Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-595/2023 13.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Bravo 2 filialından GTKR6072229A207 kredit müqaviləsi üzrə götürülməklə, ödəniləcək 13502,52 manat məbləğin ½ hissəsi, yəni 6751,26 manatı, eləcə də ailə münasibətləri faktiki pozulduqdan sonra tərəfindən 31 mart 2023-cü il tarixdə fevral-mart ayları üçün ödənilmiş 929,48 manat olmaqla, cəmi 7680,74 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, 2022-ci ilin aprel ayında Xırdalan şəhərinin Qalibiyyət qəsəbəsindən 12 illik ipoteka ilə təxminən 67000 manat məbləğində ev almışlar. Bundan əlavə, o, həmin evin ilkin ödəniş qiyməti olan 5654,16 manat məbləğində vəsaiti ödəsə də, ipoteka sənədləri keçmiş əri Cavabdeh adına sənədləşdirilmişdir. İlkin ödəniş məbləğini ödəmək üçün "xxxx" ASC-nin Bravo 2 filialından 6100 manat kredit götürmüş, habelə 01 avqust 2022-ci il tarixdə qeyd olunan krediti bağlayıb sözügedən evin alınması üçün 10000 manat, yəni GTKR6072229A207 kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21% olmaqla, 48 ay müddətinə 13502,52 manat kredit götürmüşdür. Cavabdehlə nikahları 06 iyun 2023-cü il tarixdən pozulmuş, həmin kredit öhdəliyi onun üzərində qalmışdır. Bu səbəbdən də kredit üzrə ödəniləcək 13502,52 manat məbləğin ½ hissəsini, yəni 6751,26 manatı cavabdehdən nağd şəkildə ödəməsini tələb etmək hüququ vardır. Həmçinin, nikahlarının 06 iyun 2023cü il tarixdə pozulmasına baxmayaraq, onlar faktiki olaraq 05 yanvar 2023-cü il tarixdən ailə münasibətində olmamaqla, ayrı yaşamışlar. Sonradan "xxxx" ASC-nin Bravo 2 filialından ona ödəmə edilməməsi barədə məlumat verdiklərindən o, 31 mart 2023-cü il tarixdə fevral-mart ayları üçün 929,48 manat ödəniş etmişdir. Beləliklə, cavabdehdən ümumilikdə 7680,74 manat pulu nağd şəkildə tələb etmək hüququ vardır. Eyni zamanda, Qusar 1 saylı Mediasiya Şurasına müraciət etmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 09 iyun 2023-cü il tarixli arayış almaqla, "xxxx" ASC-nin Quba filialı vasitəsilə 50 manat rüsum ödəmişdir. Odur ki, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, 30 mart 2022-ci il tarixdə "xxxx" ASC-nin Bravo 2 filialından kredit kimi götürdüyü 6100 manat vəsaitin 5654,16 manatını yuxarıda qeyd etdiyi mənzilin satın alınması üçün ilkin ödəniş olaraq vermiş, habelə keçmiş əri Cavabdeh verdiyi qalan vəsaitlə evin interneti, qazı çəkilmişdir. 01 avqust 2022-ci il tarixdə "xxxx" ASC-nin Bravo 2 filialından götürdüyü 10000 manat pulla əvvəlki, 6100 manatlıq krediti ödənilmiş, habelə bank tərəfindən ona təxminən 4100 manat pul verilmişdir. Bundan əlavə, cavabdehlə nikahları 01 may 2023-cü il tarixdə məhkəmə qaydasında pozulsa da, onlar 2022-ci ilin sentyabr ayından birgə yaşamamışlar. Buna baxmayaraq, ona olan zəng əsasında ipoteka yolu ilə alınmış evləri əldən çıxmasın deyə, o, 31 mart 2023-cü il tarixdə mart və fevral ayları üçün olan iki aylıq kredit borcuna görə banka 929,48 manat ödəniş etmiş, həmçinin evlərinin onlardan alınmaması üçün cavabdehə birgə yaşamaqla, borcu bir yerdə ödəməyi təklif etmişdir. Daha sonra, Kənan adlı bank əməkdaşı telefon zəngi ilə 2023-cü ilin sentyabr ayında kredit borcundan ödənişlərin edilməsi, əks təqdirdə evin satışa çıxarılacağı barədə xəbərdarlıq etsə də, o, ödəniş etməmişdir. Bundan başqa, cavabdeh tərəfindən ona 900 manat ödəniş edilsə belə, bu onun kredit borcu olaraq ödədiyi 929,48 manata münasibətdə deyil, anasının cehiz kimi verdiyi, lakin cavabdehin satdığı soyuducunun dəyərinin ödənilməsi ilə bağlı olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, əvvəlcə, İddiaçı ilə sonuncunun bankdan götürdüyü krediti iki ay o və iki ay özü olmaqla, daha sonra qalan borcu ödəyəcəyi barədə razılaşmış, habelə ona qardaşı Ceyhunun evinin qarşısında, sonuncunun arvadının gözü önündə 900 manat pul verərək, iki aylıq kredit borcunu ödədiyini qeyd etmişdir. Bundan əlavə, iddiaçının qardaşı Rusiya Federasiyasına gedərkən sonuncuya 4500 manat pul vermiş, lakin buna dair hər hansı bir sübuta malik olmamışdır. Bundan başqa, sual olunur ki, əgər artıq onlar 2022-ci ilin sentyabr ayından faktiki ayrı yaşayırdılarsa, 01 may 2023-cü ildə nikahları pozulana kimi iddiaçı hansı səbəbdən onun əvəzindən evə görə pul ödəməli olmuşdur. Bununla belə, yuxarıda qeyd olunan evə görə iddiaçı tərəfindən ilkin ödəniş kimi verilmiş 5654,16 manatın, eləcə də ödədiyi 900 manat da nəzərə alınmaqla, 29,48 manatın ondan iddiaçının xeyrinə tutulması, o cümlədən iddianın qismən, yəni cəmi 5683,64 manat həcmində təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 30 mart 2022-ci il tarixli, GTKR4988309A207 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 35 ay müddətinə, illik 17 % olmaqla, hər ay 222,26 manat, sonuncu ay 226,18 manat ödəməsi şərtilə 6100 manat məbləğində kredit verilmişdir. İşdə olan 01 avqust 2022-ci il tarixli, GTKR6072229A207 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə, illik 21 % olmaqla, hər ay 309,66 manat, sonuncu ay 316,58 manat ödəməsi şərtilə 10000 manat məbləğində kredit verilmiş, həmçinin bu müqavilə üzrə ilk ödəniş 01 sentyabr 2022ci il tarixdə nəzərdə tutulmuşdur. İşdə olan 01 avqust 2022-ci və 31 mart 2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı müvafiq olaraq həmin tarixlərdə "xxxx" ASC-nin Bravo 2 filialının hesabına 5654,16 manat vəsait mədaxil etmiş, İpoteka və Kredit Zəmanət Fonduna isə 929,48 manat pul ödəmişdir. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(059)-68/2023 saylı qanuni qüvvəsini almış qətnaməsindən, eləcə də, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 12 iyun 2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 421818 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında 19 iyun 2014-cü il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1128 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06 iyun 2023cü il tarixdə 34 nömrəli qeyd edilmişdir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödəməklə, yanaşı dövlət rüsumuna görə 97 manat vəsait də sərf etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı Abşeron rayonun Xırdalan şəhərində yerləşən Qalibiyyət qəsəbəsindən ipoteka ilə əvəzli olaraq alınmış evə görə 5654,16 manat ilkin ödəniş etməsini, həmçinin Cavabdehla faktiki ayrı yaşadıqları dövrdə, yəni 31 mart 2023-cü il tarixdə İpoteka və Kredit Zəmanət Fonduna 929,48 manat pul ödəməsini sübut edə bilmiş, qeyd olunan hallar sonuncu tərəfindən mübahisələndirilməmiş, bununla da işin mübahisəsiz hallarına çevrilmişdir. Digər tərəfdən, 929,48 manat vəsaitdən 900 manatının cavabdeh tərəfindən iddiaçıya qaytarılması, 29,48 manatın isə ödənilməmiş qalması da məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bu mənada, İddiaçı qaytarılmış 900 manatın onun cehiz olaraq gətirdiyi və Cavabdeh satdığı soyuducunun dəyəri olduğunu bildirsə də, o, bunu təsdiq edəcək mötəbər sənəd və ya sübuta malik olmamış, habelə belə bir mötəbər sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Bu Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sözügedən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Bu Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Yenə bu Məcəllənin 37-ci maddəsinin İ və İİİ hissələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə məhkəmə iclasında müəyyən edildi ki, tərəflər nikahlarını 19 iyun 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənsələr də, sonradan ailə daxilində münasibətlər kəskinləşdiyindən nikahları 2022-ci ilin sentyabr ayından əvvəlcə faktiki, 01 may 2023-cü il tarixdə isə məhkəmə qaydasında pozulmuşdur. Buna qədər, tərəflər birgə nikahda olduqları dövrdə, yəni 30 mart 2022-ci il tarixdə İddiaçı "xxxx" ASC ilə bağladığı müqavilə əsasında 6100 manat məbləğində kredit götürmüş, habelə həmin ilin aprel ayında Xırdalan şəhərinin Qalibiyyət qəsəbəsindən ipoteka ilə aldıqları evə görə ilkin ödəniş olaraq 5654,16 manat məbləğində vəsait ödəmiş, bundan sonra 01 avqust 2022-ci il tarixdə "xxxx" ASC-dən kredit kimi götürdüyü 10000 manat pulla əvvəlki, 6100 manatlıq krediti ödənilmiş, həmçinin Cavabdehla faktiki ayrı yaşadıqları dövrdə, yəni 31 mart 2023cü il tarixdə İpoteka və Kredit Zəmanət Fonduna 929,48 manat pul da ödəməsinə baxmayaraq, yuxarıda qeyd olunduğu kimi sonuncu məbləğin 900 manatı cavabdeh tərəfindən iddiaçıya qaytarılmaqla, 29,48 manat hissəsi ödənilməmiş qalmışdır. Götürülmüş ilkin kredit məbləğinin 5654,16 manat hissəsi tərəflər arasında mübahisə olmadığı dövrdə ailənin birgə ehtiyacları üçün sərf edilmiş, habelə bununla bağlı həmin dövrdə iddiaçı tərəfindən kredit götürülərkən cavabdeh tərəfdən etiraz daxil olmamışdır. Göründüyü kimi kredit məbləği ailənin birgə ehtiyaclarına sərf edildiyindən bu ər-arvadın ümumi borcuna çevrilmişdir. Eyni zamanda, ilkin kredit məbləği iddiaçı tərəfindən tam şəkildə ödənilməklə, "xxxx" ASC qarşısında olan öhdəlik icra edilmiş, məhz bu 01 avqust 2022-ci il tarixdə ASC-dən götürülmüş digər kreditin hesabına baş vermişdir. Bu səbəbdən də iddiaçı borcun ümumi olduğunu əsas gətirməklə, cavabdehdən borca münasibətdə sonuncunun payına düşən hissəsinin ödənilməsini xahiş etməklə, məhkəməyə müraciət etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının mülki və ailə qanunvericiliyinə əsasən tərəflərin ümumi borcda, yəni ilkin ödəniş kimi icra edilmiş 5654,16 manatda paylarının bərabər olmasına baxmayaraq, Cavabdeh bu məbləğin ondan tam şəkildə İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. Eyni zamanda, 01 avqust 2022-ci il tarixli kredit müqaviləsinə əsasən kredit kimi götürülmüş vəsaitin bir qisminin tərəflərin birgə nikah dövründə sərf edildiyi mənbə məlum olsa da, əldə edilmiş qalıq məbləğin miqdarı, həmçinin bu məbləğin ailənin birgə ehtiyaclarına sərf edilməsi barədə iddiaçı tərəfindən hər hansı bir mötəbər sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, tərəflər 2022-ci ilin sentyabr ayından faktiki olaraq ayrıldıqlarından, onların bir yerdə yaşamaları, eləcə də, birgə təsərrüfat idarə etmələri həmin tarixdən etibarən istisna edilir. Nəticədə, həmin vaxtdan tərəflərin əldə etdikləri, o cümlədən qazandıqları vəsait, həmçinin əmlak hər bir fərdin özünə aid edilir. Bu halda isə tərəflərin 01 avqust 2022-ci il tarixli kredit müqaviləsinə (bu müqavilə üzrə ilk ödəniş 01 sentyabr 2022-ci il tarixdə nəzərdə tutulmuşdur) görə kredit ödənişlərini birgə əldə etdikləri vəsait hesabına həyata keçirmələrindən də söhbət gedə bilməz. Belə olan halda, iddiaçının xeyrinə cavabdehin qəbul etdiyi həcmdə vəsaitin tutulması daha məqbuldur. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 431-ci maddəsinin İ və İİ hissəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Bu mənada, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh əvəzinə İpoteka və Kredit Zəmanət Fonduna ödənilmiş 29,48 manat pul da sonuncu tərəfindən iddiaçıya qaytarılmadığından, onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bununla da, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 5683,64 manat məbləğində pul tutularaq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mediasiya xidmətinin göstərilməsi üzrə ödənilmiş 50 manat və iddia tələbi üzrə ödənilmiş 97 manat olmaqla, cəmi 147 manat məhkəmə xərcinin tutulması iddia ərizəsində və məhkəmə iclasında iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5683,64 (beş min altı yüz səksən üç manat 64 qəpik) manat məbləğində pul tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya xidmətinin göstərilməsi və iddia tələbi üzrə ödənilmiş cəmi 147 (bir yüz qırx yeddi) manat məhkəmə xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-595/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-595/2023
13.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver