Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-6/2021 05.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan iddiaçı Bankın xeyrinə 1557 manat əsas, 873,11 manat faiz, 1817,67 manat cərimə, 21 noyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 236,28 manat borc, cəmi 4484,06 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, 11 dekabr 2013-cü tarixli kredit müqaviləsinə əsasən ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 28% ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmiş, həmçinin kreditin təminatı kimi bankla Cavabdeh2 arasında həmin gün zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin icra müddəti 11 dekabr 2016-cı il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişdir. Bu səbəbdən də, Cavabdeh1 ləğv prosesində olan "İddiaçı" ASC-yə 21 noyabr 2019-cu il tarixə olan əsas borcu 1557 manat, müqavilə müddəti üçün hesablanmış 873,11 manat faiz, 1817,67 manat cərimə, 21 noyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla, 236,28 manat borc, cəmi 4484,06 manat təşkil edir. Lakin, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən imtina edir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin X1 27 dekabr 2017-ci il tarixli, 2-1(103)- 3194/2017 saylı qərarının surətindən görünür ki, "İddiaçı" ASC-nin müflis elan edilməklə, iflas proseduruna başlanılması və onun ləğvedicisi qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. İşdə olan ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən tərtib edilmiş 25 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, 21 noyabr 2019-cu il tarixə Cavabdeh1 Banka 1557 manat əsas, müqavilə müddəti üçün hesablanmış 873,11 manat faiz, 1817,67 manat cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmış 236,28 manat borc olmaqla, cəmi 4484,06 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıqdan görünür ki, yaranmış borcla əlaqədar LPO "İddiaçı" ASC tərəfindən cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 05 dekabr 2019-cu il tarixli qəbzdən müəyyən olunur ki, LPO "İddiaçı" ASC iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçı tərəfə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanların aradan qaldırılmasını, o cümlədən tərəflər arasında bağlanmış 11 dekabr 2013-cü il tarixli kredit və zaminlik müqavilələrinin əslinin, kassa məxaric orderinin surətinin təqdim edilməsini dəfələrlə təklif etmiş, lakin, iddiaçı, məhkəmə tərəfindən edilmiş təklifin yerinə yetirilməsi ilə bağlı hər hansı bir hərəkət etməmiş, bununla bağlı hər hansı bir əməli tədbir görməyə cəhd göstərməmiş, əksinə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC, tərəflər arasında bağlanmış 11 dekabr 2013-cü il tarixli kredit və zaminlik müqavilələrinin əslini, kassa məxaric orderinin surətini məhkəməyə təqdim etməmiş, bununla da, xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı tərəfindən yol verilmiş nöqsanlar aradan qaldırılmamışdır. Çünki, tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən borc müqaviləsinin olması zəruridir. Hazırda isə tərəflər arasında hüquq və vəzifələrin yaranması üçün belə bir müqavilənin mövcudluğunun, habelə bu müqavilənin şərtlərinin, götürülmüş öhdəliklərin xarakterinin müəyyən edilməsi qeyri-mümkündür və istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan əlavə, işin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Siyəzən Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2(059)-79/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 Rayon Məhkəməsinə 26 yanvar 2021-ci il tarixli vəsatətlə müraciət edərək, məhkəməmühasibatlıq ekspertizasını aparmaq üçün İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 dekabr 2013-cü il tarixli, 64163184 nömrəli kredit müqaviləsinin əslinin və ya kserosurətinin, həmçinin bu müqaviləyə əsasən cari hesabdan çıxarışın (əsas, faiz və cərimə silinmələri göstərilməklə müqavilə bağlandığı tarixdən 26 yanvar 2021-ci il tarixədək olan ödənişlər), maliyyə arayışının (məxariclər, kredit üzrə ödənişlər, silinmələri, təyinatları, tarixləri, illik və ya aylıq faiz dərəcəsi göstərilməklə) və ödəniş qəbzlərinin təqdim edilməsini xahiş etmiş, lakin, iddiaçı cari və ssuda hesabdan çıxarış təqdim etməklə, müştərinin ödəniş qəbzlərinin ekspertizaya təqdim edilməsinin problemli olduğunu əsas gətirib, həmin sənədləri təqdim etməməklə, yanaşı aparılmış ödənişlər barədə qəbzlərin məhkəmə tərəfindən cavabdehdən tələb edilməsini daha məqsədəuyğun hesab edərək, bunu məhkəməyə tövsiyə etmişdir. Halbuki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Nəticə etibarilə, kredit mübahisələri ilə bağlı işlər üzrə təyin edilmiş məhkəməmühasibat ekspertizasının aparılması üçün zəruri olan sənədlər (ödəniş qəbzləri, kassa məxaric orderi, kredit müqaviləsi, maliyyə arayışı, ödəniş cədvəlləri və s.) təmin edilmədiyindən ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Azərbaycan Respublikasının MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-6/2021
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-6/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver