Məhkəmə qərarları › İş №2(059)-583/2021

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-583/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-583/2021 22.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 696 manat əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(059)-583/2021 saylı məhkəmə əmri ilə Cavabdeh 696 manat borc və 20 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmuşdur. Cavabdeh etirazına əsasən Siyəzən Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə həmin məhkəmənin 07 oktyabr 2021-ci il tarixli, 2(059)- 583/2021 saylı məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçilmişdir. Məhkəmə baxış iclası 22 dekabr 2021-ci il tarixə saat 12:00-a təyin edilmişdir. İddiaçı "xxxx" MMC-nin direktoru Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar həlli barədə cavabdehlə razılıq əldə olunduğu üçün iddia ərizəsinin baxılmamış saxlanılması və əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş (səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş) və gəlməmələrinin (nümayəndələrinin iştirakını təmin etməmə) səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və işin baxılmamış saxlanılması məsələsinin müzakirəsini mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar