Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-62/2023 13.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11850 manat pulun və 125,55 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Həmyə bələdiyyəsinin sədri vəzifəsində işləyən onun anasının əmisi nəvəsi Cavabdeh “ölmüşəm yerdən götür, 10 000 manat pul tap ver mənə” deyə bildirərək ondan borc istəmişdir. Beləliklə, o, cavabdehin Siyəzən rayon Həmyə kənd bələdiyyəsinin sədri, eləcə də anası ilə qohumluq münasibətlərinin olmasını nəzərə alıb, sonuncuya etibar edərək, qızıllarını 10000 manatın əvəzinə lombarda girov qoymuşdur. Bundan sonra, o, həmin məbləği 29 avqust 2019-cu il tarixdə, 2 ay müddətinə 2000 manat əlavə olaraq, cəmi 12000 manat qaytarmaq şərti ilə Cavabdeh vermişdir. Sözügedən borc münasibəti cavabdeh tərəfindən ona verilmiş qəbzdə öz təsdiqini tapmışdır. Lakin, Cavabdeh vədinə əməl etmədiyi üçün mərhum anası Qəsibə Ağamaliyeva lombarda 10000 manat ödəyərək, ona məxsus qızılları girovdan azad etmişdir. Bundan sonra, cavabdeh 10 noyabr 2022-ci il tarixdə 12000 manat borcundan cəmi 150 manat pulu qaytarmış, habelə bunu qeyd edərək öz imzası ilə təsdiqləmişdir. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəliklərini könüllü qaydada yerinə yetirmədiyi üçün 11850 manat pul, eləcə də, ödədiyi 125,55 manat dövlət rüsumunun əvəzi sonuncudan alınaraq ona qaytarmalıdır. Odur ki, iddia iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh xahişi, eləcə də mərhum anasının təkidi ilə qızıllarını lombarda qoyaraq 10000 manat məbləğində pul götürmüşdür. Belə ki, Cavabdeh ondan 10000 manat məbləğində pulu cavabdehə verməklə köməklik göstərməsini xahiş edərək, ona 12000 manat qaytaracağını bildirmişdir. Bu səbəblə də, o, lombarddan götürdüyü 10000 manat məbləğində pulu Siyəzən şəhərinin H. Əliyev küçəsindəki 7 nömrəli binanın 23-cü mənzilində, yəni ana evində mərhum anası Qəsibənin yanında Cavabdeh vermişdir. Hazırda, cavabdeh borcundan cəmi 150 manat ödədiyi üçün 11850 manat borcu qalmış, habelə bu halı məhkəmə təqdim etdiyi 21 noyabr 2022-ci il tarixli ərizəsində də qeyd edərək bir daha təsdiqləmişdir. Bu ərizə yazılarkən onun cavabdehə bir xanım kimi hər hansı bir formada hədə qorxu gəlmək, eləcə də təsir göstərmək imkanı olmamış, cavabdeh sərbəst iradəsini ifadə etmişdir. Odur ki, iddia iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, 29 avqust 2019-cu il tarixdə o, İddiaçı 10000 manat məbləğində deyil, 2000 manat borc pul alsa da, sonuncu ondan iddia üzrə qeyd olunan məbləğdə pulu tələb etdiyindən, habelə özünün borc pula ciddi ehtiyacı olduğundan sözügedən yazılı sənəddə olanları qeyd etmək məcburiyyətində qalmışdır. Borc pulu götürərkən onların yanında İddiaçı mərhum anası da olmuşdur. O, Siyəzən şəhərində “Saatın yanı” deyilən ərazində İddiaçı ilə görüşmüş, sonuncu səs-küy etdiyi üçün ona avtomobildə 150 manat ödəniş edərək, bu barədə yazılı sənəddə qeyd etmiş, lakin iddiaçının məhkəməyə müraciət edəcəyini düşünməmişdir. Odur ki, iddiaçıya 1850 manat həcmində borcu qaldığından, iddianın qismən, o cümlədən qeyd olunan məbləğ həcmində təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, 29 avqust 2019-cu il tarixdə cavabdeh tərəfindən tərtib edilməklə, imzalanmış yazılı sənədin əslindən və surətindən görünür ki, Cavabdeh İddiaçı 10000 manat məbləğində borc almış və həmin tarixdən 2 ay sonra əlavə 2000 manat olmaqla, cəmi 12000 manat pulu qaytarmağı öhdəsinə götürmüş, 10 noyabr 2022-ci il tarixdə isə bu borcundan 150 manat məbləğində ödəniş etmişdir. Həmçinin, həmin sənəddən müəyyən edilir ki, İddiaçı Cavabdeh verdiyi 10000 manat məbləğində pulu qızıl-zinət əşyalarını girov qoyaraq əldə etmişdir. İşdə olan Cavabdeh tərəfindən 21 noyabr 2022-ci il tarixdə tərtib edilməklə, eyni tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, İddiaçı 11850 manat borcunun olduğunu etiraf etməklə, yanaşı iddia tələbini qəbul etdiyini bildirib, təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etməmişdir. İşdə olan 11 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 126 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehin üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh ümumilikdə 10000 manat pulu borc verməsini, həmçinin cavabdeh də, öz növbəsində həmin puldan 150 manat hissəsini iddiaçıya qaytarmasını sübut edə bilmişdir. Bundan əlavə, tərəflər arasında 29 avqust 2019-cu il tarixli yazılı sənəd tərtib olunarkən Cavabdeh İddiaçı 10000 manatdan əlavə, 2000 manat məbləğində də vəsaiti də qaytarması barədə öhdəlik götürmüş, habelə bu onlar arasındakı razılaşmanın şərti kimi sənəddə qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinin İ, İV və V hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd olunan Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yenə bu Məcəllənin 404-cü maddəsinin İ və İİ hissələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu mənada, məhkəmə qeyd edir ki, məhz cəmi 12000 manat borcun olması, habelə həmin borcdan 150 manat məbləğində ödənişin həyata keçirilməsi tərəflərin həqiqi iradə ifadəsini əks etdirməklə, əqdin hərfi mənası, tərəflərin müqaviləyə qədərki danışıqları, onların qarşılıqlı münasibətləri, eləcə də tərəflərin sonrakı hərəkətləri ilə uzlaşır. Bununla da, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də iş materiallarında olan mövcud sənədlər, o cümlədən digər mötəbər sübutlarla müəyyən olundu ki, tərəflər birbirini tanımış və münasibətləri olmuş, daha sonra ehtiyac olduğuna görə Cavabdeh İddiaçı 29 avqust 2019-cu il tarixdə 2 ay müddətinə qaytarmaq şərtilə 10000 manat məbləğində pul almış, habelə bu müqavilə ilə qeyd olunan müddətdən sonra əsas borcdan əlavə 2000 manat pulun ödənilməsi barədə öhdəlik də götürmüşdür. Beləliklə, Cavabdeh 29 avqust 2019-cu il tarixdə İddiaçı həmin tarixdə aldığı bu vəsaiti təyinatı üzrə öz ehtiyacına sərf etsə də, sonuncuya olan borcunu qaytamamışdır. Bundan əlavə, cavabdeh yalnız 10 noyabr 2022-ci il tarixdə iddiaçının dəfələrlə etdiyi xəbərdarlıqdan sonra, ümumi borcundan 150 manat ödəniş etmiş, qalıq 11850 manat borcunu ödəməkdən yayınmış, bununla da, iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Hazırda cavabdehin iddiaçıya 11850 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bu Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 882-cı maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və o, öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MM-nin 5.3-cü mddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Eyni zamanda, məhkəmə, cavabdehin məhkəmə iclasında iddiaçıdan 2000 manat məbləğində borc pul almasına, həmçinin tərtib edilmiş yazılı sənəddə qeyd edilmiş 10000 manat məbləği almamasına baxmayaraq, pula ehtiyacı olduğundan həmin məbləği məcburiyyət qarşısında qəbul etdiyini etiraf etməsinə dair izahatında göstərdiklərinə münasibətdə qeyd edir ki, o, istinad etdiyi bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmiş, habelə qeyd edilən halları təsdiq edəcək hər hansı bir sənədə, sübuta və ya şahidə malik olmamışdır. Çünki, tərəflər müqavilələr azadlığı prinsipinə (MM 6.1.5-ci maddəsi) əsaslanaraq, bu müqaviləni bağlamaqla, müqavilənin mühüm şərtləri ilə bağlı razılığa gəlmiş, bu zaman hər hansı bir tərəfin hüquqları pozulmamışdır. Yəni, tərəflər qeyd edilən müqaviləni bağlayarkən iradələrini sərbəst olaraq bəyan etmiş, o cümlədən müqavilə onların bu iradələrinin ifadəsi nəticəsində yaranmışdır. Digər tərəfdən cavabdeh onun üçün əlverişsiz olan şərtlərlə bağlanmış müqavilənin etibarlılığını bağlandığı andan hazırkı vaxtadək bu və ya digər formada mübahisələndirməmiş, həmin vaxt onun şərtlərinə bu və ya digər formada etirazını bildirməmişdir. Beləliklə, cavabdehin iddiaçı ilə arasında olan borc münasibətlərinə dair gətirdiyi əsaslar, onun real sübutlarla təsdiq olunmayan söz və mülahizəsindən ibarət olmasına dəlalət edir. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya qalıq 11850 manat məbləğində pulu qaytarmaması nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduğuna görə, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 11850 (on bir min səkkiz yüz əlli) manat məbləğində pul və ödənilmiş 125,55 (bir yüz iyirmi beş manat 55 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 11850 (on bir min səkkiz yüz əlli) manat məbləğində pul və ödənilmiş 125,55 (bir yüz iyirmi beş manat 55 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-62/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-62/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver