Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-597/2023 06.11.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "əsassız varlanma nəticəsində əldə edilmiş ot bağlamalarının və ya onların dəyərinin qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "əsassız varlanma nəticəsində əldə edilmiş ot bağlamalarının və ya onların dəyərinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilən 70 ədəd yabanı vələmir ot bağlamasının naturada və ya onların 350 manat dəyərinin, habelə ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayonunun Xışkədar kəndi ərazisində bir-birindən 15 metr aralıda ölçüsünə və bitki örtüyünə görə 2 müxtəlif örüş sahəsindən uzun müddət olar, istifadə etməklə, sahibliyində olan 0,70 ha örüş sahəsində qara (selab) otu, 0,60 ha ölçüdə otlaq sahəsində isə yabanı vələmir otu bitir və mövsümündən asılı olaraq bu sahələrdən müvafiq olaraq 90 və 80 ədəd ot bağlaması-presi əldə etmək olur. Bu mövsümdə də (2023-cü il) Cavabdehla danışaraq 0,70 ha örüş sahəsində bitən qara otun və 0,60 ha sahədə bitən yabanı vələmir otunun bağlanması və daşınması üçün ona 120 manat pul vermiş, həmçinin razılaşmaya əsasən sonuncu hər iki sahədə biçilən otu bağlamalı və onun həyətinə özünə məxsus "Kamaz” markalı avtomobillə daşımalı olmuşdur. Cavabdeh 05 iyun 2023-cü il tarixdə 0,70 ha örüş sahəsindən biçilib bağlanılan 77 ədəd qara (selab) ot bağlamasını (presi) həyətinə gətirsə də, ikinci, yəni 0,60 ha sahədən bağlanan 70 ədəd yabanı vələmir bağlamalarını gətirməmiş, səbəbini isə hər iki sahədən yalnız 77 ədəd ot bağlamaları yığılması ilə izah etmişdir. Sahələrdə bitən ot bitkiləri müxtəlif növlərə aid olduğundan (qara ot və yabanı vələmir otu), yəni otlar görünüşcə bir-birindən kəskin fərqləndiyindən o, cavabdehə gətirdiyi ot bağlamalarının bir sahəyə, başqa sözlə qara ot bitən 0,70 ha sahəyə aid olduğunu bildirmiş, habelə 0,60 ha sahədə bitən yabanı vələmir otuna aid ot bağlamalarını (presi) isə gətirmədiyini qeyd etmişdir. Cavabdeh onun bu əsaslanmağına cavab tapmayaraq, guya onun qarşı tərəfi şərlədiyini söyləmişdir. Bundan sonra o, həm DİN-in 102 Xidmətinə, həm də Siyəzən rayon Polis Şöbəsinə müraciət etmiş, araşdırma nəticəsində cavabdeh məsuliyyəti üzərinə götürmədiyi üçün rayon Polis Şöbəsi tərəfindən mübahisənin mülki mühakimə qaydasında məhkəmədə həll edilməsi tövsiyə edilmişdir. Hazırda hər iki sahəyə aid ot nümunələri maddi sübut kimi onda saxlanılır. Beləliklə, yuxarıda qeyd edilən tələbin faktiki hallarından göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyə vicdanla əməl etməyərək, ona məxsus 70 ədəd ot bağlamasını mənimsəməklə, əsassız varlanmışdır. Başqa sözlə, iddia tələbinin əsaslı olması “cavabdeh tərəfindən iki müxtəlif növ ot bitkisi biçilib preslənməsinə baxmayaraq, sahələrdən pres daşınması bir reys olmaqla, bir növ, yəni 77 ədəd qara ot presinin daşımasını həyata keçirilməsi” ilə təsdiq edilir. Həmçinin, tələbi cavabdeh tərəfindən sahədə elə bu sayda presin olmasını iddia etməsi də sübut edir. Cavabdehin bu arqumenti əsassızdır, ona görə ki, əgər cavabdeh bir reysdə gətirdiyi ot bağlamaları müxtəlif ot növlərinə aid olsaydı, ehtimal etmək olardı ki, sonuncu hər iki sahədə biçilib bağlanan ot preslərini həyətə daşımışdır. Lakin, məlum olduğu kimi cavabdeh gətirdiyi 77 ədəd ot presi yalnız bir sahəyə, yəni qara ot bitən örüş sahəsinə aiddir. Bu gün bazarda 1 ədəd yabanı vələmir ot presinin qiymətinin 5 manat olduğu nəzərə alınsa, onda cavabdehin ona 70 ədəd x 5 manat=350 manat məbləğində maddi ziyan vuraraq əsassız varlanması müəyyən edilir. Odur ki, göstərilən halları nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, 03 iyun 2023-cü il tarixdə ona məxsus torpaq sahəsindən biçilmiş otu bir gün sonra, yəni 04 iyun 2023-cü il tarixdə Cavabdeh əmisi oğlu Teyfur Hüseynov pressləmişdir. Ot bağlamalarını Zaurun maşınına yükləmək üçün fəhlə kimi həmkəndlisi Anar Səfərov və bacısı oğlu Məftun Şıxəliyev getmiş, bağlamaları onun həyətinə boşaldarkən Anar kömək etsə də, Məftun gəlməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, eləcə də şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, tərəflərlə qohumluq münasibətlərində olmasa da, iddiaçı həmkəndlisidir. 05 iyun 2023-cü il tarixdə, günorta təxminən saat 15:00 radələrində cavabdehin “Kamaz” markalı maşını ilə Siyəzən rayonunun Xışkədar kəndi ərazisindən sonuncuya və iddiaçıya məxsus ot bağlamalarını gətirməyə getmişlər. Cavabdehə məxsus sahədəki 77 bağlama ot qara rəngli selab otundan, Zaura məxsus bağlamaların sayı isə 90 ədəddən çox olmaqla, vələmirdən ibarət olmuşdur. İddiaçı sahəsi dərədə yerləşməklə, orada ümumiyyətlə vələmir otu bitmir. Eyni zamanda, İddiaçılə Cavabdeh torpaq sahələri arasında təxminən bir kilometr məsafə vardır. Beləliklə, onlar əvvəlcə Tahirin, sonra Zaurun bağlamalarını maşına yükləmiş, o, bağlamaları aşağıdan Məftuna vermiş, sonuncu isə maşına yükləmişdir. İşin müqabilində Cavabdeh ona Tahirin otunu yüklədiyinə görə 20 manat pul vermiş, həmçinin Tahirin otunu boşaldan zaman sonuncu ilə Zaur arasında mübahisə baş verməsinin şahidi olmamışdır. Hətta, orada çay içib təxminən 17-18:00 radələrində başqa işin arxasınca yollanmışlar. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, İddiaçı dayısı, Cavabdeh isə xalası oğlu olmaqla, sonuncu ilə münasibətləri normal olsa da, dayısı Tahiri xətrinə dəydiyi üçün təxminən 5-6 il olar onu danışdırmır. 05 iyun 2023-cü il tarixdə Cavabdeh sonuncuya və dayısı Tahirə məxsus ot bağlamalarının olmasını bildirib, onları gətirib həyətlərinə boşaltmalarını xahiş etmiş, bu məqsədlə Zaura məxsus 80 ədəddən çox vələmirdən, Tahirin isə Xışkədar kəndi ərazisində yerləşən torpaq sahəsindən 70 ədədən çox qara rəngli selab otundan ibarət ola bağlamalarını maşına yükləmişlər. Beləliklə, Zaurun bağlamalarını Anarla birgə boşaltdıqdan sonra dayısı Tahirlə münasibətləri yaxşı olmadığı üçün sonuncunun otunu boşaltmağa getməmiş, həmin bağlamaları Zaurla Anar birgə boşaltmışlar. Həmin vaxt 1 ədəd vələmir otunun bağlamasının bazar qiyməti təxminən 2 manat 50 qəpik olmuşdur. İşdə olan Siyəzən RPŞ-nin 18 iyun 2023-cü il tarixli, 3-13-106/2-7355/2023 saylı məktubundan, eləcə də eyni tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində işinin başlanması rədd edilmiş, həmçinin İddiaçı, Cavabdeh qarşı mülk tələbi ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan 21 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının cavabdehdən ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməsinin heç bir qanuni əsası yoxdur və ya hər hansı müqavilə şərtlərinə əsaslanmır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu mənada, işin faktiki halları ilə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ona məxsus torpaq sahəsindən biçilərək yığılmış 70 ədəd vələmir ot bağlamasını 05 iyun 2023-cü il tarixdə təhvil verməməsi və mənimsəməsi nəticəsində sonuncunun əsassız varlanmasını, bununla da ona 350 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, o, tələbinin əsası kimi istinad etdiyi bu halları təsdiq edəcək mötəbər sənəd və ya sübut malik olmamış, habelə belə bir sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Yəni, iddiaçı ilk növbədə yabanı halda bitən vələmir otlarının məhz ona aid torpaq sahəsindən biçilərək bağlama halına salınmasını, daha sonra onun hesabına əldə edilmiş bu bağlamaların məhz cavabdeh tərəfindən aparılmaqla, bu və ya digər formada öz ehtiyacları üçün istifadə edilməsi faktını müəyyən etməli və bu istiqamətdə addımlar atmalı olduğu halda, məhkəməyə hər hansı bir mötəbər sənəd və ya sübut təqdim etmədən 70 ədəd yabanı vələmir ot bağlamasının naturada verilməsini və ya onların 350 manat dəyərinin ödənilməsini cavabdehdən tələb etməsi mülki qanunvericiliyin tələblərinə ziddir ki, belə olan halda da cavabdehə münasibətdə iddia tələbinin təmin edilməsi istisna edilir. Hətta, İddiaçı vəsatəti əsasında dəvət edilmiş şahidlər Anar Səfərov və Məftun Şıxəliyev belə ifadələrində Cavabdeh hərəkətləri ilə iddiaçıya hər hansı bir formada zərər vurmamasını, sonuncunun hüquqlarının pozmamasını, vələmir ot bağlamalarının iddiaçıya aid sahədən aparılmamasını bir daha təsdiqləmişlər. Bütün bu sadalanan hallar isə sonda İddiaçı istinad etdiyi halların təkzib olunması ilə nəticələnmişdir. Göründüyü kimi Cavabdeh hərəkətləri ilə İddiaçı zərər vurması işin faktiki halları və tədqiq olunmuş mötəbər sübutlarla inkar edilmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarından görünür ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "əsassız varlanma nəticəsində əldə edilmiş ot bağlamalarının və ya onların dəyərinin qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı "əsassız varlanma nəticəsində əldə edilmiş ot bağlamalarının və ya onların dəyərinin qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-597/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-597/2023
06.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver