu günlər ev ustası kimi işləmişdir. Bundan əlavə, sonuncunun məvacibində hər il 15-20% artım olur. Eyni zamanda, cavabdehə ildə 4 dəfə uşaqları üçün hədiyyə verilməsinə baxmayaraq, sonuncu həmin hədiyyələri uşaqlarına deyil qonşulara verir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində xilasedici vəzifəsində 1 gün işdə 2 gün evdə, yəni növbəli iş rejimində işləməklə, aylıq 704,60 manat məvacib alır. İş yeri Xaçmaz şəhərində olduğu üçün çox vaxt işdən sonra Siyəzən şəhərinə, yəni evinə qayıtmır, habelə iş yoldaşları gildə yaşayır. Eyni zamanda, bəzi vaxtlar iş günü olmamsına baxmayaraq, növbədən kənar işə çağırılır. Bu səbəblərdən də, onun əlavə işlərdə işləmək imkanı yoxdur. İddiaçı ilə birgə nikahı dövründə əlavə işlərdə işləməklə, ailəsini yaxşı dolandırmış, əlavə olaraq aylıq 200-300 manat məbləğində gəlir əldə etmişdir. Lakin, hazırda aldığı əmək haqqı ilə hər ay ödədiyi 340 manat alimentdən əlavə ona 364 manat pul qalır ki, bu da ona kifayətdir. Bununla belə, onun əlavə qazancı stabil olmamış, yəni bəzi aylar əlavə işləri olmamışdır. Bundan başqa, əgər məvacibi artsa hazırda tutulan 340 manat alimentdən əlavə də, artımın 1/3-i miqdarında aliment ödəməyə razıdır. Eyni zamanda, onun hazırda kredit borcları olduğundan hər ay anasının pensiyası ilə 360 manat ödəniş edir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 02 mart 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 871091 nömrəli, 20 avqust 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 300909 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası Cavabdeh, anası Ağayeva (Qasımova) Sürahi Cavanşir qızı olan X8 10 fevral 2017-ci il tarixdə, X6 26 iyul 2019-cu il tarixdə Siyəzən şəhərində doğulmuşlar. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(059)-28/2021 saylı qətnaməsinin surətindən görünür ki, 26 may 2015-ci il tarixdə Siyəzən rayon qeydiyyat şöbəsində bağlanmış və 62 nömrə ilə qeyd edilmiş nikahın pozulması, uşaqların iddiaçının yanında və himayəsində saxlanılması, nikah pozulduqdan sonra 21 sentyabr 2020-ci il tarixdən başlayaraq, 10 fevral 2017-ci il təvəllüdlü X5 və 26 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan ödəniş cədvəlinin surətindən görünür ki, 04 iyul 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən X2 illik 16% olmaqla, 72 ay müddətində hər ay 347,07 manat, sonuncu ay 346,92 manat ödəmək şərtilə 16000 manat məbləğində kredit verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14 iyul 2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən ümumi sahəsi 35,3 kv.m olan 48 saylı evin 44-cü mənzili tam mülkiyyət hüququ ilə X1 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi tərəfindən 18 sentyabr 2023-cü il tarixdə verilmiş 3-18-19/2-542/2023 nömrəli arayışdan görünür ki, Cavabdeh 22 aprel 2014-cü il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsində xilasedici vəzifəsində işləməklə, aylıq 704,60 manat əmək haqqı alır. İşdə olan arayışdan görünür ki, İddiaçı 01 sentyabr 2006-cı il tarixdən Siyəzən şəhər Nazim Əsədov adına 4 nömrəli tam orta məktəbdə fizika müəlliməsi işləməklə, aylıq 658,64 manat əmək haqqı alır. İşdə olan 04 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, X3 mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 26 may 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu nikahdan 10 fevral 2017-ci il tarixdə Əsra, 26 iyul 2019-cu il tarixdə isə Elxan adlı övladları doğulmuşdur. Eyni zamanda, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahdan doğulmuş 10 fevral 2017-ci il təvəllüdlü Əsranın və 26 iyul 2019-cu il təvəllüdlü Elxanın yetkinlik yaşına çatana qədər saxlanılması hər ay, hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilmir. Eyni zamanda, müəyyən edildi ki, iddiaçı ev almaq məqsədilə bankdan 16000 manat həcmində kredit götürmüş və hazırda həmin kredit borcunu ödəməkdədir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 10 fevral 2017-ci il təvəllüdlü X5 və 26 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. Eyni zamanda, cavabdehin məhkəmə iclası zamanı alimentə bildirdiyi etirazına münasibətdə məhkəmə qeyd edir ki, onun istinad etdiyi hallar, yəni banka kredit borcunun olması dəlillərə əsaslanmamaqla, sonuncunun valideyn məsuliyyətindən yayınması üçün irəli sürdüyü arqumentlərdən ibarətdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində xilasedici vəzifəsində işləyərək, aylıq 704,60 manat əmək haqqı almaqla, kifayət qədər gəlirə malikdir. Belə olan halda, Cavabdeh bir ata, valideyn kimi yetkinlik yaşına çatmayan övladlarının saxlanması üçün Sürahi Ağayevaya maddi cəhətdən köməklik göstərməli, onların qayğısına qalmalıdır. İşin faktiki hallarından da göründüyü kimi Azərbaycan Respublikasında 2023-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin növbəli iş rejimi ilə işləməsinin ona əlavə işlərdə işləmək imkanı yaratması, habelə onun əlavə işlərdə işləmək bacarığının olmasını etiraf etməsi, eyni zamanda sonuncunun aylıq aldığı 704,60 manat əmək haqqı məbləği, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların saxlanması zərurəti, habelə iddiaçının özünün də işləməklə, aylıq 658,64 manat qazanca malik olması, həmin məbləğdən 347,07 manatının mənzil almaq üçün götürdüyü kredit borcunun ödənilməsinə sərf edildiyi nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial-ədalət prinsipi əsas götürülməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 10 fevral 2017-ci il təvəllüdlü X5 və 26 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(059)-28/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh iddiaçı X1 xeyrinə hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbinin "alimentin qalıq məbləğə" aid hissəsi sübutlarla təsdiq olunmadığından əsassız sayılmalı və təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il, 8-2/2016 saylı qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı X1 ödəməkdən azad edildiyi 72,80 manat dövlət rüsumunun 91%-i, yəni 66,25 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məsrəfin 91%-i, yəni 45,50 manatı cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 10 fevral 2017-ci il təvəllüdlü X5 və 26 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(059)- 28/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh iddiaçı X1 xeyrinə hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 50 manat məsrəfin 91%-i, yəni 45,50 manatı Cavabdeh iddiaçı X1 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı X1 ödəməkdən azad edildiyi 72,80 manat dövlət rüsumunun 91%-i, yəni 66,25 (altmış altı manat 25 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar