Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-622/2024 19.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2400 manat pulun və ödənilmiş 44 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə iddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. Həmin vaxt özünə “World Telecom”dan 3160 manat dəyərində olan “İphone 14” pro markalı mobil telefon almışdır. Lakin, sonradan atasının müalicəsinin zərurəti ilə əlaqədar olaraq mobil telefonu satmaq qərarına gəlmişdir. Ona görə də, “İnstagram” sosial şəbəkəsində telefonu 2400 manata satışa çıxarmışdır. Yerləşdirdiyi elana isə əvvəl Cavabdeh arvadı, daha sonra isə özü almaq istədiyini bildirmişlər. Cavabdeh ilə 04 may 2024-cü il tarixdə “20 Yanvar” metro stansiyasında görüşmüş və razılığa əsasən ona telefonu 2400 manat ödəniş etməsi şərtilə vermişdir. Bununla əlaqədar, cavabdeh ona bank kartını, şəxsiyyət vəsiqəsinin surətini və veteranlıq vəsiqəsinin əslini vermişdir. Cavabdeh bildirmişdir ki, hər ay ona vermiş olduğu kartdan 400 manat pul çıxaracaqdır. Daha sonra isə onlar telefon nömrələrini bir-birinə verərək ayrılmışdırlar. Buna baxmayaraq, o, bank kartından pul çıxarmaq istədikdə, kartın bloklandığını, pul çəkməyin mümkün olmamasını görmüşdür. Bundan sonra isə narahat olaraq, cavabdehə zəng etmiş o isə kartı bloka atmadığını, hər ayın 13-ü və 15-i tarixində karta 400 manat pul köçürüləcək və pulu çıxara biləcək. Lakin kart həmin tarixlərdə bloklanmış və pul çıxarmaq mümkün olmamışdır. Buna görə də, o, cavabdehlə yenidən əlaqə saxlamış o isə, müxtəlif bəhanələr gətirərək pulun ödənilməsindən həm özü həm də, həyat yoldaşı yayınmış və ona pul ödənişi edilməmişdir. Bundan sonra isə o, DİN-nin 102 xidmətinə müraciət etmiş və iş oradan Nəsimi RPİ-nin 19-cu PB-nə verilmişdir. Orada ərizəsi araşdırılmış və toplanmış materiallar üzrə 06 iyun 2024-cü il tarixli məktubu əsasən ona işin qeyd olunan xüsusatları nəzərə alınaraq, mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Həmin materiallara Cavabdeh verdiyi izahata əsasən isə o, 2400 manat borcu olduğunu etiraf etmiş və ay sonunadək isə həmin borcu bankdan kredit çəkərək ödəyəcəyini qeyd etmişdir. Lakin bu günədək cavabdeh sözünə əməl etməmiş bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda iddiaçı İİ Qarabağ Müharibəsi iştirakçısı olmuş, buna görə də, “Cəbrayılın azad olunması”, “Qubadlının azad olunması” və “Vətən müharibəsi ıştirakçısı” medalları ilə təltif edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, cavabdeh 2400 manat dəyəri olan “İphone 14” pro markalı mobil telefon satın almış, lakin sonradan kartı bloklamış və ona heç bir ödəniş etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, iddiaçıdan “İphone 14” pro markalı mobil telefon satın almış və pulu aylara bölərək ödəniş etməyi razılaşmış, lakin sonradan ona alacaq pulu olduğunu, borcunu tam şəkildə qaytaracağını demişdir. Bundan sonra isə iddiaçı ondan borcu tam ödəməsini, əks halda məhkəməyə müraciət edəcəyini demişdir. Bundan başqa o, evlidir və həyat yoldaşı, iki övladı ilə birlikdə kirayə mənzildə yaşayır, həmçinin ikinci qrup əlil olması səbəbindən işləyə bilmir. Aylıq 714 manat pensiya almaqla ailəsini çətinliklə saxlayır. Odur ki, iddianın təmin edilməsi və borcun hissə-hissə qaytarılması barədə qətnamə çıxarılmasına xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 06 iyun 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı dəymiş maddi-mənəvi ziyanla bağlı mülki iddia formasında aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 10 iyul 2024-cu il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 44 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı İddiaçı Cavabdeh mobil telefonu satması təsdiqini tapsa da, alqı-satqı müqaviləsi təqdim edə bilməmiş, bununla belə mobil telefonun qiymətinin 2400 manat razılaşdırılmasını cavabdeh Nəsimi rayon Polis Şöbəsinin 19-cü Polis Bölməsində verdiyi izahatında və məhkəmədə özü etiraf etmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bununla da, məhkəmə iclasında verilən izahatla, həmçinin tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, 2022-ci ilin may ayında Cavabdeh İddiaçı qiyməti 2400 manat olan mobil telefonu tez bir vaxtda ödəmək şərti ilə almış, bundan sonra, öhdəliyini lazımınca yerinə yetirməmiş 2400 manat borc ödənilməmiş qalmışdır. Edilən xəbərdarlıqlara rəğmən Cavabdeh iddiaçı ilə şifahi formada bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək, onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun mobil telefonunu qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuş, müqavilənin, eləcə də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Bu səbəbdən də, iddiaçı ödənilməmiş qalan 2400 manat borcun Cavabdeh tutulması ilə əlaqədar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və o, öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh 2400 manat məbləğində pul və iddia tələbi üzrə ödənilmiş 44 manat dövlət rüsumu cəmi 2444 manat pul tutularaq ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul və iddia tələbi üzrə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu, cəmi 2444( iki min dörd yüz qırx dörd) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(059)-622/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-622/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver