Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-60/2023 05.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13700 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, 22 yanvar 2022-ci il tarixdə cavabdehlə arasında 28800 manat dəyərində alqı-satqı müqaviləsi bağlamış və avans olaraq sonuncuya 14800 manat ödəmişdir. Sonradan, işin tezləşməsi məqsədi ilə hissə-hissə, yəni 200, 500, 2000, 200 və 1000 manat olmaqla, cəmi 3900 manat, ümumilikdə 18700 manat ödəniş etmişdir. Müqavilənin şərtlərinə görə mebellər 05 mart 2022-ci il tarixədək hazırlanıb tam təhvil verilməli olsa da, bu günədək yarı-yarımçıq formada dəyəri 5000 manatdan çox olmayan mebel hissələri quraşdırılmışdır. Dəfələrlə, o, Cavabdeh müraciət edərək, mebel hissələrinin quraşdırılmasını tələb etsə də, sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirmək istəmir, habelə onun telefon zənglərinə cavab vermir. Eyni zamanda, cavabdehlə birlikdə bu işə cəlb olunmuş Elmir Hacıyev və Sadiq də müqavilə üzrə nəzərdə tutulan mebelləri təhvil vermək niyyətində olmadıqlarını bildirmiş və hazırda telefon zənglərinə cavab vermirlər. Beləliklə, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etməmiş, müqavilə şərtlərini kobud şəkildə pozmuş müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsindəki 82/8 saylı iki mərtəbəli bağ evinə müqavilə üzrə qeyd edilmiş mebellər quraşdırılmalı olsa da, evin birinci mərtəbəsinin dəhlizinə bir ədəd dolab, iki ədəd güzgü, mətbəxinə isə sözügedən mebellərin bir hissəsi quraşdırılmışdır. Müqavilənin şərtlərinə görə mebellər 05 mart 2022ci il tarixədək təhvil verilməli olsa da, sonuncu dəfə 2022-ci ilin iyul ayında quraşdırma işləri aparılmış, daha sonra cavabdeh telefon zənglərinə cavab verməmişdir. Öncədən nağd formada, yəni möhürlü qaimə faktura ilə 14800 manat, daha sonra isə kiçik məbləğlər olduğu üçün terminal vasitəsilə və elektron formada cavabdeh tərəfindən göndərilmiş kart hesabına müvafiq olaraq 500 və 200 manat məbləğində ödənişlər etmişdir. Cavabdeh mətbəx mebelinin qapılarını Sevindik adlı şəxsdən sifariş etdiyini, habelə pulu ödəmədiyindən həmin şəxsin onu polisə verəcəyini bildirdiyi üçün, Sevindik adlı şəxsin kart hesabına 2000 manat məbləğində pul köçürmüşdür. Daha sonra, o, Cavabdeh razılığı ilə mebellərin quraşdırılması üçün ustaya birbaşa nəğd formada 1200 manat pul vermişdir. Cavbadeh Cavabdeh tərəfindən quraşdırılmış mebelləri təxmini 5000 manat dəyərində qiymətləndirdiyi üçün Cavabdeh bu pulu tələb etməyərək, 13700 manat pulun alınaraq ona qaytarılmasını istəyir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, İddiaçı sonuncu məhkəmə iclasında müdafiə etdiyi iddia ərizəsində göstərilənləri bir daha təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi, o, 14800 manatdan əlavə, 08 fevral, 28 may və 08 iyun 2022-ci il tarixlərdə Cavabdeh bildirdiyi müxtəlif bank kartlarına müvafiq olaraq, 200 manat, 500 manat, 2000 manat olmaqla, ümumilikdə 2700 manat ödəniş də etmişdir. Eyni zamanda, ustalara ödənilən cəmi 1200 manat məbləğin 1100 manatı ilə bağlı hər hansı bir qəbz almasa da, 100 manatla bağlı qəbzi miqdar az olduğu üçün iş materiallarına əlavə etməmişdir. Digər tərəfdən, cavabdeh işlərini görməyə başladığı dövrdə maddi vəziyyətinin yaxşı olmaması, materiala və ustalara ödəmək üçün pulunun olmadığını, işlərin görülüb, təhvil verilməsinə görə əlavə vəsaitə ehtiyacının olduğunu bildirməklə, bununla bağlı ona köməklik göstərməsini xahiş etdiyindən 05 mart 2022-ci il tarixdən sonra müvafiq ödənişləri etmişdir. Həmçinin, o, tərəfindən çəkilmiş 131,50 manat məhkəmə xərcinin də cavabdehdən xeyrinə tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12 mart 2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbəsindəki 82/8 saylı bağ sahəsi həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********36 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan 22 yanvar 2022-ci il tarixli müqavilədən, müştəri anketlərindən, 12 yanvar 2022-ci il tarixli, ******* nömrəli qaimə fakturadan, eləcə də 08 fevral, 28 may və 08 iyun 2022-ci il tarix qəbzlərin surətlərindən görünür ki, İddiaçı məxsus evdə yığılmalı (quraşdırılmalı) olan mebellərin toplam qiyməti müqaviləyə əsasən 28800 manat təşkil etmiş, həmçinin tərəflər böyük yataq otağına (2 ədəd dolab, 1 ədəd taxt və 2 ədəd tumba), qız otağına (2 ədəd dolab, 1 ədəd taxt, 2 ədəd tumba və termo), uşaq otağına (1 ədəd dolab, 1 ədəd taxt və 2 ədəd tumba), 6 ədəd qapıya, mətbəx mebelinə, 10 ədəd naliçnikə, 1 ədəd böyük dəhlizə, 1 ədəd balaca dəhlizə, çərçivəli böyük güzgüyə, 1 ədəd gizli dəhliz üçün qapıya (malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri iş əsnasında müəyyənləşdiriləcək) görə məbləğin bir qismini, yəni 14800 manatı ödəməyə, 50 gün ərzində məhsulun İddiaçı təhvil verilməsi, qalıq məbləğin, yəni 14000 manatın mebellərin sonuncunun evinə təhvil verdiyi zaman Cavabdeh ödənilməsinə razılaşmış, o cümlədən İddiaçı ona məxsus evdə mebellərin yığılması (quraşdırılması) məqsədilə Cavabdeh ümumilikdə 17500 manat məbləğində pul vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 9/1018 nömrəli ekspert rəyindən görünür ki, ekspert baxışına təqdim olunmuş mebellərin və güzgülərin istifadəyə yararlı vəziyyətə gətirilərək, təmir-bərpa xərci ilə birlikdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6000 manat müəyyən olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 131,10 manat dövlət rüsumu ödəmiş, həmçinin buna görə bank əməliyyatlarının aparılması məqsədilə 0,40 manat vəsait xərcləmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd olunan Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sözügedən Məcəllənin 762-ci maddəsinin İ və İİ hissəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Yenə bu Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 22 yanvar 2022-ci il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 82/8 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərindəki 2 mərtəbədən ibarət fərdi yaşayış evində mebellərin yığılması (quraşdırılması) məqsədilə podrat müqaviləsi bağlanmış, o cümlədən podratçı, Cavabdeh müqavilə ilə nəzərdə tutulan işi icra etməyi sifarişçi, İddiaçı isə razılaşdırılmış məbləği, yəni ümumilikdə 28800 manatı ödəməyi öz öhdəsinə götürmüşdür. Bu məqsədlə, İddiaçı aralarındakı razılaşmaya əsasən Cavabdeh 12 yanvar, 08 fevral, 28 may və 08 iyun 2022-ci il tarixlərdə müvafiq olaraq, 14800 manat, 200 manat, 500 manat, 2000 manat olmaqla, ümumilikdə 17500 manat ödəniş də etmişdir. Müqavilənin şərtlərinə görə mebellər 05 mart 2022-ci il tarixədək hazırlanıb tam təhvil verilməli olsa da, cavabdeh tərəfindən iddiaçıya məxsus evdə 5000 manat dəyərində mebel hissələri quraşdırılmış, həmçinin iddiaçının özü məhkəmə iclasında görülmüş işlərin dəyərini həmin məbləğdə qiymətləndirdiyini etiraf etmişdir. Beləliklə, İddiaçı sifarişçi kimi podratçı, Cavabdeh qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, sonuncu podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, habelə onun tərəfindən görülmüş işlər, o cümlədən sifarişin nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun deyil, qüsurlarla natamam icra edilmişdir. Məhz bu səbəbdən də iddiaçı cavabdehi xəbərdar etməklə ondan əlavə icra tələb etmiş, lakin, bu zaman da yaranmış qüsur cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Sifariş qüsurlu natamam icra edildiyindən iddiaçının cavabdehdən müqavilə ilə bağlı xərclərin (zərərin) əvəzini tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir ki, nəticədə o, öhdəliyin lazımi səviyyədə icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 452-ci maddəsinin İİ hissəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bu Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Siyəzən Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(059)-60/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspert qarşısında Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 82/8 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərindəki 2 mərtəbədən ibarət fərdi yaşayış evinin 1-ci mərtəbəsinin dəhlizində və mətbəxində quraşdırılmış güzgülərin, mebellərin yerində müəyyən edilməklə, bu güzgülərin və mebellərin istifadəyə yararlı olubolmamasının aydınlaşdırılması, əgər istifadəyə yararlıdırsa, sözügedən güzgülərin və mebellərin orta bazar qiymətinin, o cümlədən onlar quraşdırılarkən görülmüş işlərin (zəhmət haqqı, materiallar) dəyəri nəzərə alınmaqla, müəyyən edilməsi sualı qoyulmuşdur. Lakin, ekspert rəyi qoyulmuş sual əsasında, ona uyğun tərtib edilməmiş, qeyrimüfəssəlliyə yol verilmişdir. Belə ki, ekspert qarşısında qoyulmuş sual “cavabdeh tərəfindən iddiaçıya məxsus evin 1-ci mərtəbəsinin dəhlizində və mətbəxində quraşdırılmış güzgülərin, mebellərin yerində müəyyən edilməklə, bu güzgülərin və mebellərin istifadəyə yararlı olub-olmamasının aydınlaşdırılması, əgər istifadəyə yararlıdırsa, sözügedən güzgülərin və mebellərin orta bazar qiymətinin, o cümlədən onlar quraşdırılarkən görülmüş işlərin (zəhmət haqqı, materiallar) dəyəri nəzərə alınmaqla, müəyyən edilməsi” olmaqla, ondan sözügedən sualın cavablandırılması tələb olunsa da, sonuncu qeyd olunan suala tam cavab verməyərək, buna zərurət olmadığı halda, mebellərin təmir-bərpasına çəkiləcək xərcin orta bazar qiyməti ilə ümumi dəyərini hesablamış, bununla da, verilmiş rəyin mötəbərliyini qismən şübhə altına almışdır. Belə ki, bu rəyin tədqiqat hissəsində mətbəx mebelinin yararsız, dəhlizdəki mozaikalı paxlavavarı şəkildə güzgülərin isə qismən yararlı olduğu göstərilmişdir. Hətta, məhkəmə iclasında soruşularkən İddiaçı ekspertin Cavabdeh tərəfindən evində yerləşdirilmiş dolaba münasibət bildirmədiyini belə qeyd etmişdir. Bu səbəbdən də həmin rəy qismən, yəni görülmüş işlərin qüsurlu olması hissəsində əsaslı hesab edilməli, nəticədə cavabdeh tərəfindən iddiaçının evində görülmüş işlər şərtləşdirilmiş keyfiyyətə uyğun gəlmədiyinə, beləliklə istifadə üçün tam yararlı olmamaqla, qüsurlu olduğuna görə ekspertin müəyyən etdiyi 6000 manat məbləğ deyil, iddiaçı tərəfin müəyyən etdiyi 5000 manat məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmiş 17500 manat puldan çıxılmalıdır. Həmçinin, məhkəmə, iddiaçının mebellərin yığılması (quraşdırılması) məqsədilə digər əlavə xərclər üçün, yəni ustalara zəhmət haqqı olaraq 1200 manat vəsait sərf etməsi ilə bağlı istinad etdiyi hala münasibət bildirərək qeyd edir ki, iddiaçı istinad etdiyi bu halı sübut edəcək mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etmədiyindən tələb bu hissədə əsaslı sayılmamaqla, təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla da, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 12500 manat pul və ödənilmiş 131,50 manat məhkəmə xərcinin 91 %-i, yəni 119,67 manatı tutulmalıdır. Həmçinin, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 100 manatın 9%-i, yəni 9 manatı İddiaçı, 91 %-i, yəni 91 manatı Cavabdeh tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 12500 (on iki min beş yüz) manat pul və ödənilmiş 131,50 (bir yüz otuz bir manat 50 qəpik) manat məhkəmə xərcinin 91 %-i, yəni 119,67 (bir yüz on doqquz manat 67 qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 9%-i, yəni 9 (doqquz) manatı İddiaçı, 91 %-i, yəni 91 (doxsan bir) manatı Cavabdeh tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-60/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-60/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver