Məhkəmə qərarları › İş №2(059)-59/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-59/2025

03.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-59/2025 03.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə övladları ilə birgə istifadə hüququnun tanınmaqla, istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “evə övladları ilə birgə istifadə hüququnun tanınmaqla, istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvana övladları ilə birgə istifadə hüququ tanınmaqla, oradan istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, X3 ilə 11 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, birgə nikahdan 28 dekabr 2012-ci il tarixdə Nuray və 30 aprel 2014-cü il tarixdə Hüseyn adlı övladları doğulmuşdur. Bildirir ki, ünvan 1 ünvanda yerləşən, Cavabdeh adına sənədləşdirilmiş torpaq sahəsi və bu torpaq sahəsinin üzərində inşa edilmiş birmərtəbəli, səkili, 3 yaşayış otaqlı, mətbəx və koridordan ibarət fərdi yaşayış evi inşa edilmişdir. O, gəlin köçdüyü 2012-ci ildən etibarən bu evdə yaşayır. Həmçinin, hər iki övladı sözügedən evdə doğulub böyümüşlər. Hazırda isə onun və iki uşağının başqa yaşayış yeri yoxdur. Ona görə də ünvan 1 evdə otaqlarda övladları ilə istifadə hüququnun məhkəmə qaydasında tanınmasını istəyir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, X3 ilə nikahlarını 11 sentyabr 2012-ci il tarixdə rəsmiləşdirsələr də, 30 oktyabr 2011-ci il tarixdə keçirilmiş toy mərasimindən sonra keçmiş əri Həsən Güləliyevlə faktiki ailə münasibətlərinə daxil olmaqla, Siyəzən şəhərində yerləşən Şəhriyar küçəsindəki 30 nömrəli evə gəlin köçmüş, habelə Nuray və Həsən adlı övladları həmin evdə yaşadıqları dövrdə doğulmuşlar. Təxminən 2018-ci ildə keçmiş qayınatası olan Cavabdehlə keçmiş qayınanası Kəmalə Güləliyeva arasındakı nikahın pozulması ilə əlaqədar hazırkı iş üzrə cavabdeh tərəfindən sözügedən evdən çıxarılıb bir müddət kirayədə qalmışlar. Lakin, sonradan keçmiş qayınanasının ünvan 2 ünvana məhkəmə qaydasında istifadə hüquqları tanındığından, sonuncu ilə birgə, o, keçmiş əri Həsən və iki övladı ilə birgə sözügedən evə köçərək yaşamağa başlamış, habelə, cehiz əşyaları hazırda da həmin evdə qalmaqdadır. Belə ki, Siyəzən Rayon Məhkəməsində 04 iyun 2024-cü il tarixdə əri Həsən Güləliyevlə aralarındakı nikahın pozulmasına dair qətnamə qəbul edildiyi gün sonuncunun, onu döyməsi ilə əlaqədar oğlu Hüseynlə birlikdə həmin evi tərk edib, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən mərhum atasına məxsus olmuş evdə, anası Seyran və qardaşı Ramillə birgə qalırlar. Bundan başqa, Cavabdeh hazırda Siyəzən şəhəri, Şəhriyar küçəsindəki 30 nömrəli evdə keçmiş qaynı və sonuncunun ailəsi ilə birgə qalır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, Cavabdeh 24 dekabr 2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbini qəbul etməsinə dair ərizəsində göstərmişdir ki, o, iddia tələbi ilə razı olmaqla, İddiaçı övladları ilə birgə sözügedən evə istifadə hüququnun tanınmasına və istifadə qaydalarının müəyyən olunmasına etiraz etmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin iddia tələbini qəbul etməsinə baxmayaraq, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(059)-14/2024 saylı qətnaməsinin çıxarışından görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində 11 sentyabr 2012-ci il tarixdə 133 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 28 dekabr 2012-ci il təvəllüdlü X4 atası X1, 30 aprel 2014-cü il təvəllüdlü X5 isə anası İddiaçı himayəsində və yanında saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 08 avqust 2024-cü il tarixli, 3-21-3-31/2-2925/2024 nömrəli məktubunun surətindən, eləcə də həmin İdarənin 4 dekabr 2024-cü il tarixli, 3-21-3-31/2- 4612/2024 nömrəli məktubundan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinə dair X2 adına texniki pasport verilsə də, sözügedən, eləcə də, Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 30 a nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşdə olan 16 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh oğlu Həsən Güləliyevlə 30 oktyabr 2011-ci il tarixdə faktiki, 11 sentyabr 2012-ci il tarixdə isə rəsmi nikah münasibətlərinə daxil olaraq evlənmişdir. Belə ki, İddiaçı 30 oktyabr 2011-ci il tarixdə Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinə gəlin köçmüş, habelə cehiz əşyalarını bu evə yerləşdirmişdir. Həmçinin, İddiaçı ilə Cavabdeh oğlu X7 və Hüseyn adlı övladları, iddiaçı sözügedən evdə yaşayarkən doğulmuşlar. Sonradan, təxminən 2018-ci ildə Cavabdehlə iddiaçının keçmiş qayınanası Kəmalə Güləliyeva arasındakı nikah pozulduğu üçün sonuncu, oğlu Həsən Güləliyev, iddiaçı və övladları ilə birgə Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 30 a nömrəli fərdi yaşayış evinə köçüb orada yaşamağa davam etmiş, habelə, iddiaçının cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Cavabdeh isə həmin vaxtdan hal-hazıradək Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evində yaşayır. Bundan sonra, İddiaçı ilə cavabdehin oğlu Həsən Güləliyev arasında münasibətlər kəskinləşdiyindən Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 04 iyun 2024-cü il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuş, həmin tarixdən isə iddiaçı övladı Hüseyn ilə birlikdə Siyəzən rayonunun Yenikənd kəndindəki ata evində qayıdaraq, orada yaşamağa başlamışdır. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 30 nömrəli fərdi yaşayış evinə dair X2 adına texniki pasport verilsə də, həm bu ev, həm də Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 30 a nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinin İ və İİ hissəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bu Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Beləliklə, mötəbər sübutlardan da göründüyü kimi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş və deməli, özbaşına tikilidir. Eyni zamanda, tərəflərdən hər hansı biri mübahisəli tikiliyə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildirlər. Həmin tikiliyə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən tərəflərdən hər hansı birinin mübahisəli evə (özbaşına tikiliyə) istifadə hüququ yarana bilməz. Belə olan halda olmayan hüququn mübahisələndirilməsi istisna olunur. Məhkəmə qeyd edir ki, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 30 a nömrəli fərdi yaşayış evinə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən İddiaçı mübahisəli özbaşına tikiliyə istifadə hüququnun verilməsi mümkün deyildir. Eyni zamanda, məhkəmə qeyd edir ki, hazırkı vaxtda iddiaçıya məxsus cehiz əşyalarının mübahisəli evdə olması iddiaçının həmin evə dair istifadə hüququnun yaranması üçün əsas və ya səbəb ola, habelə belə bir hüququn yaranmasına dəlalət edə bilməz. Çünki, iddiaçının özü ilə gətirdiyi cehiz əşyalar onun köçdüyü ünvanda normal şəraitdə yaşamasını təmin edən alət və vasitədir. Yəni, iddiaçının istinad etdiyi bu halın özü də iddianın təmini üçün mötəbər sübut kimi qəbul edilməməlidir. Bundan başqa, qeyd edilir ki, Cavabdeh iddia tələbini etiraf etməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Bu mənada Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə istinadən məhkəmə qeyd edir ki, Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 30 a nömrəli fərdi yaşayış evinə hüquqları qeydiyyata alınmamış Cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmaqla, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeylərini pozduğuna görə onun bu etirafının qəbul edilməsi, o cümlədən mötəbər sübut kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “evə övladları ilə birgə istifadə hüququnun tanınmaqla, istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “evə övladları ilə birgə istifadə hüququnun tanınmaqla, istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar